AMEA-nın və Səhiyyə Nazirliyinin birgə elmi sessiyası keçirilib

AMEA-nın və Səhiyyə Nazirliyinin birgə elmi sessiyası keçirilib

“Hazırda ölkəmizin səhiyyə sistemində uğurlu islahatlar aparılır, tibb elminin ən son yenilikləri, texnoloji innovasiyalar, müasir müalicə üsulları klinikalarda uğurla tətbiq edilir, həkimlərimizin peşəkarlıq səviyyəsinin artırılması üçün səmərəli işlər görülür. Belə bir şəraitdə elmin üzərinə xüsusi vəzifələr düşür. Elm həyata keçirilən bütün bu islahatların önündə getməli, öz yeni bilikləri ilə səhiyyənin perspektiv inkişafını daim stimullaşdırmalıdır”.
Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə keçirdiyi, “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusuna həsr olunmuş elmi sessiyada AMEA-nın prezidenti, akademik Akif Əlizadə səsləndirdi.
Tədbiri giriş sözü ilə açan A.Əlizadə Akademiyanın son illər müxtəlif qurumlar, nazirlik və dövlət komitələri ilə müştərək tədbirlər təşkil etməsinin ənənə halını aldığını dedi. AMEA rəhbəri elmi sessiyada Azərbaycanda tibb elmi və səhiyyə sahəsində mövcud vəziyyətin geniş müzakirə ediləcəyini, qarşıda duran vəzifələrin müəyyənləşdiriləcəyini və birgə fəaliyyət proqramının qəbul olunacağını bildirdi.
Akademik ölkəmizdə səhiyyənin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi dəyərləndirdi. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə bu sahədə xeyli işlər görüldüyünü, əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini vurğuladı. Sessiyanın keçirilməsinin əsas hədəflərindən birinin də bu proseslərdə elmin rolunu artırmaqdan ibarət olduğunu qeyd etdi.
A.Əlizadə Azərbaycanda molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi və elektron tibb sahəsində görülən işlərdən də danışdı. AMEA prezidenti biotexnologiya, kök hüceyrələri və nüvə tibbi istiqamətləri üzrə birgə laboratoriyaların yaradılmasının vacibliyini vurğuladı.
Elmi sessiyada AMEA-nın Biologiya və tibb elmləri bölməsinin akademik katibi, akademik Əhliman Əmiraslanov “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri” mövzusunda çıxış etdi. O, son illər ölkəmizin səhiyyə, tibb elmi və təhsili sahələrinin beynəlxalq miqyasa çıxdığını, bu sahələrin inkişafına əlverişli şərait yaradıldığını və nəticədə yeni tədqiqat imkanlarının açıldığını diqqətə çatdırdı.
Tibb elminin inkişafında Azərbaycan Elmlər Akademiyasının təsis edilməsinin mühüm rolu olduğunu vurğulayan akademik bu mərhələni təmsil edən görkəmli alimlərdən Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Əziz Əliyev kimi şəxsiyyətləri xatırlatdı. O həmçinin İvan Şirokoqorov, Zərifə Əliyeva, Abdulla Qarayev, Tağı Şahbazi, Cəlil Hüseynov və digərlərinin də elmi irsi haqqında danışdı, qeyd etdi ki, bu alimlər Azərbaycan tibb elminin zəngin ənənələrini müasir biliklər və nailiyyətlərlə birləşdirərək, elm və səhiyyəmizə böyük töhfələr veriblər.
Ə.Əmiraslanov məruzəsində dünyada orta yaşın dinamikası, genomika, molekulyar biologiya, hüceyrə texnologiyaları və digər prioritet elmi istiqamətlər, ATU-nun Onkoloji Klinikasında aparılan elmi tədqiqatlar haqqında məlumat verdi. Periferik sinirlərin mikroskopik səviyyədə araşdırılması, Naftalan neftinin və digər təbii mənbələrin klinik-eksperimental tədqiqi, eləcə də bir sıra xəstəliklərin öyrənilməsi sahəsində qazanılan uğurlardan danışdı. Akademik vurğuladı ki, hazırkı mərhələdə konkret məqsəd əhalinin sağlamlığının qorunması üçün elmi tədqiqatları innovativ yüksək texnologiyaların yaradılmasına və tibbi praktikada tətbiqinə yönəltməkdir. Həmçinin elmi tədqiqat resurslarını prioritet istiqamətlərdə cəmləmək, tədqiqat mərkəzlərini müasirləşdirmək, multidisiplinar tədqiqat qrupları yaratmaq və mövcud mərkəzlərdən səmərəli istifadə etmək üçün tədqiqatlar aparmağı əsas məqsədlər kimi sadaladı.
Sessiyada Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli “Əhalinin sağlamlığının qorunması sahəsində tibb elminin müasir nailiyyətləri”, AMEA-nın müxbir üzvü Nuru Bayramov və ATU-nun Xarici Tələbələrlə iş üzrə dekanı, tibb üzrə fəlsəfə doktoru Orxan İsayev “Kök hüceyrə üzrə tədqiqatların klinik praktikada əhəmiyyəti”, Milli Onkologiya Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov “Onkoloji və ürək xəstələrinin diaqnostikası və müalicəsində nüvə tibbinin rolu”, AMEA Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Haşımova “Azərbaycanda uzunömürlülük fenomeni: tibbi-bioloji və demoqrafik aspektləri”, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov “Azərbaycanda qeyri-infeksion xəstəliklərin tibbi-sosial və iqtisadi aspektləri”, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov “Azərbaycanda çox rast gəlinən oftalmoloji patologiyaların yayılması və tibbi-sosial əhəmiyyəti” mövzularında, AMEA Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Qasımov biofizikanın tibbdə əhəmiyyətinə dair çıxışlar etdilər.
Sonda səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək, hər iki qurumun rəhbərliyi səviyyəsində keçirilən birgə tədbirin əhəmiyyətini vurğuladı. Səhiyyənin inkişafı və qarşısında duran problemlərin həlli üçün müxtəlif elm sahələrinin nailiyyətlərindən daim bəhrələnildiyini dedi. Nazir hazırda Azərbaycan səhiyyəsində uğurlu islahatlar aparıldığını, elmi tədqiqatların səviyyəsini yüksəltmək üçün tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirildiyini, unikal elmi cihazlardan istifadə olunduğunu, tədqiqat institutlarında kadr hazırlığının gücləndirildiyini bildirdi.
Öz çıxışında ölkə səhiyyəsinin bir sıra aktual məsələlərinə də toxunan Oqtay Şirəliyev əhalinin sağlamlığı baxımından böyük əhəmiyyət daşıyan dövlət proqramlarının icrasından, praktik səhiyyənin hazırkı vəziyyətindən, regionlarda tikilib istifadəyə verilən müasir tibb müəssisələrinin və diaqnostika mərkəzlərinin fəaliyyətindən danışdı. Vaxtilə müxtəlif elm sahələrindən mütəxəssislərin səhiyyənin inkişafına töhfələr verdiyini, cihazlar, ləvazimatlar düzəltdiyini xatırladan nazir bu işbirliyinin daim inkişafa xidmət etdiyini vurğuladı, belə əməkdaşlığa bu gün də ehtiyac olduğunu söylədi.
Çıxışlar ətrafında müzakirələrdən sonra elmi sessiya qərar qəbul etdi. Sənəddə ölkəmizdə tibb elminin və səhiyyənin inkişafı ilə bağlı zəruri olan bir sıra vəzifələr öz əksini tapır. O cümlədən, müxtəlif istiqamətlər üzrə gələcəkdə AMEA və Səhiyyə Nazirliyi arasında daha səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması, müasir elmi problemlər üzrə, xüsusilə kök hüceyrələri, insan genomu və nüvə tibbi ilə bağlı birgə elmi laboratoriyaların təşkili və müştərək tədqiqatların aparılması, tibb elmləri üzrə fundamental elmi nəticələrin innovativ tətbiqi, elektron tibbin inkişafı, tibb elmi ilə təhsilin inteqrasiyasının dərinləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi qərara alındı.

Ü.FƏRZƏLİYEVA







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova