Valyuta.com

Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev: «Qarabağda dağıdılmış tibb infrastrukturu bərpa ediləcək»

Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev: «Qarabağda dağıdılmış tibb infrastrukturu bərpa ediləcək»

Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyası keçirilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktiv orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının (ÜSA) 73-cü sessiyası COVID-19 pandemiyası səbəbindən bu il ilk dəfə olaraq virtual formatda keçirilib. İlk iclasları qısaldılmış gündəlik əsasında 2020-ci il mayın 18-19-da baş tutmuş sessiya 9-14 noyabr tarixlərində öz işini videokonfrans şəklində davam etdirib.
Əsas funksiyaları təşkilatın siyasətinin müəyyənləşdirilməsindən, baş direktor təyinatından, maliyyə siyasətinə nəzarətdən və proqramların büdcəsinin təsdiq olunmasından ibarət olan Assambleya İcraiyyə Komitəsinin onun gündəliyinə daxil etdiyi məsələləri müzakirə edir. Adətən, ildə bir dəfə, İsveçrənin Cenevrə şəhərində keçirilən sessiya bu dəfə pandemiyanın diktə etdiyi şərtlərə görə iki hissəyə bölünüb. Virtual toplantıya əksəriyyəti nazir səviyyəsində təmsil olunan 194 ölkənin nümayəndələri qoşulub.
Azərbaycan tərəfdən sessiyada səhiyyə naziri Oqtay Şirəliyevin başçılığı ilə nümayəndə heyəti iştirak edib.
ÜSA 73-cü sessiyasının prezidenti Keva Beyn toplantını açaraq bildirib ki, may ayında iclasda fasilə elan edilərkən artıq bəlli idi ki, dünya qarşısında duran COVID-19 probleminin həlli çox mürəkkəb olacaq. Onun yaratdığı qlobal fövqəladə vəziyyət hələ də davam edir və planetin hər bir ölkəsində insanların sağlamlığına və yaşayışına, sosial-iqtisadi sistemlərə mənfi təsir göstərir.
ÜST Baş direktoru Tedros Adhanom Gebreyesus sessiyada giriş nitqi söyləyib. Bütün dünyada COVID-19 səbəbindən həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Baş direktor öz nitqində qlobal pandemiya ilə mübarizədə görülən işləri, bir sıra ölkələrin uğurlu təcrübələrini və pandemiyadan çıxmaq üçün fəaliyyətlərini qeyd edib, bildirib ki, koronavirusla mübarizədə dövlətlər müxtəlif dərəcədə uğur qazanıblar. Buna görə təcrübələri müqayisə etmək, boşluqları aşkarlayaraq aradan qaldırmaq vacibdir. ÜST rəhbəri qurumun ölkələrə göstərdiyi köməkdən danışıb. Tedros Gebreyesus deyib ki, bu böhran dünyada sonuncu olmayacaq. COVID-19 bizim bundan sonrakı böhranlara necə cavab verməyimizdə dönüş nöqtəsi ola bilər. Baş direktor COVID-19 pandemiyasının verdiyi dərslərə əsaslanan yeni əməkdaşlıq dövrünə qədəm qoymağa çağırıb.
Onlayn sessiyada 3 əsas prioritet və onlardan irəli gələn hədəf və fəaliyyətlər üzərində qurulmuş Fəaliyyət Proqramının qəbul edilməsi təklif olunub. Bunlar insanların universal, keyfiyyətli tibbi yardım imkanına dövlətin zəmanət verməsi, fövqəladə vəziyyətlərdə yardım, eləcə də sağlam cəmiyyət sayəsində iqtisadi rifahın möhkəmləndirilməsidir. Bu prioritetlərin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılması da vurğulanıb.
Plenar iclasda, həmçinin A və B komitələrinin toplantılarında səlahiyyətli şəxslər seçilib, qlobal pandemiyaya qarşı mübarizə, 2020-2025-ci illər üzrə qlobal səviyyədə əhalinin rifahı və sağlamlığı üzrə birgə fəaliyyət və digər mövzular müzakirə edilib.
İştirakçılar qlobal pandemiya ilə mübarizədə həmrəylik və mütəşəkkilliyin vacibliyini vurğulayıblar, elmi tədqiqatlar, yeni müalicə və diaqnostika üsulları sahəsində əməkdaşlığın, əhaliyə psixo-sosial dəstəyin, müsbət təcrübədən istifadənin əhəmiyyətini qeyd ediblər. Epidemioloji nəzarət, karantin qaydalarının tətbiqi və sair məsələlərə də toxunulub.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev sessiyada çıxış edərək vurğulayıb ki, bu gün bütün dünyada səhiyyə işçilərinin prioriteti COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsidir.
Səhiyyə naziri bildirib ki, pandemiya başlayan vaxtdan bir çox ölkələr koronavirusla mübarizə üzrə müəyyən təcrübə toplayıblar. Bu təcrübənin mübadiləsi bu gün əməkdaşlığın başlıca istiqamətlərindən biri olmalıdır. O deyib ki, bir çox ölkələrdə xəstəlik hallarının sayının sürətlə artması daha böyük sosial-iqtisadi nəticələrə gətirib çıxaracaq. Bununla əlaqədar ciddi narahatlığını ifadə edən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bu ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunan xüsusi sessiyası keçiriləcək.
Az müddətdə pandemiya ilə mübarizə üzrə çox böyük həcmli işlər görüldüyünü qeyd edən Oqtay Şirəliyev Assambleyanın 73-cü sessiyasının may toplantısında iştirakçılara Azərbaycanın bu sahədəki təcrübəsi, ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında məlumat verdiyini xatırladıb: “Həmin tədbirlərin sayəsində ölkədə koronavirus epidemiyası praktiki olaraq tam nəzarət altındadır. On milyonluq əhalisi olan ölkədə bu günədək 60 min nəfərə yaxın insan xəstələnib, 1,3 milyondan artıq test aparılıb, xəstəlikdən ölüm göstəricisi 1,3% təşkil edir”.
Səhiyyə nazirinin çıxışının vacib hissəsi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə bəyanatına həsr olunub. O bildirib ki, dövlət rəhbərləri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında razılaşma imzalayıblar: “Otuz illik işğaldan sonra Azərbaycan ərazisindən Ermənistanın işğalçı qoşun dəstələri çıxarılacaq. Münaqişə müddətində minlərlə insan öldürülüb və yaralanıb, bunların arasında uşaqlar, qocalar, qadınlar olub, bütöv şəhərlər və yaşayış məntəqələri dağıdılıb. Bir milyondan artıq insan evlərini itirərək qaçqın və məcburi köçkünə çevrilib. Nəhayət ki, bütün bunlara son qoyulur!
Bütün Azərbaycan xalqı kimi, biz tibb işçilərinin də qarşısında vacib vəzifələr durur. Azad edilmiş ərazilərin praktiki olaraq dağıdılmış tibb infrastrukturunu bərpa etmək, yeni klinikalar və tibb mərkəzləri tikmək, bölgədə əhalinin sağlamlığının mühafizəsini tam təmin etmək üçün çox işlər görməliyik. Bütün bunlar qurucu işlərdir və biz bu işləri görəcəyimizə görə xoşbəxtik.
Fürsətdən istifadə edərək, bizi dəstəkləyən, kömək edən, bölgədə çoxdan gözlənilən sülhün və inkişafın olacağına inanan bütün ölkələrin nümayəndə heyətlərinə, həmkarlarımıza təşəkkür edirəm. Sizə möhkəm sağlamlıq, uğurlar və əmin-amanlıq arzulayıram”.

