IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransı
Bakıda Azərbaycan – Türkiyə IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransı keçirilib. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında təşkil olunan ikigünlük konfrans Türkiyə Bariatrik Cərrahlar Dərnəyi və Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının birgə təşəbbüsü ilə baş tutub.
Konfransda çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, hazırda cəmiyyətdə ən aktual problemlərdən olan piylənmənin ölkəmizdə yayılmasının qarşısını almaq, piylənməyə yol açan amillərlə mübarizə baxımından bu cür tədbirlərin keçirilməsi çox vacibdir.
Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov konfrans barəsində jurnalistlərə məlumat verərək deyib ki, bu, Azərbaycanda keçirilən artıq beşinci konfransdır. Birinci il milli konfrans olub, növbəti dörd toplantı isə beynəlxalq bariatrik-metabolik konfrans statusunda keçirilib: “Təbabətin ən müasir nailiyyətlərindən biri olan metabolik cərrahiyyəyə həsr edilmiş bu tədbiri keçirməkdə əsas məqsədimiz dünyada aparılan əməliyyatların və tibb yeniliklərinin Azərbaycanda da tətbiqi üçün həkim və tələbələrimizi ən müasir protokollarla tanış etməkdir. Belə ki, bu konfransda dünyanın müxtəlif dövlətindən gəlmiş professorlar bizimlə öz təcrübələri ilə bölüşürlər. Beynəlxalq konfransda dünyanın səkkiz ölkəsindən gəlmiş 100-ə yaxın iştirakçı var. Onu da qeyd edim ki, bu konfrans Səhiyyə Nazirliyi tərəfindən 22 davamedici təhsil balı ilə akkreditasiya olunub və Dünya Bariatrik-Metabolik Cərrahlar Assosiasiyası tərəfindən ilk dəfə akkreditasiyadan keçərək, rəsmi beynəlxalq status alıb”.
Konfrans mövzuya dair müzakirələrlə davam etdirilib, dünyanın yeddi ölkəsindən olan 14 alimin məruzələri dinlənilib. Toplantıda piylənmə cərrahiyyəsi, metabolik (II tip diabet) cərrahiyyə, metabolik xəstəliklər zamanı endokrinoloji müalicə və diyetoloji üsullar və s. mövzular müzakirə olunub.
Tədbirin ikinci günü “Türk dünyasında bariatrik və metabolik cərrahiyyənin inkişafı və gələcəyi”, “Biliopankreatik diversiya əməliyyatının 2 modifikasiyasının müqayisəli nəticələri”, “Metabolik cərrahiyyə tanıtımı və yeni metodların müqayisəli nəticələri”, “Revizional cərrahiyyədə ağıllı seçimlər: video-təqdimat müşayiəti ilə diskussiya” və bir sıra digər mövzular üzrə məruzələr dinlənilib və müzakirələr aparılıb.