Səhiyyə Nazirliyində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nümayəndə heyəti ilə görüş olub

Səhiyyə Nazirliyində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirildiyinə görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Türkiyə və Azərbaycanın tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduğunu, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin dövlət başçılarının sayəsində bu gün ən yüksək səviyyəyə çatdığını vurğulayıb.
Görüşdə iki ölkə arasında tibb sahəsində qarşılıqlı əlaqələrin mövcudluğundan məmnunluğunu bildirən Teymur Musayev Səhiyyə Nazirliyinin nümayəndə heyətinin bu ilin may ayında qardaş Türkiyəyə işgüzar səfərini xatırladıb: “İkigünlük səfər çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüşdə olduqca səmərəli müzakirələr apardıq. Qardaş ölkənin aparıcı tibb ocaqlarının fəaliyyəti ilə də tanış olduq. Səhiyyənin bütün sahələrində Türkiyənin təcrübəsini öyrənmək bizim üçün olduqca faydalıdır”.
Rəqəmsallaşdırmanın iqtisadiyyatda labüd bir proses olduğunu diqqətə çatdıran Teymur Musayev deyib ki, səhiyyə də iqtisadiyyatın bir sektoru olaraq gələcəyini yalnız rəqəmsallaşdırma ilə görür: “Bu sahədə qardaş Türkiyənin təcrübəsi əvəzsizdir. Rəqəmsallaşdırmada Türkiyə modeli dünyada liderdir”, - deyə nazir vurğulayıb.
Öz növbəsində Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının nümayəndələri tibbi turizm, səhiyyənin rəqəmsal transformasiyası sahəsində tədqiqatlar üzrə Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq və birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.