“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı 13 may 2022-ci il tarixli Fərmanının 1-ci bəndinin icrası məqsədilə Səhiyyə Nazirliyində “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilir ki, səhiyyə sisteminin əsas iştirakçılarının qatıldığı iclası giriş sözü ilə səhiyyə naziri Teymur Musayev açıb, səhiyyə sektorunun davamlı inkişafının təmin edilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu bildirib.
Bu baxımdan, imzalanmış Fərmanda səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, rəqəmsal səhiyyənin inkişaf etdirilməsi prioritet istiqamətlər olaraq müəyyən olunub.
Fərmandan irəli gələn tapşırıqların icrası məqsədilə hazırlanmış nəticəyönümlü Fəaliyyət Planı iclas iştirakçılarının diqqətinə təqdim edilib.
Növbəti iclasda Fərmanda nəzərdə tutulan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibdə əsas komponentlərin müzakirə olunmasına qərar verilib.