Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib
![Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib](/uploads/posts/2021-05/1620296485_sn-01.jpg)
Səhiyyə Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən səhiyyə nazirinin birinci müavini təyin edilmiş və səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti verilmiş Teymur Musayevin nazirliyin kollektivinə təqdim olunması ilə bağlı toplantı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Səhiyyə Nazirliyinin kollegiya üzvləri iştirak ediblər.
İclasda Baş nazir Əli Əsədov çıxış edərək, əvvəlcə dövlət başçısının imzaladığı müvafiq sərəncamları diqqətə çatdırıb.
Teymur Musayevin bir sıra məsul vəzifələrdə fəaliyyət göstərdiyini, bu sahədə təcrübəyə, səriştəyə və idarəçilik bacarığına malik olduğunu deyən Əli Əsədov onu təyinat münasibətilə təbrik edib, onun bu yüksək etimadın öhdəsindən gələcəyinə ümidvar olduğunu bildirib.
Baş nazir qeyd edib ki, nazirlik sistemində, ayrı-ayrı sahələrdə başlanan islahatlar prosesi davam etdirilməlidir. O, qarşıda duran vəzifələrin həyata keçirilməsində Teymur Musayevə və nazirliyin kollektivinə uğurlar arzulayıb.
Təqdimat mərasimində çıxış edən Teymur Musayev ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Vurğulayıb ki, fəaliyyəti zamanı dövlətçilik, şəffaflıq və ədalət prinsiplərini daim özünə rəhbər tutacaq.
Qeyd edək ki, Teymur Musayev 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhəri 189 saylı orta məktəbi medalla, 1993-cü ildə Azərbaycan Tibb İnstitutunun I Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 2003-2004-cü illərdə Fransanın “Universite Strasburg 1” universitetində laparoskopik cərrahiyyə üzrə diplom kursu keçib. 2013-2015-ci illərdə “Riga İnternational School of Business and Economics” və “Riga Stadins University”də birgə magistratura təhsili və səhiyyə idarəetməsi üzrə magistr dərəcəsi alıb. Teymur Musayev əmək fəaliyyəti dövründə Bakıda müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-uroloq işləyib, həmçinin bir sıra tibb ocaqlarında səhiyyə menecmenti üzrə baş həkim, tibbi direktor vəzifələrində fəaliyyət göstərib. 2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.