Nazirlər Kabinetində icbari tibbi sığorta ilə bağlı müşavirə keçirilib

Nazirlər Kabinetində icbari tibbi sığorta ilə bağlı müşavirə keçirilib

2020-ci il yanvarın 1-dən etibarən ölkəmizdə mərhələli şəkildə icbari tibbi sığorta sisteminin tətbiqi həyata keçiriləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə icbari tibbi sığorta ilə əlaqədar indiyə qədər görülən işlər və gələn ildən bu sistemin ölkə üzrə mərhələli tətbiqi ilə bağlı müşavirə keçirilib.
Toplantıda çıxış edən Baş Nazir Əli Əsədov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ildən başlayaraq icbari tibbi sığorta sahəsində bir sıra vacib fərman və sərəncamlar imzalayıb. 2017-ci ildən etibarən isə ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqinə başlanılıb. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortaolunan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib. Bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə tətbiq edilən icbari tibbi sığortanın ölkəmizdə həyata keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi qərar dövlət siyasətinin mərkəzində insan amilinin durduğunu bir daha sübut etdi. 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək qanuna əsasən, əhalinin sığortalanmasına dövlət tərəfindən adambaşına 90 manat olmaqla 900 milyon manat vəsait ayrılacaq. Bu, dövlət tərəfindən aparılan sosialyönümlü siyasətin və əhaliyə göstərilən qayğının bariz nümunəsidir.
Bildirilib ki, icbari tibbi sığorta pensiyaçılar, aztəminatlı təbəqələr və 18 yaşınadək şəxslər də daxil olmaqla 4,4 milyon vətəndaşı əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə baş tutacaq. Belə ki, yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının ərazisində və ölkənin şimal bölgəsindəki 23 rayonda, aprelin 1-dən qərb bölgəsinin 20 regionunda, iyulun 1-dən cənub bölgəsində 15 rayonda, oktyabrın 1-dən isə Bakı, Sumqayıt, Abşeronda tətbiq olunacaq. Beləliklə, 2020-ci ilin sonuna qədər Azərbaycanın bütün bölgələrində əhali icbari tibbi sığorta sisteminə qoşulacaq.
Müşavirədə Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək, ölkə səhiyyəsinin icbari tibbi siğortaya hazırlığı məsələlərindən danışıb. O qeyd edib ki, ölkəmizdə tibbi sığortaya keçid düşünülmüş, mərhələli şəkildə nəzərdə tutulub. Həm başqa ölkələrin, həm də artıq üç ildir fəaliyyət göstərən İcbari Sığorta üzrə Dövlət Agentliyinin təcrübəsi göstərir ki, tibbi sığortanın uğurlu fəaliyyəti maliyyə dəstəyi ilə yanaşı, bir neçə amillə, ilk olaraq səhiyyənin maddi-texniki bazası ilə bağlıdır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi, böyük zəhməti sayəsində çox qısa müddətdə ölkədə yüzlərlə yeni xəstəxana, poliklinika, diaqnostika mərkəzi tikilib, əsaslı təmir olunub, ən müasir avadanlıqlarla təchiz edilib. Vaxtilə adi rentgen müayinəsi üçün xəstəni rayondan Bakıya gətirirdilərsə, indi rayon xəstəxanalarında kompüter tomoqraflar, müasir əməliyyatxanalar var, orada ən mürəkkəb əməliyyatlar aparmaq olur. Bir müddət əvvəl ölkə rəhbəri qarşımızda vəzifə goymuşdu ki, hər bir vətəndaş yaşadığı yerdən asılı olmayaraq, hər bir regionda tam həcmdə tibbi xidmət ala bilsin. Artıq bu reallıqdır”.
Nazir vurğulayıb ki, icbari tibbi sığorta uçun daha bir vacib məsələ kadr potensialıdır: “Son illərdə tibb təhsili sistemində böyük islahatlar aparılıb. Yerli və xarici rezidentura, həkimlərin sertifikasiyası, davamlı tibbi təhsil, tanınmış Avropa klinikalarında təcrübə keçmək imkanı – bütün bunların nəticəsidir ki, indi ölkədə ən müasir müalicə üsulları tətbiq olunur və onlar da məhz bizim həkimlər tərəfindən həyata keçirilir”.
Səhiyyə naziri yekun olaraq qeyd edib ki, səhiyyəmizin hazırkı maddi-texniki bazası, kadr potensialı və agentliyin pilot regionlarda əldə etdiyi müsbət nəticə onu deməyə əsas verir ki, səhiyyənin yeni maliyyələşmə modelinin bütün ölkədə mərhələli şəkildə tətbiqinə hər cür şərait var.
Müşavirədə Maliyyə naziri Samir Şərifov icbari tibbi sığorta sisteminin maliyyə təminatından, İcbari Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sistemin tətbiqinə hazırlıq tədbirlərindən və görüləcək işlərdən danışıblar.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova