Cenevrədə ÜST İcraiyyə Komitəsinin 136-cı sessiyası keçirilir

Cenevrədə ÜST İcraiyyə Komitəsinin 136-cı sessiyası keçirilir

Yanvarın 26-da İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 136-cı sessiyası öz işinə başlayıb.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev toplantıda iştirak edir.
ÜST İcraiyyə Komitəsinin 136-cı sessiyasının gündəliyinə ÜST islahatları, “Sağlamlıq 2020” Avropa regional siyasəti konsepsiyasının təqdimatı, infeksion və qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri, sanitar-epidemioloji nəzarət, Qərbi Afrikada Ebola epidemiyasına qarşı cavab tədbirləri, səhiyyə sahəsində digər prioritet mövzular, həmçinin maliyyə və təşkilati məsələlər daxil edilib.
Sessiyanın ilk günündə ÜST Baş Direktoru Marqaret Çan İcraiyyə Komitəsi qarşısında məruzə ilə çıxış edib.
Baş Direktor qeyd edib ki, dünyanın iqtisadi, sosial və demoqrafik sarsıntılar yaşadığı indiki dövrdə ötən il baş verən Ebola epidemiyası xəstəliklərin təhlükəsinin hələ də qaldığını xatırlatdı: “Belə bir şəraitdə ictimai səhiyyə dünyaya nə təklif edə bilər? Faktlar sübut edir ki, səhiyyə sistemlərinin lazımi qaydada fəaliyyət göstərməsi sosial birliyə, bərabərliyə və stabilliyə xidmət edir, cəmiyyətdə sosial gərginliyi azaldır. Səhiyyə sisteminin böhranı isə humanitar, sosial, maliyyə və təhlükəsizlik böhranına çevrilə bilər”.
Marqaret Çan toplantının gündəliyində duran iqlim dəyişikliyinin insan sağlamlığına təsiri, mikrob əleyhinə preparatların təsir etmədiyi törədicilərin sayının artması, bazar mexanizmlərinin yaratdığı maneələr nəticəsində həkimlərin Ebola kimi ölümcül xəstəlik qarşısında aciz qalması və sair kimi ictimai səhiyyə problemlərinin həllini gözlədiyini söyləyib: “Dünya post-antibiotik erasına doğru irəliləyir, o zaman isə geniş yayılmış bir çox infeksiyalar yenidən ölümcül ola bilər. Effektiv antibiotiklər olmasa, müasir təbabətin orqan transplantasiyası, oynaq protezləşdirilməsi, onkoloji xəstəliklərdə kimya terapiyası, vaxtından qabaq doğulmuşlara yardım kimi bir çox qabaqcıl müdaxilə üsulları çox təhlükəli ola bilər. Bu isə müasir təbabətin sonu deməkdir”.
ÜST Baş Direktoru xüsusi vurğulayıb ki, “Minilliyin İnkişaf Məqsədləri”nin ictimai səhiyyə üçün böyük faydaları oldu. Xüsusən uşaq ölümünün azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib – 1990-cı illə müqayisədə, 2013-cü ildə bir gündə dünyada ölən uşaqların sayı 17 000 nəfər az olub. Bir o qədər sürətlə olmasa da, ana ölümü də azalır.
Marqaret Çan həmçinin məruzəsində İİV/QİÇS infeksiyası, malyariya, vərəm, qeyri-infeksion xəstəliklər, urbanizasiya ilə bağlı ölüm səbəbləri, yeniyetmələrin sağlamlığı, qidalanma problemləri, dərmanların qiyməti və sair məsələlərə də toxunub.
ÜST İcraiyyə Komitəsinin 136-cı sessiyasında kadr məsələlərinə də baxılıb. ÜST Avropa Regional Komitəsinin irəli sürdüyü namizəd olaraq, Jujanna Yakab ikinci beşillik müddətə ÜST Avropa Regional Bürosunun direktoru vəzifəsinə təyin edilib. Afrika ölkələri üzrə Regional Büronun direktoru vəzifəsinə isə Botsvana Respublikasının təmsilçisi olan Matşisido Moeti təyin olunub.
Əsas funksiyaları Ümumdünya Səhiyyə Assambleyasının qərarlarının işlənib hazırlanması və yerinə yetirilməsi, ona konsultativ yardım göstərilməsi olan İcraiyyə Komitəsinin budəfəki sessiyasında may ayına nəzərdə tutulan Assambleyanın gündəliyi də razılaşdırılacaq.
Qeyd edək ki ÜST-nin İcraiyyə Komitəsinə ÜST üzvü olan ölkələrdən hər biri üçillik müddətə seçilən, səhiyyə sahəsində yüksək ixtisaslı 34 ekspert daxildir. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev 2012-2015-ci illər müddətinə İcraiyyə Komitəsinə üzv seçilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova