Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri baş tutub.
Səfər Azərbaycan nümayəndə heyətinin Ankaradakı Heydər Əliyev parkına gələrək, Ulu öndərin abidəsi önünə Səhiyyə Nazirliyi adından əklilin qoyulması ilə başlayıb. Ümummilli liderin əziz xatirəsi dərin ehtiramla anılıb.
Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını – “Anıtqəbir”i də ziyarət edib.
Azərbaycan Səhiyyə Nazirliyinin adından “Anıtqəbir”ə əklil qoyulub. Türkiyə xalqının böyük oğlunun xatirəsi dərin ehtiramla yad edilib.

Azərbaycan nümayəndə heyəti “Anıtqəbir muzeyi” ilə tanış olub. Nazir Teymur Musayev xatirə kitabına ürək sözlərini yazıb.

Türkiyə Səhiyyə Nazirliyində görüş

Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş olub. İki qardaş ölkəni təmsil edən heyətlər arasında müzakirələr aparılıb. Tədbirdə həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Toplantını giriş sözü ilə açan, Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib: “Möhkəm təməllər üzərində dayanan Azərbaycan – Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir”.
Nazir vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı güclü dostluq və ortaq fəaliyyət istəyi iki ölkənin səhiyyə nazirlikləri arasında əlaqələrin faydalı məcraya yönəlməsinə öz təsirini göstərib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Türkiyə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi ölkələrimiz arasında əlaqələrin yüksəlməsinə töhfə verəcək.
Türkiyəli nazir vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ölkələrimiz arasında sıx əlaqələr mövcüddur. Fahrettin Koca Azərbaycan və Türkiyənin yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə uğur qazanan ölkələr sırasında olduğunu diqqətə çatdırıb: “2020-ci ildən dünyanı bürüyən COVID-19 koronavirusuna qarşı birgə mübarizəmiz uğurla sonlanır. Bu müddətdə tibb işçiləri ən böyük dəstəkçimiz olub”.
Türkiyə səhiyyə naziri Fahrettin Koca azərbaycanlı həmkarını bu ilin oktyabrında İstanbulda keçiriləcək Türk Tibb Dünyası Konqresinə dəvət edib. Konqresin təşkili ilə bağlı artıq işə başladıqlarını vurğulayan nazir Azərbaycanda “Birgə Sağlamlıq Biznes Forumu”nun keçirilməsi təklifi ilə də çıxış edib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən səhiyyə naziri Teymur Musayev dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki dövlət olmadığını vurğulayıb, qeyd edib ki, ölkələrimiz öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər.
Müasir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin yaradıldığını qeyd edən nazir Teymur Musayev, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb. Xatırladıb ki, ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlıq həyata keçirilir. Tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılıb. O qeyd edib ki, hazırda Azərbaycan Tibb Universiteti Türkiyənin 20-yə yaxın nüfuzlu universiteti ilə səmərəli əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələr Türkiyənin təhsil müəssisələrində təcrübə keçirlər və tədris olunan onlayn dərslərdə iştirak edirlər.
Səhiyyə sisteminin rəqəmsallaşdırılmasının Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayan nazir deyib: “Türkiyəli həmkarlarımızla rəqəmsal səhiyyə sahəsində dəfələrlə müzakirələrimiz, görüşlərimiz olub və onların dəstəyini hiss edirik”.
COVID-19 pandemiyası mövzusuna toxunan Azərbaycanın səhiyyə naziri bu dövrdə ölkələrimiz arasında əməkdaşlığın daha da dinamik xarakter aldığını vurğulayıb.
2020-ci il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilən koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşünü xatırladan nazir Teymur Musayev Şura çərçivəsində Səhiyyədə Koordinasiya Komitəsi tərkibində Tibb Elmi Qrupunun yaradıldığını diqqətə çatdırıb.
Çıxışının sonunda səhiyyə naziri qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzi yaradılacaq. Həmçinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayacaq. Azərbaycanlı nazir bu sahələrin inkişafında türkiyəli həmkarlarının dəstəyinə ümidvar olduğunu ifadə edib.
Görüşdən sonra Fahrettin Koca və Teymur Musayev “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi”ni imzalayıblar.
Yol Xəritəsinin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayan qardaş ölkələrin səhiyyə nazirləri imzalanan sənədin Türkiyə və Azərbaycan səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacağını diqqətə çatdırıblar.

Hacettepe Universitetinin fəaliyyəti ilə tanışlıq

Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada bu ölkənin ən nüfuzlu tibb ocaqlarından olan Hacettepe Universitetinin fəaliyyəti ilə tanış olub.
Universitetin rektoru Mehmet Cahit Güran ölkələrimiz arasında səhiyyə sahəsində sıx əlaqələrin mövcudluğunu vurğulayaraq xatırladıb ki, 2018-ci ildə rəhbərlik etdiyi tibb ocağı ilə Azərbaycan Tibb Universiteti arasında protokol imzalanıb. Burada səhiyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Hacettepe Universitetinin mütəxəssisləri ATU-da təşkil olunan təlim, beynəlxalq elmi konfranslar və vebinarlarda mütəmadi olaraq iştirak edirlər.
Çıxışı zamanı səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də geniş əməkdaşlıq mövcuddur: “Eyni zamanda, tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılıb. Ölkəmizin qocaman ali məktəblərindən biri olan Azərbaycan Tibb Universiteti Türkiyənin ən nüfuzlu universitetləri, o cümlədən Hacettepe Universiteti ilə səmərəli əməkdaşlıq edir”.
Tədbirdə ölkələrimiz arasında tibb sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində səmərəli işlər görülməsinin vacibliyi vurğulanıb.

Ankara Universitetində görüş

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Ankara Universitetinin rəhbər heyəti ilə də görüş keçirib, Türkiyənin dərman və tibbi cihaz qurumlarının fəaliyyətlərinə dair təqdimatlarla tanış olub.

Ankara Universitetində keçirilmiş görüşdə nazir Teymur Musayev, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışlarında iki qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu ifadə ediblər, səhiyyə və tibb təhsili üzrə əlaqələrin perspektivlərinə dair fikir və mülahizələrini bölüşüblər.
Azərbaycan nümayəndə heyəti Türkiyə Səhiyyə Nazirliyinin müxtəlif qurumlarının, o cümlədən Ankara şəhər Xəstəxanasının fəaliyyəti ilə də tanış olub. Qardaş ölkənin səhiyyə sistemindəki yeniliklər barədə təqdimatlar verilib.

Azərbaycanlı Həkimlər Dərnəyində tədbir

Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkədə çalışan həkimlərin fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, COVID-19 pandemiyasının ən kəskin zamanlarında və Vətən müharibəsi zamanı Türkiyədə çalışan həkimlərimizin bir qismi könüllü olaraq Azərbaycana qayıdıb, müharibə iştirakçılarına, yaralılara yardım etmək, virusa yoluxanların sağlamlıqlarını bərpa etmək üçün əllərindən gələni əsirgəməyiblər.
Səhiyyə naziri Teymur Musayev xarici ölkələrdə ixtisaslaşan məzunlarımıza Azərbaycan səhiyyə sistemi tərəfindən dəstək olunacağını, o cümlədən Vətəndə xidmət etmək istəyənlərə lazımi şərait yaradılacağını vurğulayıb.
Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Fərid Qasımzadə gənc həkimlərimiz üçün Türkiyədə yaradılan şərait haqqında məlumat verib.
Sonda səhiyyə naziri Teymur Musayev gənc həkimlərin ünvanladıqları sualları cavablandırıb.

Türkiyədə müalicə alan qaziləri ziyarət

Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Vətən müharibəsi zamanı yaralanan və hazırda qardaş ölkədə müalicəsi davam edən qazilərimizi ziyarət edib.
Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan nazir deyib: “Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir”.
Vətən müharibəsindəki 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birinin yazıldığını diqqətə çatdıran Teymur Musayev əlavə edib: “Böyük Qələbə şəhidlərimizin qanı bahasına, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazanılıb. Siz Vətən müharibəsində əsl qəhrəmanlıq göstərərək, düşmənə layiqli və unudulmaz dərs verdiniz. Müharibə başlayandan bu günə qədər qardaş Türkiyə Azərbaycanın yanındadır. Qazilərimizin yenidən sağlamlıqlarına qovuşmaları üçün türkiyəli mütəxəssislərin dəstəyi bizim üçün çox önəmlidir. İnanıram ki, tezliklə sağalıb Vətənə qayıdacaqsınız”.

Görüş zamanı səhiyyə naziri qazilərə Azərbaycana qayıtdıqdan sonra müalicələrini Sanator-Kurort Reabilitasiya Mərkəzində davam etdirə biləcəklərini deyib.
Türkiyəyə səfərinin yekunları barədə açıqlamasında səhiyyə naziri Teymur Musayev səhiyyə sahəsində Türkiyə təcrübəsinin əhəmiyyətini vurğulayıb: “Qardaş Türkiyəyə ikigünlük səfər zamanı olduqca səmərəli müzakirələr apardıq. Səhiyyənin bütün sahələrində Türkiyənin təcrübəsini öyrənmək və bəhrələnmək Azərbaycan üçün olduqca faydalıdır”.
Rəqəmsallaşdırmanın iqtisadiyyatda labüd bir proses olduğunu diqqətə çatdıran nazir Teymur Musayev deyib ki, səhiyyə də iqtisadiyyatın bir sektoru olaraq gələcəyini yalnız rəqəmsallaşdırmanın üzərindən görür. Bu sahədə Türkiyənin təcrübəsi dünyada əvəzsizdir. Türkiyə modeli bu sahədə bütün dünyada liderdir.





Oktyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova