ÜST Baş direktoru Milli Onkologiya Mərkəzində olub
![ÜST Baş direktoru Milli Onkologiya Mərkəzində olub](/uploads/posts/2018-08/1533713212_15308100643483943054_1000x669.jpg)
Ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Milli Onkologiya Mərkəzində (MOM) olub, Mərkəzin baş direktoru, akademik Cəmil Əliyevlə görüşüb.
ÜST-nin Baş direktoru və onu müşayiət edən şəxslər MOM-un Uşaq Onkoloji Klinikasında şüa terapiyası, reanimasiya və intensiv terapiya şöbələrinə baş çəkiblər. Onlar xəstələrin müalicəsində tətbiq edilən müasir avadanlıqla tanış olub, müalicə prosesini izləyiblər.
Görüşdə akademik Cəmil Əliyev qonaqlara MOM-un elmi-klinik fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində Mərkəz yeni tibb texnikası, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz edilib. Həmçinin onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin olunmasında problemlər aradan qaldırılıb. C.Əliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın MOM-un Uşaq Onkoloji Klinikasının yaradılmasında müstəsna xidmətlərini də vurğulayıb.
ÜST ilə Azərbaycan arasında bir sıra mühüm sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Tedros Adhanom Gebreyesus əlaqələrin gələcəkdə də genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb. ÜST-nin Baş direktoru qeyd edib ki, Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək səviyyədə müalicəsi üçün yaradılmış müasir şərait dünya standartlarına tam cavab verir. “Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir cərgəyə qoymaq olar”, - deyə ÜST-nin Baş direktoru əlavə edib.
Görüşdən sonra Tedros Adhanom Gebreyesus Milli Onkologiya Mərkəzinin muzeyi ilə tanış olub, MOM-un fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Görüşdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov iştirak edib.