Azərbaycan xarici işlər naziri ÜST-nin Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov IX Qlobal Bakı Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, tərəflər ÜST ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər.
Nazir Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib. Bu günədək ÜST-nin ölkəmizdə həyata keçirdiyi layihələrin, habelə Azərbaycanın pandemiya ilə mübarizədə irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Baş direktor Tedros Gebreyesus Azərbaycanın COVID-19 ilə mübarizədə çoxsaylı ölkələrə göstərdiyi yardımı və qlobal sağlamlığa verdiyi töhfəni minnətdarlıqla qeyd edib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə münaqişədən sonrakı mərhələdə bölgədə aparılan quruculuq işləri və keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz geri dönüşünü təmin etmək üçün atılan addımlar barədə məlumat verib.
ÜST-nin rəhbəri Azərbaycana müvafiq dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Görüşdə həmçinin beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb.