Prezident İlham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılışında iştirak edib
Naftalan şəhərində Naftalan Mərkəzi Sanatoriyası istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısına sanatoriya haqqında məlumat verilib.
1970-1990-cı illər Naftalanın tarixində dönüş mərhələsi olub. Həmin dövrdə ümummilli lider Heydər Əliyev şəhərin inkişafı və böyük şöhrət qazanması üçün misilsiz xidmətlər göstərib. Belə ki, o illərdə şəhərdə müxtəlif sosial və iqtisadi təyinatlı müəssisələr tikilərək istifadəyə verilib. Sonrakı dövrdə isə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəlib. Şəhərin əsasını sanatoriya-kurort infrastrukturu təşkil edir. Son illər yeni, müasir kurort obyektlərinin yaradılması şəhərin turizm potensialını gücləndirib, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşdırıb. Naftalan Mərkəzi Sanatoriyası da belə layihələrdən biridir.
Ölkədə sağlamlıq turizminin əhatə dairəsini daha da genişləndirən sanatoriya müalicə üçün bu məkana üz tutan vətəndaşların məmnunluğunu tam təmin edəcək şəraitə malikdir. Bir çox terapiya sahələrini özündə birləşdirən mərkəz müxtəlif xəstəliklərin müalicəsi üçün sağlamlıq-profilaktik müəssisədir. Burada 50 nəfərə yaxın personal çalışır.
Ümumilikdə, Naftalanda fəaliyyət göstərən kurort-sanatoriya müəssisələrində 1000 nəfərdən çox şəxs işlə təmin olunub. Hazırda fəaliyyət göstərən müəssisələr gün ərzində 3000-ə yaxın turist qəbul etmək imkanına malikdir. Son illərdə Naftalan şəhərində müasir tələblərə cavab verən 10-dan çox istirahət və sağlamlıq mərkəzi istifadəyə verilib. 2021-ci ildə daha 4 sanatoriya kompleksinin açılışı nəzərdə tutulur. Şəhər infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin istifadəyə verilməsi yerli və xarici turistlərin Naftalana olan marağını postpandemiya dövründə daha da artıracaq.