Buynuz qişanın idxal və ixracı zamanı yeni sənədlər tələb edilir
Gözün buynuz qişasının idxal və ixracı zamanı tələb olunan sənədlər başqa sənədlərlə əvəz edilib. Bu barədə Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na etdiyi dəyişikliklərdə bildirilib.
Dəyişikliklər buynuz qişanın Azərbaycana idxalı və ixracı prosedurunu müəyyənləşdirir. Belə ki, göz qişası idxal edildikdə buynuz qişanın köçürülməsinə ehtiyacı olan və gətiriləcək toxumanın transplanrasiyası nəzərdə tutulan resipiyentin ixtisaslaşdırılmış tibb müəssisəsinə sifarişi, buynuz qişanı tədarük edən qurumla (Göz Bankı) ixtisaslaşdırılmış tibb müəssisəsi arasında bağlanılmış müqavilə və buynuz qişanın Göz Bankı Assosiasiyaları Qlobal İttifaqının (Global Alliance of Eye Bank Associations) akkreditasiyasından keçmiş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd tələb olunacaq.
Gözün buynuz qişası ixrac edildikdə isə onun köçürülməsi ehtiyacları üçün aparılması nəzərdə tutulan resipiyent barədə məlumatlar, buynuz qişanı qəbul edən, Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı akkreditasiyasından keçmiş Göz Bankı ilə ixtisaslaşdırılmış tibb müəssisəsi arasında bağlanılmış müqavilə təqdim edilməlidir.