Səhiyyə naziri Qusarda vətəndaşları qəbul edib
![Səhiyyə naziri Qusarda vətəndaşları qəbul edib](/uploads/posts/2018-07/1530866445_qusar.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri təşkil olunur, orada vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri nəzərdən keçirilir, onların müsbət həlli istiqamətində tədbirlər görülür.
Tərtib edilmiş cədvələ uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən növbəti qəbul günü Qusar Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Nazir Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarından olan 12 vətəndaşı qəbul edib, onların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Onların bəziləri yerindəcə həll edilib, digərlərinin həlli ilə bağlı göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.