Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi keçirilib

Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi Bakıda təşkil olunub.
Tədbirin açılış mərasimində Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva konqres haqqında məlumat verərək bildirib ki, toplantıda 300-ə yaxın iştirakçı, 40-a yaxın ölkədən məruzəçilər iştirak edir. Konqres çərçivəsində 17 müxtəlif interaktiv panel, sözlü, poster və məruzə panelləri, 2 konfransın keçirilməsi planlaşdırılıb.
Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti Ənvər Həsənoğlu son illər dünyadakı əsas problemlərdən birinin qaçqın və məcburi köçkün problemi olduğunu qeyd edib, uşaqların və körpələrin bundan çox əziyyət çəkdiyini xüsusi vurğulayıb. Assosiasiyanın prezidenti bildirib: “Dünyada təqribən səkkiz milyard əhali var, onların 25 faizini uşaqlar təşkil edir. Müxtəlif ölkələrdə uşaqların fərqli problemləri var. Aclıqdan, infeksion xəstəliklərdən əziyyət çəkən, qaçqın həyatı yaşayan körpələr var. Həmin uşaqlara kömək etmək üçün hər birimiz daha çox işləməliyik. Bu baxımdan, əldə olunan nailiyyətləri bölüşmək, təcrübəmizi paylaşmaq üçün belə tədbirlər böyük əhəmiyyətə malikdir”.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri, dosent Nadir Zeynalov ölkəmizdə səhiyyə sahəsində əldə olunan uğurlar, aparılan islahatlar haqqında danışıb. O, Səhiyyə naziri Oqtay Şirəliyevin tədbir iştirakçılarına təbriklərini çatdırıb, konqresin işinə uğurlar arzulayıb.
K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, Türk Dünyası Pediatriya Birliyinin prezidenti, professor Nəsib Quliyev bu konqresi “uşaq həkimlərinin bayramı” adlandırıb, bildirib ki, 17 konqresdən beşinin Bakıda keçirilməsi Azərbaycan səhiyyəsinin və həkimlərinin uğurunun göstəricisidir. Professor deyib ki, konqresdə uşaqların sağlamlığı ilə əlaqədar sosial problemlər də müzakirə olunur. Baş pediatr tədbirdə aparılacaq müzakirələrlə uşaqların sağlamlığı ilə bağlı problemlərin həllinə doğru böyük addımlar atılacağına inandığını qeyd edib.
Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov konqresin pediatriyanın bütün sahələrini əhatə etdiyini vurğulayıb, mütəxəssislərin məruzələrinin və aparılacaq müzakirələrin pediatriyanın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Digər çıxış edənlər tədbirin əhəmiyyətindən danışıb, konqresin işinə uğurlar arzulayıblar.
Konqres yerli və xarici məruzəçilərin müxtəlif mövzularda məruzələri ilə davam edib.
Qeyd edək ki, Beynəlxalq Pediatriya Assosiasiyasının, Azərbaycan Tibb Universitetinin, Türkiyə Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir uşaqların sağlamlığına dair mövcud problemləri aşkarlamaq və onların həlli yollarını tapmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən pediatrlar arasında elmi əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb.
Xəbəri paylaş