Baş nazir Əli Əsədov ÜST-nin Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusla görüşüb.
AZƏRTAC bildirir ki, görüşdə IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə ÜST arasında səmərəli əməkdaşlıq məmnunluqla qeyd edilib. Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlardan, pandemiya ilə mübarizədə görülən işlərdən söhbət açılıb. Bildirilib ki, xəstəliyin ilk günlərindən həyata keçirilən ardıcıl tədbirlər sayəsində bu gün ölkədə COVID-19-la bağlı vəziyyət müsbətdir, çox az sayda məhdudiyyət qalıb.
Baş nazir Əli Əsədov ÜST-nin COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib.
Bu sahədə Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr, birbaşa və ya ÜST vasitəsilə 80-dək ölkəyə göstərilən maliyyə və humanitar yardımı qeyd olunub. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyi, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyi vurğulanıb. Həmçinin “vaksin millətçiliyinə” və vaksinlərdən istifadə ilə bağlı qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Tedros Gebreyesus Azərbaycanın ÜST-yə bütün sahələrdə, o cümlədən maliyyə sahəsində etdiyi yardımı yüksək qiymətləndirib, pandemiya başlayandan xəstəliklə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün irəli sürdüyü təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası ilə ÜST arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.