Tibb ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin və şəhid həkimlərin məzarlarını ziyarət ediblər

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyun ayının 17-si Azərbaycanda Tibb İşçiləri Günü kimi qeyd olunur.
Tibb işçilərinin peşə bayramı ilə əlaqədar səhiyyə naziri Teymur Musayev başda olmaqla ölkəmizin tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.
Peşə bayramını qeyd edənlər səhiyyəyə daim qayğı ilə yanaşan Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Tibb ictimaiyyətinin nümayəndələri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin də məzarları üzərinə tər çiçəklər düzüblər.
Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkimlərin əziz xatirəsi anılıb, məzarları üzərinə tər güllər düzülüb.