Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi

Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi

12 dekabr – Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ümummilli lider Heydər Əliyevin anım günündə ölkəmizin tibb ictimaiyyəti ulu öndərin xatirəsini qədirbilənliklə anıb, ona öz ehtiramını ifadə edib.
Anım günü münasibətilə Səhiyyə Nazirliyinin rəhbərliyi, əməkdaşları, Nazirliyin kollegiya üzvləri və tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər. Ziyarətçilər ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə bir sıra tibb və tibb təhsili müəssisələrində, səhiyyə idarələrində tədbirlər keçirilib.
Azərbaycan Tibb Universitetində (ATU) ümummilli liderin anım gününə həsr olunmuş tədbirdə çıxış edən universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev ulu öndərin həyat və fəaliyyəti barədə danışıb, onun rəhbərliyi dövründə ölkənin bütün sahələrinin, o cümlədən təhsil və səhiyyənin yüksək səviyyədə inkişaf etdiyini deyib. Azərbaycanın rifahı və gələcək inkişafı üçün əvəzsiz işlər görmüş bu dahi siyasətçini “dünya siyasət elitasında nüfuz və söz sahibi olan böyük şəxsiyyət” adlandıran prorektor bir azərbaycanlı olaraq onunla qürur duyduğunu söyləyib: “Hazırda ölkənin aparıcı struktur orqanlarında çalışanların çoxu vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə xaricdə təhsil alanlardır. Belə ki, sovet dövründə Azərbaycan gənclərinin tələbə kimi xarici ölkələrə oxumağa göndərilməsi məhz ulu öndərin böyük əməyi nəticəsində baş tutub. O, yüksək savadlı və bacarıqlı kadr hazırlığı məsələlərinə hər zaman böyük diqqət yetirirdi”.
Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra Heydər Əliyevin ölkəmizdə bütün sahələrdə yeniliklər etdiyini deyən S.Əliyev ümummilli liderin müstəqillik dövründə 2 dəfə ATU-ya gəldiyini, onun təhsil və səhiyyə sahəsinə, xüsusilə Tibb Universitetinə böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Daha sonra çıxış edənlər ulu öndərin Azərbaycan xalqı qarşısında çoxsaylı xidmətlərindən, Vətənimizin rifahı və gələcək inkişafı üçün gördüyü işlərdən danışıblar.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində (AEM) dahi şəxsiyyətin xatirəsinə ehtiram məqsədilə keçirilən tədbirdə unudulmaz liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi, təhlükəsizliyi və inkişafı uğrunda atdığı mühüm addımları əks etdirən sənədli film nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycan səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Səhiyyə Nazirliyinin dəstəyi ilə, Respublika Diaqnostika Mərkəzinin (RDM) nəzdindəki Bakı Ürək Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən təşkil olunan konfransın sədri, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib ki, son illər Azərbaycan dövləti tərəfindən səhiyyəyə diqqətin artırılması nəticəsində bir sıra uğurlara nail olunub, vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən mühüm tədbirlər əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına ciddi təsir göstərib. R.Mahmudov qeyd edib ki, səhiyyənin modernləşdirilməsi, infrastrukturunun yenilənməsi, yeni tibb müəssisələrinin istifadəyə verilməsi və ən müasir avadanlıqlarla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin dövrümüzün tələblərinə uyğunlaşdırılması bütövlükdə ölkə səhiyyəsinin inkişafına töhfə verib.
Sonra konfransda ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətləri, bu sahədə qabaqcıl təcrübəni diqqətə çatdıran məruzələr dinlənilib.
Yerli səhiyyə ocaqlarının həkimlərinin iştirak etdiyi tədbir təqdimatlar ətrafında müzakirələrlə yekunlaşıb.
Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Mərkəzi Klinikada keçirilən tədbirdə klinikanın baş direktoru İxtiyar Sultanov dahi siyasətçinin həyat və fəaliyyəti barədə danışıb. “Müasir müstəqil Azərbaycan ulu öndərin şah əsəridir”, - deyən baş direktor bu dahi şəxsiyyətin bütün ömrünü ölkəmizin inkişafına, xalqımızın rifahının yaxşılaşmasına həsr etdiyini vurğulayıb, qeyd edib ki, onun Azərbaycan üçün gördüyü əzəmətli işlərin nəticələrini hər kəs öz sahəsində aydın hiss edir.
Tədbirdə çıxış edən Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev ümummilli liderin Vətənimizin dövlət müstəqilliyinin dönməzliyini təmin edən, ölkəmizin bütün istiqamətlər, o cümlədən səhiyyə sahəsi üzrə inkişafının əsaslarını formalaşdıran dahi şəxsiyyət olduğunu söyləyib.
Anım tədbirinin sonunda dahi rəhbərin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Suraxanı Tibbi Bərpa Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü münasibətilə rayonun səhiyyə işçilərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi İlhamə Cabbarova dünya şöhrətli siyasətçi Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.
Toplantıda çıxış edən 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin istedad və bacarığı, tükənməz enerjisi, qətiyyəti, siyasi prosesləri idarə etmək məharətindən bəhs edib, ən çətin məqamlarda, böhranlı vəziyyətlərdə sarsılmaz iradə və dəyanətindən, həmişə ən doğru çıxış yolu tapmaq keyfiyyətindən danışıb.
Suraxanı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışından, müstəqilliyimizi möhkəmləndirmək üçün gördüyü tədbirlərdən söhbət açıb.
24 nömrəli Şəhər Poliklinikasının baş həkimi Hacağa Bağırov və 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Şəfa Yusifova ümummilli liderin rəhbərliyi illərində ölkə səhiyyəsində islahatların bünövrəsinin qoyulduğunu söyləyiblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova