Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri təşkil olunur. Bu görüşlərdə vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, onların həlli istiqamətində tədbirlər görülür.
Tərtib edilmiş cədvələ uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən növbəti qəbul günü Neftçala Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Nazir Neftçala, Şirvan, Salyan, Hacıqabul və Biləsuvar sakinlərini qəbul edib, onların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Qəbulda qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Onların bəziləri yerindəcə həll edilib, digərlərinin həlli ilə bağlı göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.