Elektron Səhiyyə Xidməti Mərkəzindən bir ayda 1984 nəfər yararlanıb
“Tibb qəzeti”nin ötən sayında Səhiyyə Nazirliyində elektron xidmətlər göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı kimi, ən müasir standartlara cavab verən Elektron Səhiyyə (ES) Xidməti Mərkəzinin açılması barədə ətraflı məlumat vermişdik.
Bir aylıq fəaliyyəti müddətində ES Xidməti Mərkəzindən nə qədər insan yararlanıb? Burada nə kimi problemlər həll edilib? Bu suallarla Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri Anar İsrafilova müraciət etdik.
Müsahibimiz bildirdi ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Mərkəzə 1984 nəfər vətəndaş müraciət edib. Onun sözlərinə görə, müraciətlər əsasən işə qəbul, təkmilləşmə kurslarına göndərilmə və müalicə işi ilə əlaqədar olub: “Hesab edirəm ki, insanlar bu xidmət haqqında çox məlumat aldıqca, müraciətlər daha da çoxalacaq. Yeni yaranmış ES Xidməti Mərkəzi isə müraciət edən hər bir vətəndaşımıza lazımi səviyyədə xidmət göstərməyə hazırdır.
Qeyd edim ki, Elektron Səhiyyə xidməti ölkə başçısının sərəncamı əsasında, «Elektron Azərbaycan» Dövlət Proqramı çərçivəsində yaradılıb. Məqsəd Səhiyyə Nazirliyinə müraciət edən bütün vətəndaşların qısa müddət ərzində öz suallarına cavab tapması, problemlərinin az müddətdə həll edilməsidir. Bu yolla tam şəffaflıq yaradılır, vətəndaşla məmur arasında heç bir əlaqə olmur. Vətəndaşın istənilən səbəbdən Səhiyyə Nazirliyinə müraciətinə burada baxılır”.
Ü.FƏRZƏLİYEVA