BMT Komissiyasının sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin videoçıxışı təqdim edilib

BMT Komissiyasının sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin videoçıxışı təqdim edilib

BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyası keçirilib. Qərargahı Tailandda yerləşən komissiyanın toplantısı "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilib.
Sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.
Prezident İlham Əliyev ilk növbədə çıxış üçün dəvətə görə təşəkkür edib, bildirib ki, Azərbaycan Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir.
Dövlət başçısı çıxışına pandemiya ilə mübarizə tədbirlərindən başlayıb: “COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir.
Biz yanvar ayından etibarən vaksinasiyaya başlamışıq. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir.
Lakin yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir.
Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.
“Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib.
Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin olunması istiqamətində mübarizəsini davam etdirəcəkdir.
Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul etmişdir.
Azərbaycan koronavirusla bağlı əksəriyyəti ən az inkişaf etmiş olan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir”.
Prezident İlham Əliyev həmçinin torpaqlarımızın 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğal olunmasından, ötən il Azərbaycanın bu işğala son qoymasından danışıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməni, onların icra edilməməsini xatırladan ölkə rəhbəri ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa çağırıb.
Azərbaycan Prezidenti hazırda qarşımızda işğaldan azad olunmuş, tamamilə dağıdılmış ərazilərin bərpası kimi nəhəng vəzifə dayandığını söyləyib, dost ölkələrdən olan şirkətləri irimiqyaslı yenidənqurma işlərinə, Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” regional layihəsinin potensialını nəzərdən keçirməyə dəvət edib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova