Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyası müxbirinin suallarını cavablandırıb.
O cümlədən, Qoşulmama Hərəkatına üzv dövlətlərin dəvəti ilə Azərbaycanın bu Hərəkata sədrliyinin daha bir il uzadılmasının səbəbləri ilə bağlı suala cavab verərkən Prezident İlham Əliyev deyib: “Mən hesab edirəm ki, bir neçə səbəb var. İlk növbədə, bizim sədrliyimiz dövründə bütün üzv ölkələr gördülər ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bakı Zirvə görüşündə rəsmən Azərbaycan sədrliyi öz üzərinə götürmüşdü. Mən öz çıxışımda demişdim ki, biz üzv ölkələrin maraqlarını müdafiə edəcəyik, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və bunu edirik. Bunun ən gözəl nümunəsi İkinci Qarabağ müharibəsidir. Biz təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etdik. Əlbəttə ki, bu tarixi Qələbə bütün üzv ölkələr tərəfindən bizə olan hörməti daha da artırdı.
Eyni zamanda, biz sədrliyimizə çox böyük məsuliyyətlə yanaşmışıq. Mən sədrliyimizin ilk aylarında demişdim ki, biz buna formal yanaşmırıq. Çünki Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu müddət ərzində müxtəlif sədrlər olubdur. Bəziləri buna laqeyd yanaşıblar. Sadəcə olaraq, necə deyərlər, bir status kimi formal yanaşırdılar. Bizim yanaşmamız isə çox dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanmışdır. Biz üzv ölkələrin maraqlarını beynəlxalq tribunalarda müdafiə edirik, onlar da bizi müdafiə edirlər.
Bizim təşəbbüsümüzlə COVID-lə bağlı Zirvə görüşü keçirildi. Biz 30-dan çox ölkəyə humanitar və maddi yardım göstərdik. Onların böyük hissəsi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Bizim təşəbbüsümüzlə COVID-lə bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirildi, BMT çərçivəsində digər addımlar atıldı. Biz “vaksin millətçiliyi”nə qarşı öz səsimizi ucaltmışıq. Mən bunu rəqəmlərlə dəfələrlə ən yüksək kürsülərdən səsləndirmişəm ki, zəngin ölkələr vaksinlərin 82 faizini özünə götürüb, əl qoyub, amma kasıb ölkələrin cəmi 0,3 faiz vaksinə əli çatır. Bu, nə dərəcədə ədalətlidir? Əlbəttə, ədalətsizlikdir. Müstəmləkəçiliyin, elə bil ki, növbəti təzahürüdür. “Vaksin millətçiliyi”nə qarşı biz fəal mübarizə aparırıq. Mən deyə bilərəm ki, dünyada ön sıralardayıq. Bu məsələ ilə bağlı bizim qədər - yəni ölkə qismində - çıxış edən, sözünü deyən ikinci ölkə yoxdur. Bəli, Ümumdünya Səhiyyə Təşkilatı deyir, BMT deyir, amma bunun təşəbbüskarı, deyə bilərəm ki, biz olmuşuq. Üzv ölkələr də görürlər ki, biz doğrudan da, onları müdafiə etməyə çalışırıq, öz imkanlarımız daxilində kömək göstəririk, beynəlxalq tribunalarda onları müdafiə edirik. Bütün bu amillər və, əlbəttə ki, bizim tarixi Zəfərimiz bizə olan hörməti daha da artırdı. Hesab edirəm ki, üzv ölkələr gördülər ki, biz nəyi deyiriksə, onu da edirik. Gördülər ki, Azərbaycan əgər Qoşulmama Hərəkatına bir il də sədrlik etsə, 2023-cü ilə qədər bu Hərəkatın nüfuzu da artacaq, təsir imkanları da artacaq. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, Qoşulmama Hərəkatının Zirvə görüşündə Avropa İttifaqının yüksəkvəzifəli şəxsi - xarici siyasət üzrə xüsusi nümayəndə iştirak edirdi, vitse-prezident statusunda. Tarixdə olmayıb və Qoşulmama Hərəkatını digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bağlanması bizim gündəliyimizdə duran məsələdir. Bu yaxınlarda mən Azərbaycanda səfərdə olmuş Avropa İttifaqı Şurasının sədri cənab Mişellə bu məsələni müzakirə etdim və hesab edirəm ki, bu əməkdaşlığın perspektivləri var. Bu faktorlar, bu amillər bu rolu oynadı və ilk növbədə, bizə müraciət olundu. Bizim razılığımız alındı və mən bu razılığı verdim. Ondan sonra bu yaxınlarda keçirilmiş aralıq konfransda bu məsələ gündəliyə gətirildi və bütün üzv ölkələr adından Azərbaycana minnətdarlıq bildirildi”.
Prezident İlham Əliyev maraq doğuran bir sıra digər suallara da cavab verib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova