Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclasında komitə sədri Əhliman Əmiraslanov əvvəlcə müzakirəyə təqdim edilən “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Qanunda dəyişikliklər edilməsi barədə danışıb. Komitə sədri qeyd edib ki, hazırda bütün dünyada insan orqan və toxumalarının köçürülməsi əməliyyatları geniş yayılıb. Hər il təxminən 300 min orqan və ya toxuma transplantasiyası həyata keçirilir. Bildirilib ki, Azərbaycanda orqan transplantasiyası sahəsindəki problemlər Qanunda mövcud olan müəyyən boşluqların aradan qaldırılmasını zəruri edib.
Komitə sədrinin müavini Musa Quliyev sənədə edilən dəyişiklikləri ətraflı şərh edərək bildirib ki, sənədin adı dəyişdirilərək “İnsan orqan və (və ya) toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun adlandırılır. Sənəd insan orqan və toxumalarının donorluğu və onların transplantasiyası ilə bağlı münasibətləri tənzimləyəcək, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb işçilərinin və tibb müəssisələrinin hüquq və vəzifələrini müəyyən edəcək. Qanuna əlavə edilən 11.1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiyası, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalarla həyata keçiriləcək.
Milli Məclisin deputatları Rafiq Məmmədhəsənov, Məlahət İbrahimqızı, Rəşad Mahmudov, Qənirə Paşayeva, Kamilə Əliyeva, İlham Məmmədov, Sədaqət Vəliyeva, dəvət olunmuş mütəxəssislər, tanınmış cərrahlar, transplantoloqlar, həkim-hematoloqlar sənədlə bağlı fikirlərini bildiriblər, təkliflər səsləndirilib.
Komitə üzvləri layihənin yenidən işlənməsi üçün işçi qrupuna qaytarılmasını qərara alıblar.
Sonra tibbi optika üzrə qanunvericiliyin təkmilləşdirilməsi baxımından “Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı dinləmələr keçirilib. Əhliman Əmiraslanov bildirib ki, sənəd Azərbaycanda optika mağazalarının fəaliyyəti ilə bağlı tələbləri müəyyənləşdirəcək. Onun sözlərinə görə, əhaliyə optika üzrə xidmətlər yalnız optika mağazaları vasitəsilə göstərilməlidir. Bu mağazaların açılması müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçiriləcək. 10 maddədən ibarət qanun layihəsində bildirilir ki, optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının, digər əlaqəli məmulatların, ehtiyat hissələrinin və aksesuarların satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçirilə bilər. Optika mağazasının müdiri optikaçı və ya optometrist olmaya da bilər. Məhsulların satışı pasiyentin sifarişi və ya təqdim olunan həkim resepti əsasında həyata keçirilir. Pasiyentin sifarişi əsasında satılan tibbi optika məhsulunun ölçüsünün pasiyentin görmə dərəcəsinə uyğun olmamasına görə optika mağazası məsuliyyət daşımır. Optika mağazasında optometrist fəaliyyət göstərmirsə, orada müayinə üçün istifadə olunan tibbi optika avadanlığı saxlanıla bilməz.
Ətraflı müzakirələrdən sonra layihənin Milli Məclisin payız sessiyası dövründə təkrarən komitədə müzakirəyə çıxarılması məqsədəuyğun sayılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova