Azərbaycan Respublikası Prezidenti İlham Əliyev səhiyyə sahəsində bir sıra qanun və fərmanlar imzaladı

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq, “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 200-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsində “müdafiə sistemi” sözləri “xidmət” sözü ilə əvəz edilsin.
Maddə 2. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində, 36.2-ci maddəsinin birinci və ikinci cümlələrində “tibbi yardım” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 may 2022-ci il
***
“Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 656; 2008, № 7, maddə 602; 2020, № 7, maddə 830, № 12 (I kitab), maddə 1425; 2021, № 8, maddə 895) 9.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“9.2. Əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial müavinət və (və ya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası almaq hüququ vardır.”.
Maddə 2. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 272; 2019, № 11, maddə 1685; 2020, № 7, maddə 831; 2021, № 6 (I kitab), maddə 548, № 8, maddə 897) 9.3-cü maddəsindən “və əmək pensiyası almaq hüququ olmayan” sözləri çıxarılsın və həmin maddəyə “müavinət” sözündən sonra “və (və ya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2022-ci il
***
“Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 411-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.”.
Maddə 2. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.”.
Maddə 3. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 6.10-cu maddə əlavə edilsin:
“6.10. Bu Qanunla müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşu) ilə bağlı hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.”.
Maddə 4. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin mətni 54.1-ci maddə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda 54.2-ci maddə əlavə edilsin:
“54.2. Bu Qanunla müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) ilə bağlı hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2022-ci il
***
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.20-1-ci bəndi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2022-ci il