Ermənistan nümayəndəsi susduruldu

Sessiyada Azərbaycan nümayəndələri digər çıxışlar da ediblər. Koronavirus pandemiyası əleyhinə mübarizə üzrə ölkəmizdə vaxtında və çevik aparılan tədbirlər, o cümlədən əhalinin maarifləndirilməsi üzrə fəaliyyət, yoluxmuş xəstələrin müalicəsində ambulator-poliklinik xidmətin geniş miqyasda cəlb olunması, bununla stasionar xidmətin üzərinə düşən yükün nəzərəçarpacaq dərəcədə azaldılması, xəstələrin ödənişsiz əsasda dərman vasitələri ilə təmin edilməsi, ÜST Baş qərargahı ilə sıx təmaslar, əməkdaşlıq etdiyimiz ölkələrlə təcrübə mübadiləsi və digər məsələlər qeyd olunub.
Azərbaycan tərəfi Qoşulmama Hərəkatı ölkələri adından bəyanatla çıxış edib. Pandemiya ilə mübarizədə ÜST-nin mühüm rolu yüksək qiymətləndirilib. COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində bu hərəkat ölkələrinin kontakt qrupunun yaradılması, Azərbaycanın Qoşulmama Hərəkatı dövlətləri üçün ÜST-yə 5 milyon dollar ayırması, xüsusi sammitin keçirilməsi vurğulanıb. Bəyan edilib ki, ərzaq və dərman vasitələri kimi məhsullar heç vəcdlə siyasi məcburetmə aləti olmamalıdır. Hərəkat COVID-19 əleyhinə vaksinləri qlobal ictimai məhsul kimi qəbul etməyə, onların qiymətinə və istifadə imkanına görə əlçatanlığının təmin olunmasına çağırıb.
Səhiyyə xidmətləri ilə ümumi əhatə olunma və tibbi xidmətlərin hamıya göstərilməsi üzrə qətnamə nümayəndə heyətimiz tərəfindən dəstəklənib. Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verilib.
Ölkəmizdə poliomielitin eliminasiyasından, bu istiqamətdə görülmüş işlərdən danışılan digər çıxışda bildirilib ki, Azərbaycan bu sahədə öz müsbət təcrübəsini bölüşməyə hazırdır.
Azərbaycan tərəfi digər ölkələrlə birlikdə, 2021-ci ilin tibb işçiləri ili adlandırılması üzrə Türkiyənin qətnamə layihəsini dəstəkləyib.
Virtual toplantıda Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyinin təmsilçisi müdaxilə edərək, Azərbaycan Ordusunun işğaldan azadetmə üzrə əks-hücum hərbi əməliyyatlarını vurğulayıb, döyüşlərdə toz qalxması nəticəsində respirator xəstəliklərin çoxalması, bu “səbəbdən” COVID-19-un artması barədə fikirlər söyləyib.
Sessiyanın sədri, Norveçli professor Byorn-İnge Larsen erməni çıxışçını dayandırıb, iclasın siyasi deyil, səhiyyə məsələlərinə aid olduğunu vurğulayıb.
Azərbaycan tərəfi üçtərəfli müqavilənin imzalanmasını yada salaraq, məntiqli şəkildə Ermənistan təmsilçisini susdurub.
Sessiyanın sonuncu günündə müzakirə olunan məsələlərlə bağlı qətnamələr qəbul edilib. Həmçinin səhiyyənin müxtəlif sahələri üzrə fərqlənən tibb işçilərinin və ictimai xadimlərin müvafiq fondların mükafatları ilə təltif olunması elan edilib.шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova