Teymur Musayev Reabilitasiya Mərkəzində şəhid övladları ilə görüşüb

Teymur Musayev Reabilitasiya Mərkəzində şəhid övladları ilə görüşüb

Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Vətən müharibəsi şəhidlərinin Buzovna qəsəbəsində yerləşən Reabilitasiya Mərkəzində sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan şəhid övladları ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Teymur Musayev dövlət başçısının vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb: “Şəhid ailələri və qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu qayğının nəticəsidir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Sanator-Kurort Reabilitasiya Mərkəzi 2020-ci il noyabrın 14-dən torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərən Vətən müharibəsi qazilərinin xidmətinə verilib”.
Teymur Musayev ötən ilin ölkəmiz üçün əlamətdar il olduğunu vurğulayıb: “Qəhrəman atalarınız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq”.
Çıxışının sonunda səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev hər birimizin Vətən uğrunda canlarından, qanlarından, ailələrindən belə keçən və şəhidlik zirvəsinə ucalan igid Azərbaycan övladlarına həyatımızın sonuna qədər borclu olduğumuzu vurğulayıb: “Şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman bizim mənəvi borcumuzdur”.
Mərkəzin baş direktoru Mürsəl Mürsəlov isə bildirib ki, Mərkəzdə 1200-dən çox qaziyə nevroloji, psixoloji və fizioterapevtik müalicələr göstərilib və hazırda müəssisədə 50-dən çox qazi müalicə alır. Bundan əlavə, İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin övladlarının sanator-kurort və bərpa-müalicə xidmətinin keyfiyyətli həyata keçirilməsi məqsədilə mərkəzin binasında müvafiq şərait yaradılıb. Burada onlara anaları ilə birlikdə sanator-kurort, bərpa-müalicə xidməti göstərilir, eyni zamanda, istirahətlərini səmərəli və effektiv keçirməkləri üçün müxtəlif növ əyləncəli tədbirlər və ekskursiyalar təşkil olunur.
Tədbirin sonunda İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin övladlarına hədiyyələr təqdim edilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova