Səhiyyə nazirinin müavini türkiyəli həmkarı ilə görüşdü

Səhiyyə nazirinin müavini türkiyəli həmkarı ilə görüşdü

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Bakıda səfərdə olan Türkiyə Səhiyyə Nazirliyinin müstəşarı (müavini) professor Eyüp Gümüşlə görüşüb.
Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetində keçirilən VI Uroonkologiya Qış Konqresi çərçivəsində ölkəmizə səfərə gələn professor Eyüp Gümüşlə görüşdə Azərbaycan və Türkiyə səhiyyə nazirliklərinin rəsmiləri iki dövlət arasında səhiyyə və tibb elmi sahəsindəki münasibətlər, kadr hazırlığına dair sazişin detalları, dərman sənayesi və s. mühüm məsələləri müzakirə etdilər, qarşıda duran vəzifələrdən danışdılar.
Elsevər Ağayev Türkiyə ilə Azərbaycan arasında səmimi dostluq münasibətlərinin dərin köklərə malik olduğunu, bu əlaqələrin səhiyyə sahəsində də daim özünü göstərdiyini vurğuladı. Azərbaycanın istər paytaxtında, istərsə də bölgələrində müasir tibb müəssisələrinin tikilməsindən, təmir və təchiz olunmasından, əhalinin sağlamlığının qorunması üçün hər cür şərait yaradılmasından bəhs edən nazir müavini ölkəmizin böyük maraq və həyəcanla Bakı 2015 Avropa Oyunlarına hazırlaşdığını, bu münasibətlə bir sıra önəmli tədbirlərin həyata keçirildiyini dedi. E.Ağayev hər iki ölkə arasında tibb təhsili və digər sağlamlıq məsələləri ilə əlaqədar geniş əməkdaşlıq münasibətlərinin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğuladı.
Görüşün əsas mövzusunu təşkil edən məsələlərdən biri də iki ölkə arasında 20 ildən artıqdır ki, imzalanmış tibb və kadr hazırlığı sahəsində tərəfdaşlıq sazişinin yenilənməsi və genişləndirilməsi oldu. Kadr hazırlığı sahəsində Türkiyə dövlətinin azərbaycanlı tələbələrə göstərdiyi xüsusi diqqət və qayğıya görə minnətdarlıq bildirən E.Ağayev Türkiyədə təhsil alan, eləcə də 1, 3 və ya 6 aylıq təkmilləşmə kursları keçən ali və orta tibb təhsilli mütəxəssislərimizin Vətənə qayıtdıqdan sonra ölkəmizin müxtəlif səhiyyə sektorlarında öz bilik və bacarıqlarını uğurla tətbiq etdiklərini nəzərə çatdırdı. Nazir müavini hazırda həm Türkiyədə, həm də Azərbaycanda hər iki ölkənin həkimlərinin birgə fəaliyyət göstərmələrini sevindirici, qürurverici hal kimi dəyərləndirdi.
Ötən ilin avqust ayında Türkiyədə keçirilən Dövlətlərarası Türkiyə – Azərbaycan İqtisadi Birliyi konqresində iştirakını yada salan Elsevər Ağayev orada imzalanmış protokolu xatırlatdı. Qeyd etdi ki, həmin sənəddə Azərbaycan dövləti hesabına təhsil almış tələbələrimizin ilk olaraq bir neçə il ölkəmizdə fəaliyyət göstərmələrinə dair bənd əksini tapıb və bu, ölkə səhiyyəsi üçün xüsusi əhəmiyyət daşıyır.
Türkiyə Səhiyyə Nazirliyinin müstəşarı professor Eyüp Gümüş də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdən böyük məmnunluq duyduqlarını dilə gətirdi. O, bu gün Türkiyənin ən tanınmış tibb müəssisələrində azərbaycanlı mütəxəssislərin nəinki təhsil aldıqlarını, həm də həkim kimi çalışdıqlarını, hətta elmi istiqamətdə fəaliyyətlərini davam etdirdiklərini vurğuladı. Bütün bunların sevindirici və qürurverici olduğunu bildirdi.
Qonaq eyni zamanda öz ölkələrində həyata keçirməyi planlaşdırdıqları işlərdən də danışdı. O, Türkiyədə tibb təhsili xəstəxanalarını da Universitet xəstəxanası etmək istədiklərini, bu məsələnin artıq Türkiyə Böyük Millət Məclisində müzakirə olunduğunu dedi. Yeni yaradılacaq Tibb Elmləri Universitetinin 59 təhsil araşdırma xəstəxanasını özündə birləşdirəcəyini vurğuladı. Dərman sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər görüldüyünü, xarici ölkələrin Türkiyədə yeni dərman istehsalı fabriki yaradacağını diqqətə çatdırdı.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində başa çatdı.
Ü.FAZİLQIZI





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova