Milli Məclisin növbədənkənar sessiyasının iclasları keçirilib

Milli Məclisin növbədənkənar sessiyasının iclasları keçirilib

Milli Məclisin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə iyun ayında parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Sessiya işini gündəliyə daxil edilmiş məsələlər bitənədək davam etdirəcək.
Növbədənkənar sessiyanın ilk iclasında gündəlik qəbul olunub və gündəlikdəki məsələlər müzakirə edilib.
İkinci oxunuşda olan qanun layihələrinin müzakirəsi zamanı Milli Məclisin sədri bildirib ki, sonda baxılan üç məsələ Prezident İlham Əliyevin bir məktubu ilə parlamentə təqdim olunub və mahiyyətcə bir-birinə yaxındır. Bu qanun layihələrində nəzərdə tutulan dəyişikliklər “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanundan irəli gəlir.
Gündəliyin 14-cü və 15-ci məsələləri – Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin ikinci oxunuşu ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirilib ki, insan orqan və toxumalarının donorluğu və transplantasiyası ilə bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar təklif olunan inzibati və cinayət məsuliyyətini ehtiva edən dəyişikliklər barədə əvvəlki oxunuşda ətraflı məlumat verilib və qanun layihələri ilə bağlı heç bir təklif, irad daxil olmayıb.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə danışaraq bildirib ki, bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Əhliman Əmiraslanov qanun layihəsinin birinci oxunuşunda deputatların qanunun icrası ilə bağlı səsləndirdikləri fikirlərin müqabilində bu sahədə bu günədək görülən işlər barədə məlumat verib.
Əhliman Əmiraslanov qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun tətbiqi ilə əlaqədar Səhiyyə Nazirliyinin nəzdində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılıb, eyni zamanda, beyin ölümü diaqnozunun qoyulması da daxil olmaqla müvafiq sənədlər zərfi hazırlanıb. Həmçinin orqan və toxumaların transplantasiyasını həyata keçirəcək klinikaların və mütəxəssislərin hazırlığı ilə bağlı digər tədbirlər də planlaşdırılır.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin rəhbərlik etdikləri komitələrin dəyişikliklərlə bağlı müsbət rəyləri və deputat Aydın Hüseynovun fikirləri dinlənildikdən sonra təqdim olunan hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasında həmin qanun layihələrinə üçüncü oxunuşda baxılıb.
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov təqdim edib. Komitə sədri Əhliman Əmiraslanov dəyişikliklərlə bağlı Səhiyyə komitəsinin müsbət rəyini diqqətə çatdırıb.
Sonra gündəlikdəki növbəti sənəd - “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verilib, İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Səhiyyə komitələrinin müsbət rəyləri səsləndirilib.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.





Aprel 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova