Prezident İlham Əliyev: "Azərbaycanda yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub"

Prezident İlham Əliyev: "Azərbaycanda yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub"
Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov toplantını açaraq tədbir iştirakçılarını salamlayıb. O, İƏT-in XV Zirvə Toplantısına ev sahibliyi etməkdən məmnun olduğunu deyib, təşkilatın üzv ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək Zirvə Toplantısına sədrliyin Türkiyədən Türkmənistana keçdiyini bildirib, “Birlikdə gələcəyə” devizi altındakı bu toplantının ortaq hədəfləri müəyyənləşdirmək, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğunu qeyd edib. Türkiyə Prezidenti İƏT-ə üzv ölkələrin koronavirusla mübarizədə səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb, bu sahədə ölkəsində görülən işlərdən danışıb.
Sonra Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.
Azərbaycanın İƏT-in fəal üzvü olmasından danışan dövlət başçısı qeyd edib ki, üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsinin imzalandığını xatırladan İlham Əliyev Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı çıxışında bir sıra digər məsələlərlə yanaşı, ölkəmizdə yeni növ koronavirusla bağlı vəziyyətə də toxunub: “COVID-19-a gəlincə, Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur.
Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.
Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq.
Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.
Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etmişdir”.
Prezident İlham Əliyev xatırladıb ki, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub. İşğal dövründə erməni vandalizmindən danışan ölkə rəhbəri hazırda həmin ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərindən söz açıb. Artıq reallığa çevrilən Zəngəzur dəhlizindən İƏT-ə üzv ölkələrin istifadə edəcəyinə əminliyini bildirib.
Zirvə Toplantısında Pakistan Prezidenti Arif Alvi, İƏT baş katibi Xosrov Naziri, İran Prezidenti İbrahim Rəisi, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstanın Baş naziri Askar Mamin təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsinin, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar, yeni çağırışlar müstəvisində ortaya çıxan təhlükələrə qarşı birgə mübarizənin zərurətindən danışıblar.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova