Milli Məclisin plenar iclaslarında qanun layihələri müzakirə olunub

Milli Məclisin plenar iclaslarında qanun layihələri müzakirə olunub

Oktyabr-noyabr aylarında Azərbaycan Respublikası Milli Məclisinin bir neçə plenar iclası keçirilib.
Bunlardan birinci iclasın gündəliyinə 18 məsələ daxil edilib. O cümlədən səhiyyə ilə bağlı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub və qəbul edilib.
Milli Məclisin digər plenar iclasında isə gündəlikdəki 8 məsələ müzakirə olunub.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Bildirilib ki, birinci oxunuşda təqdim olunan layihə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Sənədə əsasən, Əmək Məcəlləsinə işçinin hüquqları və işəgötürənin vəzifələri sırasına işçilərin icbari tibbi sığortası ilə bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulub. Dəyişikliyə görə, əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar əks olunmalıdır.
Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin maliyyələşdirilməsi “Tibbi sığorta haqqında” Qanunun tələblərinə uyğunlaşdırılır. Qanun layihəsi birinci oxunuşda təsdiq olunub.
İclasda “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib.
Diqqətə çatdırılıb ki, bu qanun layihəsi də “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Bildirilib ki, tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Hazırda vətəndaş üçün pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Tibbi sığortanın tətbiqi isə tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsinin qaydasını da dəyişmiş olur.
Qeyd edilib ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən hərbi qulluqçulara tibbi yardımın (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) mülki tibb müəssisələrində icbari tibbi sığorta vəsaitləri hesabına, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə dövlət büdcəsi hesabına göstərilməsi təsbit edilir.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilən dəyişikliyə əsasən, dövlət tibb müəssisələrində tibbi xidmətin maliyyə mənbələri, eləcə də ayrı-ayrı əhali qruplarının dövlət tibb müəssisələrində tibbi yardım almasının maliyyə əsasları “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq dəqiqləşdirilir.
Nəzərə çatdırılıb ki, özəl tibb müəssisələrinin tibbi sığorta sisteminə qoşulmasından asılı olmayaraq, vətəndaşlara təcili tibbi yardımın göstərilməsi üçün bu xidmətlərin haqqı müəyyən olunmuş tariflərlə icbari tibbi sığorta vəsaitləri hesabına onlara ödəniləcək. Bu da əhaliyə təcili tibbi yardımın istənilən tibb müəssisəsində göstərilməsi imkanını artıracaq.
Sənəddə adları çəkilən digər qanunlarda uyğunlaşdırma, terminologiyanın dəqiqləşdirilməsi məqsədilə dəyişikliklər təklif olunur. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş) barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
Diqqətə çatdırılıb ki, “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə maliyyə xidmətləri bazarında, o cümlədən sığorta bazarında tənzimləmə və nəzarət səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib. Buna uyğun olaraq, “Tibbi sığorta haqqında” Qanunun 7.2-ci maddəsinə müvafiq dəyişiklik edilib. Dəyişikliyə əsasən, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini Azərbaycan Respublikasının Mərkəzi Bankı, sığortaçılar, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir.
Qanuna təklif olunan digər dəyişiklik bəzi maddələrdə “səhiyyə xidməti” sözlərinin “tibbi-sanitariya yardımı” ifadəsi ilə əvəz edilməsi ilə əlaqədardır. Dəyişiklik “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq edilib. Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Milli Məclisin növbəti plenar iclasında gündəlikdəki 7 məsələyə baxılıb.
İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və Ailə məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, ikinci oxunuşda təqdim olunan layihə “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ikinci oxunuşda müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi təqdim edib, Milli Məclisdə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun təqdimatı ilə birinci oxunuşu zamanı və sonrakı müddətdə qanun layihəsi ilə bağlı heç bir təklif və iradın qeydə alınmadığını vurğulayıb.
Müzakirələr zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Vüqar Bayramov və Aqil Abbas sənədlə bağlı fikirlərini açıqlayıblar. Komitə sədrləri Əhliman Əmiraslanov və Ziyafət Əsgərov qanun layihəsində deputatları maraqlandıran məqamlara aydınlıq gətiriblər. Qanun layihəsi səsvermə yolu ilə ikinci oxunuşda təsdiqlənib.
“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı sənədi Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ikinci oxunuşda Milli Məclisin müzakirəsinə təqdim edib. Komitə sədri bildirib ki, deputatlar tərəfindən sənədlə bağlı heç bir təklif və sual qeydə alınmayıb. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin daha bir iclasında həmin qanun layihələri üçüncü oxunuşda qəbul olunub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova