Səhiyyə nazirinin birinci müavini BMT Baş Assambleyasının İİV/QİÇS üzrə iclasında çıxış edib

BMT Baş Assambleyasının İİV/QİÇS üzrə videokonfrans formatında yüksək səviyyəli iclası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ölkəmizi səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev təmsil edib.
Çıxışı zamanı Teymur Musayev Azərbaycanın İİV/QİÇS-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında olduğunu vurğulayıb: “Lakin bu infeksiyanın transsərhəd olması nəzərə alınaraq, bu problem ölkəmiz üçün də aktual olaraq qalır”.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 2006-cı ildən etibarən, İİV-lə mübarizədə milli strateji istiqamətlərin qorunub saxlanılması üçün BMT-nin İİV/QİÇS üzrə proqramının və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə ölkəmizdə hər 5 ildən bir Nazirlər Kabinetinin İİV/QİÇS-lə mübarizə üzrə tədbirlər proqramları qəbul olunur. Bu proqramların məqsədi Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Teymur Musayev həmçinin Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr barədə məlumat verib: “İİV-ə yoluxmada yüksək riskli əhali qrupları arasında İİV-in yayılma səviyyəsinin aşağı salınması; İİV-in anadan körpəyə ötürülməsi hallarının qarşısının alınması; erkən aşkarlanma, müalicə, qulluq və yardım vasitəsilə İİV infeksiyası ilə bağlı ölüm hallarının azaldılması və İİV-lə yaşayan insanların ömürlərinin uzadılması qarşıya qoyulan ilkin məqsədlərdir. Dövlət büdcəsindən dövlət proqramlarına, o cümlədən Azərbaycan Respublikasında İİV/QİÇS-in yayılmasının qarşısının alınması proqramlarına dəstək üçün vəsait ayrılır. 2020-ci ilin dekabrında başa çatan son belə proqramda İİV-ə bütün digər cavab tədbirləri ilə yanaşı, əhaliyə pulsuz ARV terapiyası, test xidmətləri, əsas qruplar üçün profilaktik müdaxilələr təmənnasız verilir. Hazırda 2021-2025-ci illər üçün növbəti dövlət proqramı təsdiqlənmə mərhələsindədir. Hədəflərin 95-95-95-ə çatması, stiqma və ayrı-seçkilik hallarının aradan qaldırılması, habelə zərərin azaldılması proqramlarının daha da genişləndirilməsi Tədbirlər Proqramına daxildir”.
COVID-19 pandemiyasının həyatın bütün sahələrinə, o cümlədən İİV-lə mübarizədə planlı tədbirlərə mənfi təsiri məsələsinə toxunan Teymur Musayev sərt karantin rejiminin və digər məhdudiyyətlərin gözlənilən 90-90-90 hədəfinə çatmaq niyyətinə mane olduğunu təəssüflə qeyd edib: “Buna baxmayaraq, ölkəmizdə İİV-in anadan övlada yoluxmasının qarşısının alınması istiqamətində müsbət tendensiya müşahidə edilir və 2015-ci ildən bəri İİV-in şaquli yolla yoluxması halı qeydə alınmayıb. Zamanında qəbul edilən qərarlar COVID-19 pandemiyasının ağır şərtlərində ARV terapiyasının davamlılığını və mövcudluğunu, vərəm/İİV, narkoloji/İİV xidmətləri sahəsindəki inteqrasiyanı təmin edib”.
Çıxışının sonunda Teymur Musayev Azərbaycan Respublikasının 2030-cu ilədək BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq Konsepsiyasını mərhələli şəkildə icra etdiyini vurğulayıb, ölkəmizin İİV infeksiyası ilə mübarizənin səhiyyə siyasəti çərçivəsində əhəmiyyətini dərk edərək və BMT-nin İİV/QİÇS-lə bağlı Siyasi bəyannamələrinə uyğun olaraq, öz öhdəliklərini yerinə yetirdiyini bildirib.
“Azərbaycan İİV/QİÇS-lə mübarizəyə sadiq qalaraq, yeni Siyasi Bəyannamənin qəbul edilməsini alqışlayır, yeni reallıqları nəzərə alaraq, Bəyannamənin qəbul olunacağına ümid edir. Ölkəmiz 2030-cu ilədək İİV/QİÇS-in aradan qaldırılması hədəfinin həllinə öz töhfəsini verəcək”, - deyə Teymur Musayev fikrini tamamlayıb.
Xəbəri paylaş