Prezident İlham Əliyev: “Biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq”

Prezident İlham Əliyev: “Biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq”

Koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli dörd xəstəxananın açılışı olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun sonunda bölgələrə səfəri çərçivəsində Qobustan, İsmayıllı, Qəbələ və Şəki rayonlarında koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanaların açılışında iştirak edib.
Qobustanda yeni tibb müəssisəsi ilə tanış olan dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilərək bildirilib ki, üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu kompleks mərkəzləşdirilmiş Oksigen Generator Sistemi və mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün zəruri şərait yaradılıb. Ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür.
Qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılmış modul tipli xəstəxana korpusları zərurət olmadıqda, yəni pandemiya ilə mübarizə başa çatdıqdan sonra asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün, məsələn, hərbi hissə, sərhəd xidməti, fövqəladə hallar, tədris, yataqxana, məişət xidməti və sair üçün istifadə edilə bilər.
İsmayıllıda açılan modul tipli xəstəxana da üç korpusdan ibarətdir. 200 çarpayı yeri olan 100 palatalı bu kompleks də ağır simptomlu xəstələri qəbul etmək üçün əlavə avadanlıqlarla təchiz oluna bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxananın açılışında iştirak edib və yaradılan şəraitlə tanış olub.
Koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli xəstəxana Qəbələ rayonunda istifadəyə verilib.
Xəstəxana kompleksində yaradılmış şəraitlə tanış olan dövlət başçısına məlumat verilib ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq. Bu tibb müəssisəsi də 3 korpus, 100 palata və 200 çarpayı yerindən ibarətdir.
Daha bir modul tipli xəstəxana Şəki şəhərində quraşdırılıb.
Kompleksin korpuslarına baxış keçirən Prezident İlham Əliyevə məlumat verilib ki, bu qəbildən olan və koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan bütün modul tipli xəstəxanaların rayon mərkəzi xəstəxanalarının yaxınlığında quraşdırılması vahid idarəetməni və tibbi əlaqələndirməni təmin edir, həmçinin koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunmasına imkan verir. Digər modul tipli xəstəxanalar kimi, üç korpuslu bu kompleks də 100 palata və 200 çarpayı yerindən ibarətdir. Mərkəzləşdirilmiş Oksigen Generator Sistemi ilə təchiz olunmuş tibb müəssisəsində quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür.
Xəstəxana ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həkimlərlə görüşüb.
Dövlət başçısı görüşdə çıxış edərək deyib ki, bir gündə ölkəmizin dörd şəhərində modul tipli xəstəxanaların açılması çox əlamətdar hadisədir: “Beləliklə, bir gündə biz əlavə 800 çarpayı əldə edirik, koronavirusla bağlı mübarizədə əlavə imkanlar yaradılır”. O bildirib ki, təqribən üç ay əvvəl alınması ilə bağlı göstəriş verdiyi modul tipli 10 xəstəxananın 9-u artıq hazır vəziyyətdədir: “Onuncu xəstəxana, yəqin ki, avqust ayında istifadəyə veriləcək. Beləliklə, bu proqram tam icra edilir. Bu günə qədər beş xəstəxana açılıb və 10 xəstəxananın fəaliyyəti nəticəsində bizim əlavə 2 min çarpayılıq xəstəxanamız olacaq. Bunun xüsusi əhəmiyyəti var. Çünki hazırda koronavirus xəstəliyi Azərbaycanda və bütün dünyada daha geniş vüsət alır. Hər gün Azərbaycanda yüzlərlə insan xəstələnir. Belə olan halda çarpayıların çatışmazlığı çox böyük problem yarada bilərdi. Necə ki, inkişaf etmiş bəzi ölkələrdə səhiyyə sistemi buna davam gətirə bilmir. Bunu nəzərə alaraq biz operativ qaydada bu məsələləri həll etməyə çalışırıq və buna nail oluruq. Onu da bildirməliyəm ki, hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi həll olunur. Yaxın gələcəkdə onlar da gətiriləcək.
Bununla paralel olaraq, artıq Fövqəladə Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası açılıb. Həmçinin 1300 çarpayılıq ikinci xəstəxana da açılacaq. Beləliklə, orada 2100 çarpayı olacaq. Artıq iki min çarpayı fondu vardır. Bu, 4100 çarpayı edir. Altı əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6 minə yaxın çarpayı fondu yaranır. Əlbəttə ki, əgər bu məsələlər öz həllini tapmasaydı, biz bu gün koronavirusla bağlı çox böyük problemlərlə üzləşə bilərdik.
Bildirməliyəm ki, hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. İndi təsəvvür edin, əgər biz vaxtilə bu işlərlə məşğul olmasaydıq, bu gün bizim imkanlarımız çox məhdud ola bilərdi. Bir neçə il bundan əvvəl Şəki şəhərində, bax, bu modul tipli xəstəxananın qarşısında təqribən 200 çarpayılıq böyük xəstəxana açılmışdır. Bu gün bizim bütün şəhərlərimizdə müasir xəstəxanalar fəaliyyət göstərir, yaxud da ki, yaxın bir il ərzində fəaliyyət göstərəcək. Biz səhiyyə sistemimizin infrastruktur bazasını yaratmışıq. Bu xəstəxanada reanimasiya şöbəsi də var, süni tənəffüs cihazları gətirilib. Bildiyiniz kimi, koronavirusla bağlı mübarizəni səmərəli aparmaq üçün çox böyük vəsait ayrılıb. Bu vəsait tibbi avadanlığın, dərmanların alınmasına, digər məsələlərə istiqamətləndirilir. Mən demişəm ki, nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Təki insanlar tezliklə sağalsınlar və biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək.
Pandemiyaya qədər ölkə ərazisində bizim cəmi altı laboratoriyamız var idi. Ola bilər ki, adi rejim üçün bu, kifayət idi. Ancaq indiyədək Azərbaycanda 700 min test keçirilib. Adambaşına keçirilmiş testlərin sayına görə biz dünyada qabaqcıl yerlərdəyik. Məhz bu testlərin kütləvi şəkildə keçirilməsi nəticəsində biz xəstələri aşkar edirik və onları müalicəyə cəlb edirik. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. Bizim planımız bu laboratoriyaların sayını 45-ə çatdırmaqdır. Bu məsələ də öz həllini tapır. Çarpayı fondu artır, koronavirus xəstələri ən müasir xəstəxanalarda müalicə alır, o cümlədən bizim ən gözəl xəstəxanamız “Yeni klinika”da. Orada hazırda 360 xəstə yerləşib. Bildiyiniz kimi, bu klinikanın fəaliyyəti mərhələli şəkildə təşkil edilir.
İndi baxın, əgər bu klinika yaradılmasaydı, əgər bundan başqa 41 xəstəxana, - hansı ki, indi koronavirus xəstələrinə xidmət göstərir, - tikilməsəydi, bu gün biz çox ağır bir vəziyyətlə üz-üzə qalardıq. Bu, bir daha onu göstərir ki, biz gərək hər şeyi vaxtında edək. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsi olan yeni xəstəxanaların tikintisi və köhnə xəstəxanaların əsaslı təmiri proqramı, demək olar ki, tam təmin edilib. Hətta pandemiyaya qədər bunun böyük faydası haqqında insanlar da artıq öz fikirlərini bildirirdilər. Çünki biz pandemiyaya qədər hər il kütləvi surətdə müayinədənkeçmə proqramı icra edirdik. Bu proqram 5 milyon insanı əhatə edir. Beş milyon insan dövlət tərəfindən yaradılmış imkanlar hesabına öz sağlamlığını müəyyən edir və xəstəliklər üzə çıxdıqda dərhal müalicə alır. Məhz bunun nəticəsində bizdə insanların ömrünün uzunluğu artır. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatlar da keçirilir.
Bir sözlə, biz qısa müddət ərzində bütün imkanlarımızı səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiririk. Heç bir ölkə buna hazır deyil, heç bir ölkə. Xüsusilə pandemiyanın ilk günlərində inkişaf etmiş ölkələrdəki vəziyyət bizim və dünyanın gözü qarşısında cərəyan edirdi. Ən inkişaf etmiş ölkələr bu xəstəliklə bağlı lazımi tibbi xidməti göstərə bilmirdilər. Bu da, yəqin ki, təbiidir. Çünki heç kim buna hazır deyildi.
Ona görə bizim əsas vəzifəmiz qısa müddət ərzində bütün səfərbərlik işlərini düzgün təşkil edərək, pandemiyadan minimum itkilərlə çıxmaq üçün infrastruktur və maddi-texniki bazanın yaradılmasından ibarət idi. Laboratoriyalar, xəstəxanalar, çox böyük təşkilati məsələlər öz həllini tapdı. Logistik məsələlər də həmçinin. Eyni zamanda, həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün əməli addımlar atıldı. COVID xəstələrinə xidmət göstərən həkimlərin maaşları 3-5 dəfə artırılıb. Ən vacib və ciddi problemlərdən biri də həkimlərin çatışmazlığıdır. Çünki bizim həkimlərimizin sayı adi rejimə hesablanıb. Ona görə xəstələrin kəskin artması, əlbəttə ki, bu problemi də üzə çıxarıb. Bundan çıxış yolunu biz xaricdən həkimləri Azərbaycana dəvət etməkdə gördük.
Əlbəttə ki, bütün bu məsələləri həm təşkil etmək, həm də maliyyələşdirmək üçün gərək ölkədə imkanlar olsun. Hazırda bir neçə xarici ölkədən həkimlər Azərbaycandadırlar. Onlar xəstələrə xidmət göstərirlər. Hesab edirəm ki, əgər ehtiyac yaranarsa, biz gələcəkdə də bu praktikanı tətbiq edəcəyik.
Pandemiya ilə mübarizə sahəsində bütün lazımi addımlar atılır. Hətta qısa müddət ərzində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlanmışdır. Bütün bunların istehsalı bizdə yox idi, heç lazım da deyildi. Təbii ki, hər bir ölkə istehlak etdiyi bütün malları istehsal etməməlidir. Ancaq biz gördük ki, xaricdən bəzi avadanlıqları, ləvazimatları gətirmək çətindir. Bəzən imzalanmış kontraktlar icra edilmirdi, vəsait də ödənilmişdi, yenə də biz lazımi avadanlığı gətirə bilmirdik. Xüsusilə pandemiyanın ilk mərhələsində dünyada çox böyük ajiotaj var idi.
Bütün bu işlərin nəticəsində biz ilk günlərdən xəstəliyi nəzarət altında saxlayırıq. İlk günlərdən həm Azərbaycan vətəndaşları, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bizim işlərimizə çox yüksək qiymət verildi. Mən bu günə qədər yerlərdən təşəkkür məktubları alıram ki, Azərbaycan dövləti bütün bu işləri operativ qaydada təşkil edib və insanların sağlamlığını təmin edib. Beynəlxalq təşkilatların mövqeyi də müsbətdir. Ümumdünya Səhiyyə Təşkilatı bizim fəaliyyətimizi nümunəvi fəaliyyət kimi dəyərləndirmişdir. Hesab edirəm ki, may ayının əvvəlində bizim yumşalma siyasətimiz düzgün addım idi. Çünki o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Sağalanlar yoluxanlardan çox idi. Ona görə biz yumşalmaya getdik. Çünki bilirik ki, bu, insanları narahat edir, incidir. İnsanlar öz adi həyat tərzindən məhrum ediliblər. Ona görə yumşalmaya getdik. Amma nə gördük? Gördük ki, xəstələrin sayı dərhal artmağa başladı, müsbət dinamika pozuldu və biz mənfi dinamika fazasına daxil olduq. Yenə sərtləşdirmə qaçılmaz oldu. Yenə sərt məhdudlaşdırıcı tədbirlər görülməyə başlandı. Bu tədbirlər görülməyə başlayandan təqribən bir ay sonra biz yenə də müsbət dinamikanı görürük. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur. Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq. Ancaq biz görürük ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür.
Bu elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs - yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma, baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Bu belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnirlər. Bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra, yəqin ki, onun müalicəsi də daha asan olacaqdır.
Əlbəttə, bilməliyik ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq. Onu da bilməliyik ki, baxmayaraq ki, vəziyyət nəzarət altındadır, - həkimlər bunu yaxşı bilirlər, - ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə, bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Yenə də deyirəm, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik”.
Prezident İlham Əliyev bildirib ki, ilin altı aylıq yekunları, bütün başqa ölkələr kimi, o qədər də müsbət olmasa da, heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə, həm xəstəliklə mübarizəyə, eyni zamanda, xəstəlikdən əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşmasına vəsait xərclənib və xərclənəcək. Bunun üçün büdcə xərclərinə yenidən baxılacaq: “Çünki hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır.
Əlbəttə ki, dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həlledicidir. Siz daim xəstələrlə təmasdasınız, öz sağlamlığınızı, həyatınızı risk altına qoyursunuz. Əfsuslar olsun ki, həkimlər arasında ölənlərin sayı artır. Biz bu vəziyyətdən ancaq birgə səylərlə çıxa bilərik - dövlət orqanlarının məsuliyyəti, həkimlərin peşəkarlığı, onların öz andına sadiqliyi və vətəndaşların məsuliyyəti. Biz bu vəziyyətdən birgə səylərlə çıxmalıyıq. Əminəm ki, belə də olacaq. Sizə uğurlar arzulayıram. Xəstələrə yaxşı baxın. Özünüzü, yaxınlarınızı yaxşı qoruyun. Çalışın, xəstələnməyin. Sizə cansağlığı, uğurlar arzulayıram”.
Çıxış edən həkim Nəzakət Kərimova dövlət başçısını bütün şəkililər, xüsusən də Şəki Mərkəzi Rayon Xəstəxanasının kollektivi adından salamlayıb. O, mövcud pandemiya vəziyyətində əhaliyə yüksək tibbi xidmət göstərəcək və hər cür lazımi avadanlıqla təchiz olunmuş müasir modul tipli xəstəxanaların yaradılmasını günümüzün vacib və zəruri şərtlərindən biri adlandırıb: “Sizin dəstəyiniz və təşəbbüsünüzlə bu gün Azərbaycanın bir çox bölgələrində, o cümlədən artıq Şəkidə belə bir xəstəxana inşa edildi və əhalinin istifadəsinə verildi. Biz də tibb işçiləri olaraq Sizi əmin edirik ki, bütün bilik və bacarığımızı ortaya qoyacaq və xalqımıza yüksək səviyyədə tibbi xidmət göstərəcəyik, bizə olan etimadınızı doğruldacağıq”. N.Kərimova Şəki şəhərinə xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün şəkililər adından minnətdarlıq bildirib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova