Azərbaycan səhiyyə naziri ilə ÜST Baş direktoru görüşüb

IX Qlobal Bakı Humanitar Forumu çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən məlumat verilir ki, Teymur Musayev ölkəmizə səfərinə və Qlobal Bakı Forumunda iştirak etdiyinə görə ÜST-nin Baş direktoruna təşəkkürünü bildirib, COVID-19 pandemiyasına qarşı mübarizədə bu nüfuzlu səhiyyə təşkilatının Azərbaycanla uğurlu əməkdaşlığını, eyni zamanda, qurumun verdiyi tövsiyələrin vacibliyini vurğulayıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Tedros Gebreyesus ölkəmizin COVID-19-a qarşı mübarizə üzrə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi uğurlu fəaliyyəti yüksək qiymətləndirib. ÜST rəhbəri həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının sıx əməkdaşlıq etdiyini, bu barədə Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.
Sonda tərəflər qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparıblar.