Nazirlər Kabineti yanında koronavirusla bağlı qərargah yaradılıb

Nazirlər Kabineti yanında koronavirusla bağlı qərargah yaradılıb

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyətli dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazisində monitorinqin aparılması üçün aidiyyətli sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Həmçinin əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli “qaynar xətləri” fəaliyyət göstərir.
Qeyd edək ki, bundan əvvəl koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə yanvarın 28-də Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılmış, yanvarın 30-da isə Nazirlər Kabinetinin Sərəncamı ilə “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdi. Bundan sonra xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib. Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, həmçinin hava limanlarında profilaktik tədbirlər görülüb, bütün istiqamətlərdən Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılıb.
Qərargahın qəbul etdiyi qərara əsasən, İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə, karantin xəstəxanalarından əlavə, Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır. İlkin müayinədən keçmiş şəxslər xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.
Operativ qərargahdan həmçinin bildirilib ki, İran İslam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar.
Koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq-mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı göstəriş verib. Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində fəaliyyət göstərəcək, karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görəcək.

İki Azərbaycan vətəndaşında koronavirusa yoluxma faktı qeydə alınıb

Son məlumatlara əsasən, İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib. Müvafiq qaydalara uyğun olaraq, həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdiriliblər. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında bildirilir.
Qeyd olunur ki, hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.
Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Azərbaycan-İran sərhədi məhdudlaşdırıcı rejim əsasında bağlanıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 2020-ci il fevralın 29-da saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.
İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün dəhliz təmin olunacaq. Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcək.
Azərbaycan Respublikası ÜST ilə, dost və tərəfdaş dövlətlərlə koronavirus riski ilə əlaqədar əməkdaşlığı davam etdirir.

Hazırda Azərbaycanda 224 nəfər karantindədir

Nazirlər Kabinetinin yanında operativ qərargahın fevralın 28-də koronavirusla bağlı keçirdiyi mətbuat konfransında qərargahın üzvü – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva məlumat verib ki, hazırda Azərbaycanda 224 nəfər karantində saxlanılır: “Onların 12-si İran, 1-i İtaliya, 7-si digər ölkələrin, qalanları isə Azərbaycan vətəndaşlarıdır. Müayinələr aparıldığına görə karantində saxlananların sayı sabit qalmır. Analiz nəticələri mənfi çıxanlar evə müşahidəyə buraxılırlar. Amma koronavirus olmasa belə, digər respirator xəstəliklərə yoluxanlar da müalicə olunmalıdırlar".
Tədbirdə TƏBİB-in yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev qeyd edib ki, sağlam insanların koronavirusdan qorunmaq üçün maska taxması vacib deyil: “Apteklərdə satılan tibbi maskaların yüksək dərəcəli qoruyuculuğu yoxdur. Qoruyuculuğu yüksək olan maskalar ancaq tibb işçiləri üçün istehsal olunur, onlar da apteklərdə satılmır”. O bildirib ki, tibbi maskanı bütün respirator infeksiya daşıyıcısı olan xəstələr taxmalıdırlar. Bu, infeksiyanın ətrafa yayılmasının qarşısını alır.
Mətbuat konfransında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məlumat verib ki, qurumun 24 saat çalışan qaynar xətti fəaliyyətə başlayıb: “Qaynar xəttin nömrəsi 1542-dir. Özündə koronavirusla bağlı hər hansı bir şübhə və ya digər əlamətləri hiss edən vətəndaşların bu nömrə ilə əlaqə saxlaması tövsiyə olunur”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova