Professor Paşa Qəlbinur: “Gözlərinizi göz bəbəyi kimi qoruyun”
Budəfəki həmsöhbətimiz ömrünü nura həsr edən – öz elmi ilə insanların gözlərini, ədəbi yaradıcılığı ilə qəlblərini nurlandıran ziyalı, həkim-oftalmoloq, şair, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur oldu.
- Həkimlər adətən xəstələrin öz sağlamlığına biganə yanaşmasından, mütəxəssisə vaxtında müraciət etməməsindən gileylənirlər. Bu cəhətdən pasiyentlərinizdən fərqlənirsiniz?
- Deyə bilmərəm ki, xəstələrimdən fərqliyəm. Şükür, səhhətimdən elə bir şikayətim yoxdur. Ancaq vaxtlı-vaxtında həkimə gedirəm desəm, yalan olar. Məsələn, neçə vaxtdır diş həkiminə getməliyəm, amma yubadıram. Öz sağlamlığına biganəlik yaxşı xüsusiyyət deyil, amma bizim xalqda bu cəhət, təəssüf ki, var. Ancaq özüm riayət etməsəm də, bütün xəstələrimə vaxtında həkimə getməyin, lazımi profilaktik tədbirlər görülməsinin vacibliyini həmişə xatırladıram. Cansağlığı hər şeydən vacibdir.
Valideynlər çox vaxt övladlarının sağlamlığı və digər ehtiyacları ilə bağlı məsələləri, onların problemlərinin həllini ön plana keçirərək, özlərini yaddan çıxarırlar. Bizim üçün hər zaman öncə uşaqlar gəlir. Amma, məsələn, təyyarədə qəza şəraiti yarananda, oksigen çatışmazlığı olanda, qaydalara görə, oksigen maskasını birinci özün geyinməlisən ki, uşağına da yardım edə biləsən. Övladını istəyən valideyn özünü də düşünməlidir.
- Kiçik yaşlardan yaradıcılığa meyil etmisiniz, şeirlər yazmısınız. Bəs, sizdə göz həkimi olmaq istəyi haradan yarandı?
- Həqiqətən də, şeir yazmağa erkən – 13 yaşımda başlamışam. Təsadüfə baxın ki, ilk şeirimin adı “Gözlər” idi. 1987-ci ildə artıq SSRİ Yazıçılar İttifaqına üzv olmuşdum. İndi də Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. “Qara su” romanım bir neçə dəfə təkrar nəşr olunub, mükafatlar alıb. Bu əsər Rusiyada, Hollandiyada, İngiltərədə də işıq üzü görüb. Bununla yanaşı, şeirlərim, esselərim də xarici dillərə tərcümə edilib.
Həkimlik peşəsinə sevgim isə mənə irsən keçib. Biz göz həkimləri nəsliyik. 100 ildən artıqdır ki, ailəmizdə bu ənənə davam edir. Dayım da tanınmış göz həkimi idi. Kiçik yaşlarımdan onun yanına gələnlərin gözlərinə nur bəxş etdiyini, insanların hədsiz sevincini, ona minnətdarlıq dolu baxışlarını görmüşəm və bu sənəti sevmişəm.
Biz ailədə 3 uşaq olmuşuq. Valideynlərim təhsilə çox önəm verib, dərslərimizə həddən artıq tələbkar yanaşıblar. Ona görə də hər üçümüz orta məktəbi qızıl medalla bitirmişik, Moskvada aspirantura oxumuşuq. Ancaq onların heç biri ədəbi fəaliyyətlə məşğul olmur. Çünki bu, çox oxumaqla qazanılan istedad deyil.
Qeyd edim ki, bacım da oftalmoloqdur. O hazırda ailəsi ilə birlikdə Moskvada yaşayır və çalışır. Övladlarımın ikisi – oğlum və qızım da göz həkimidirlər. Kiçik qızım isə hazırda xarici ölkədə tibb təhsili alır və o da oftalmoloq olmaq arzusundadır. Məncə, bu ənənə bir nəsildə qazanılan təcrübənin digərlərinə ötürülməsi baxımından müsbət haldır.
- Sizin cəmiyyətdə bu qədər tanınmanızda, təbii ki, həkimlik fəaliyyətinizdən daha çox, şeirləriniz, digər əsərləriniz mühüm rol oynayıb. Maraqlıdır, ədəbi yaradıcılıqla tibbi fəaliyyətiniz bir-birinə mane olmur ki?
- Qətiyyən. Əslində, hər iki sahə bir-birinin inkişafına təkan verir, fərqlilik yaradır. Çünki onların arasında bir bağlılıq var – hər iki sənətin obyekti insan, onun mənəvi, fizioloji dünyasıdır. Bunu inkar etmək olmaz.
Qeyd edim ki, əsrlər boyu tibb elmi fəlsəfənin tərkib hissəsi olub. Zaman keçdikcə inkişaf edən təbabət artıq fəlsəfənin çərçivəsinə sığmayıb. Sonrakı dövrdə təbabəti incəsənətlə bağlayıblar. Bir neçə əsr sonra isə tibb elmi incəsənətin də sərhədlərini aşıb və ayrıca sahə kimi formalaşıb. Nəhayət, XIX əsrin sonunda dünyada belə bir fikir qəbul olunub ki, tibb elmi 3 dayaq – təbabət, incəsənət və fəlsəfə üzərində dayanır və inkişaf edir. Təbabət bu üç elm sahəsinin ilahi vəhdətindən ibarət fəaliyyət növüdür. Əsl həkim gərək fəlsəfəni də, incəsənəti də bilsin. Mən tələbələrimə həmişə tapşırıram ki, dünya ədəbiyyatı ilə tanış olsunlar, əsərlər oxusunlar, tamaşalara getsinlər. İnsan Allahın yaratdığı müqəddəs və mükəmməl varlıqdır. Onu öyrənmək, ona korreksiya vermək üçün çox geniş biliklərə malik olmaq lazımdır.
- Xəstənin sağalmasında onun iradəsi və həkimə daxili inamı nə dərəcədə rol oynayır?
- Bunun çox mühüm rolu var. İnamla xəstəliyə qalib gəlmək mümkündür və mən həkimlik təcrübəmdə belə hadisələrlə çox qarşılaşmışam. Onlardan birini sizinlə bölüşüm.
Ukraynadan bir qadın 13 yaşlı qızı ilə mənim yanıma gəlmişdi. Qızın gözləri görmürdü və onu Rusiyada və digər yerlərdə müayinədən keçirən həkimlər xəstəliyinin çarəsi olmadığını, əməliyyat edilsə belə, görməyəcəyini bildirmişdilər. Mən də qızı müayinə etdikdən sonra eyni qənaətə gəldim və əməliyyatın heç bir müsbət təsirinin olmayacağını izah etməyə çalışdım. Ancaq ana israrla bildirdi ki, mən yuxuda görmüşəm ki, siz mənim qızımı əməliyyat edəcəksiniz və onun gözləri açılacaq. O məni də inandırmağı bacardı və razılaşdım. Əməliyyatdan sonra qızın gözləri gördü. Belə saysız-hesabsız möcüzələr yaşamışam. İnam çox önəmlidir. Biri var bataqlıqda ev tikəsən, biri də var möhkəm təməl üzərində. İnam bataqlığı qurudan vasitədir, fundamentdir, etibardır.
- Paşa Qəlbinur dünyanı hansı rəngdə görür?
- Rəngarəng, 7 rəngin milyonlarla çalarında. Dünyanın, yaşadığımız hər anın öz gözəlliyi var. Sadəcə, bunu görməyi, bizə bəxş etdiklərinə görə Allaha şükr etməyi, sevinməyi bacarmalıyıq. Sevinc gözəl duyğudur. Dünyada kədər, qəm-qüssə də var. Ancaq sevinc, sevgi daha çoxdur.
- Amma nədənsə kədər rəngi olan qaranı daha çox sevirsiniz...
- Qara kədər rəngi deyil. Kor insanlar da dünyanı qara deyil, boz görürlər. Qara bizim inanclarımızda da mübarək rəngdir, bu mənim üçün eşq, məhəbbət, zadəganlıq, nəciblik rəmzidir.
Əslində, kədərin zirvəsi qara yox, qırmızı rəng, ağlamaq yox, gülməkdir. Məsələn, bir insan öz doğmasını itiribsə, ağlayırsa, bu, kədərin son həddi deyil, zirvəyə gedən yoldur, ancaq qəhqəhə çəkib gülürsə, kədərin son nöqtəsidir. “İblis” əsərində bir ifadə var: “Ağlamaq istər ikən həp gülərəm” – kədərin zirvəsi budur. Ya da gənc insan rəhmətə gedəndə üstünə qırmızı rəngli parça salırlar. Bu zaman qırmızı rəng kədərin son həddini ifadə edir.
- Bir məsələdə də göz həkiminin fikrini bilmək maraqlıdır – göz dəyməyə inanırsınız?
- Bəli. Çünki gözdəymə var. İnsanın gözündən ayrılan şüalar bir-birindən fərqlidir və onlar çox olanda qarşıdakı adama müəyyən dərəcədə müsbət və ya mənfi təsir göstərir. Amma gözdəymənin çox ağır fəsadlar yaratması, xəstəliyə, ölümə səbəb olması ilə bağlı xalq arasında yayılan fikirləri doğru saymıram.
- Deyirlər, gözlər qəlbin aynasıdır...
- Bəli. Bədii yanaşsaq, gözlər qəlbin, elmi cəhətdən isə bütün orqanların aynasıdır. Bütün xəstəliklərin gözdə əlaməti, izi var. Gözə baxaraq bir çox orqanların xəstəliklərinə diaqnoz qoymaq mümkündür. Akademik Zərifə xanım Əliyeva bu sahə ilə – iridodiaqnostika ilə bağlı SSRİ məkanında çıxan ilk monoqrafiyanın həmmüəlliflərindən biri idi. İridodiaqnostika zamanı qüzehli qişaya baxılır, şəkili çəkilir və böyüdülərək orada hər bir orqana aid mövcud olan nöqtələr təhlil edilir. Hətta bu üsulla insanın 5-10 il əvvəl hansı xəstəliyi keçirdiyini də demək mümkündür. Dünyada elə bir sistem xəstəliyi yoxdur ki, onun gözdə təsiri olmasın.
- Güclü insansınız?
- Bəli. Mən özümü güclü sayıram. Gözümü açandan yaşadığım problemlərə, çətinliklərə baxmayaraq, heç vaxt həyata məğlub olmamışam. Ömrüm zəhmətlə keçib. Alpinist kimi, əl-ayağım dona-dona qayadan, daşdan tutub, addım-addım zirvəyə doğru qalxmışam. Aşağıda uçurumu görüb əlimi buraxmamışam.
- Zirvəyə çata bilmisiniz?
- Deyə bilmərəm ki, indi olduğum nöqtə zirvədir, ya yox. Amma qarşıma qoyduğum məqsədlərə bir-bir çatmışam. Sağalma şansı olmayan xəstəni müalicə etmişəm. Həm yazıçı, həm müəllim, həm də oftalmoloq kimi özümü təsdiqləmişəm.
- Amma hər güclü insanın da bir zəif tərəfi var...
- Haqsızlığa, nahaq deyilən sözə, edilən hərəkətə qarşı dözümsüzlük və sərt reaksiya vermək zəif cəhətimdir. Əslində, hövsələsiz adam deyiləm. Çox səbirliyəm. Amma bəzən özümdən çıxıram. Müdriklik isə odur ki, bütün situasiyalarda səsini qaldırmadan sözünü deyə biləsən.
Bir zəif cəhətim də odur ki, hamıya kömək etmək istəyirəm, bu da mümkün deyil. Bacarmayanda isə çox mütəəssir oluram.
- Bir neçə istiqamətdə işlərinizi çatdırmaq üçün vaxtınızı necə bölürsünüz?
- Mənim anam çox ağıllı qadın idi və onun deyimləri həmişə yoluma işıq salıb. Anam bədii dillə deyirdi ki, insan ayını dayıdan ayırmağı bacarmalıdır. Fəlsəfədə buna “əsası əlavədən ayırmağı bacarmaq” deyilir. Bu, çox vacib məsələdir. Həmişə çalışmışam ki, həmin prinsiplə hərəkət edim. Amma bəzən məcbur olub əlavə işi əsasdan önə salıram.
Elmlə bağlı işlərimi planlaşdıra bilirəm. Yaradıcılıq isə plansız fəaliyyətdir. Əslində, mən bütün varlığımla oftalmologiyadayam, onunla nəfəs alıram və demək olar ki, şeir yazmamağa çalışıram. Amma bəzən hiss edirəm ki, yazmasam, ürəyim partlaya bilər. Yəni “desəm, öldürərlər, deməsəm, ölləm” dileması qarşısında qalıram. Adətən yazmamaq mümkün olmayanda yazıram. Heç yazımın janrını da öncədən planlaşdırmıram. Sadəcə, fikirlərimi kağıza köçürməyə tələsirəm. Necə ki, əlindən bir badya süd tökülür və axıb çuxura gedir, yazı da elədir – yazırsan, o öz janrını tapır. Yazının yalnız qaranlıqda başlığını görürəm, sonra o bir kəndir kimi mənim ürəyimdən, içimdən sökülüb gəlir.
Onu da deyim ki, yaradıcılıq mənim üçün iş deyil. Mən ailəmlə birlikdə olanda və yaradıcılıqla məşğul olanda dincəlirəm.
- Sizcə, uğur qazanmağın sirri nədir?
- Ən önəmlisi – nəsə etmək istəyəndə gərək düşünməyəsən ki, görəsən, filankəs nə deyər?! Mən hər zaman gənclərə deyirəm ki, nəsə edəndə ancaq Allahı düşünün. Fikirləşin ki, ona xoş gedər, ya yox!? Mən həmişə Allaha xoş gedəni etməyə çalışmışam.
- Xəstə insanlara “Allah şəfa versin” deyirik. Sizcə, bu ifadə həkimlərin əməyinə haqsızlıq deyil ki?
- Kainat bizim Allah adlandırdığımız böyük güc tərəfindən ədalət qanunları ilə idarə olunur. Xəstəyə dərdi də Allah verir, çarəni də. Həkim isə, sadəcə olaraq, Allaha xəstəsinə görə minnətçi düşür. Mən 30 mindən artıq xəstəni əməliyyat etmişəm və çox maraqlı hallarla rastlaşmışam. Eyni dərmanı və ya cərrahi üsulu 100 nəfərə tətbiq edirsən, 30 nəfərə çox yaxşı, 30-na orta, 30-na zəif təsir edir. 10 nəfərə isə ümumiyyətlə təsir etmir. Söhbət yaşdan və ya sağlamlıqdan getmir. Hətta eyni yaşda, eyni sağlamlıqda olan insanlarda belə, nəticə fərqli ola bilir. Bəzən möcüzə olur, tibbə görə yüz faiz sağalmamalı olan xəstə sağalır. Allah istəməsə, həkim heç bir xəstəni müalicə edə bilməz.
- Tənqidə münasibətiniz necədir?
- Kim desə ki, “mənim tənqiddən xoşum gəlir”, inanmayın. Amma yaş keçdikcə, müəyyən biliklər topladıqca, tənqidə münasibət dəyişir. Tənqid haqlı olanda heç bir mənfi reaksiya doğurmur. Tənqid edənin kimliyindən və üslubundan da çox şey asılıdır. Yəni “Oha var dağa qaldırar, oha var dağdan salar”. Mahiyyətində ədalətli fikir, xeyirxahlıq olan tənqidi fikirlər nəzərə alınmalı, yaxşı qəbul olunmalıdır. Mahiyyətində məkr, aşağılamaq, paxıllıq olan tənqidə və tənqidçiyə isə əhəmiyyət vermək lazım deyil.
- Dünyanın bir çox həkimləri, o cümlədən oftalmoloqları “Mona Liza” əsəri barədə yazıblar. Siz də “Cakondanın kodu və ya da Vinçi” essesini qələmə almısınız...
- Həqiqətən də, dünyanın bütün tibb elmi sahələrindən olan adamlar Cakondaya izahat veriblər. Mən onların hər birini araşdırmışam, dediklərini təhlil etmişəm. Əsərin sirrlərini tibb qanunları ilə açmışam. Bununla bağlı müxtəlif ölkələrdən çoxsaylı məktublar da almışam.
- Paşa müəllim, bu gün ədəbi yaradıcılıqla məşğul olanların şikayət etdiyi əsas məsələ oxucu problemidir. Siz də eyni fikirdəsiniz?
- Məncə, hər oxucunun yazılarını axtardığı, izlədiyi öz müəllifləri var və onları heç vaxt unutmur. Yeni nə yazsa, xəbər tutur, tapıb oxuyur. Bu baxımdan, mən, sizin dediyiniz kimi, ciddi oxucu problemi hiss etmirəm. Əsərlərin müxtəlif xarici dillərə tərcümə olunması da oxucu auditoriyasını genişləndirir. Mənim "Qara su" romanım 2009-cu ildə rus dilində nəşr olunandan sonra bir sıra Avropa ölkələrində, İsraildə, Amerikada və digər ölkələrdə yaşayan rusdilli oxuculardan məktublar alırdım.
- Sizcə, sevgi nədir?
- Məncə, bu dünyanın iki ən çətin sualından biri budur. Sevgi insanın ömrünü uzadan, onu qanadlandıran gücdür, enerjidir. Sevgi dünyanı gözümüzdə günü-gündən daha da gözəlləşdirən, rəngləndirən duyğudur, Allahın bəxş etdiyi dəyərli töhfədir. Sevgini tam anlamı ilə izah etmək mümkün deyil, onu yaşamaq lazımdır. Sevgisiz yaşamağın mənası yoxdur.
- Ən böyük sevginiz?
- Anama olan sevgim. Mən elə bilirdim, anamsız yaşaya bilmərəm. Amma zaman keçdikcə anlayırsan ki, bu, doğru deyil. Bir gün Tanrı səni həyatın gerçəyi ilə üz-üzə qoyur və sən dinməz-söyləməz baş verənlə barışırsan, hətta ən böyük sevginin itkisi ilə də.
- Taleyə inanırsınız?
- Bəli, çox inanıram. Düşünürəm ki, mən göz həkimi olmaq üçün dünyaya gəlmişəm.
- Sizin fikrinizcə, ölüm nədir?
- Yerdəyişmə, bir mühitdən digərinə keçid. Mən hazırda 3 dünyada yaşayıram. Əməliyyat otağında bir dünyada oluram. Onda beynimə nə şeir gəlir, nə də başqa şey. Demək olar ki, hər yerdə – iclasda, təyyarədə, yuxuda, yolda, toyda, maşında və s. şeir yazan Paşa Qəlbinur əməliyyat otağında belə bir istedadının olduğunu belə xatırlamır. İkincisi şeir yazanda yaşadığım dünyadır. O dünyada keçirdiyim hissi, həyəcanı sözlə ifadə etmək çətindir. Üçüncüsü isə yaradıcılıqdan və əməliyyat otağından kənardakı adi məişət dünyasıdır. Və mən bilirəm ki, nə vaxtsa dördüncü dünyaya köçəcəyəm.
- O dördüncü dünyadan qorxursunuz?
- Ölüm məndən çox uzaqdır. Düzü, onun haqqında heç fikirləşmirəm.
- Paşa müəllim, sizin adınızla bağlı olan Musayev müalicə üsulu var. Bu barədə məlumat verərdiniz...
- Bu mənim təklif etdiyim, qlaukoma xəstəliyinin ən ağır formalarının cərrahi müalicəsində tətbiq olunan effektli üsul – kapsuloplastikadır. Musayev üsulu orqan və toxuma transplantasiyasında yeni istiqamətdir və bütün dünyada qəbul olunub.
- Elmi uğurlarınızdan biri də “Aktipol” dərman preparatının kəşfidir...
- Bu dərman preparatı mənimlə yanaşı, həm də bacım, tibb elmləri doktoru Sevinc Əkbərovanın və professor Olqa Stroyevanın adı ilə bağlıdır. Qeyd edim ki, 15 ildən artıq tədqiqatlar aparılıb, dünyanın müxtəlif ölkələrində təcrübədən keçirilib. Bu, son 100 ildə Azərbaycanın yeganə dərman preparatıdır ki, Rusiya Farmakopeya Komitəsi tərəfindən təsdiq edilib. Həmçinin “Aktipol” bütün müsəlman dünyasında Brüssel Ümumdünya Sərgilər Salonunun böyük qızıl medalını alan və maliyyə nazirinin xüsusi prizinə layiq görülən yeganə dərmandır. Virus əleyhinə olan bu preparat Moskvada istehsal edilir və dünyanın çox ölkələrinin farmakopeya komitələri tərəfindən təsdiqlənib. “Aktipol” çoxşaxəli təsir mexanizminə malikdir – o həm immunomodulyatordur, həm regenerasiya qabiliyyəti var, həm də torlu qişanın retinoprotektorudur.
- Bu gün çarəsi hələ də tapılmayan göz xəstəlikləri çoxdur?
- Xeyli var. Amma onu da qeyd edim ki, oftalmologiya digər sahələrlə müqayisədə çox inkişaf edib, inkişaf səviyyəsinə görə ancaq epidemiologiyadan geri qalır. Əksər hallarda biz insanlara kömək göstərə, onlara işıq bəxş edə bilirik. Ancaq elə problemlər var ki, hələ ki onun qarşısında acizik.
- Bəs dünya oftalmologiya elminin səviyyəsi ilə müqayisədə Azərbaycanda bu sahədə vəziyyəti necə qiymətləndirmək olar?
- SSRİ dövründə sovet ideologiyası bir çox sahələrdə olduğu kimi, tibbdə də bəzi istiqamətlərin inkişafına maneə yaradırdı. Məsələn, həmin dövrdə genetika elm kimi rədd edilir, inkişaf etməsinə imkan verilmirdi. Genetiklərin yazdıqları elmi işlər ləğv edilirdi. Kardiocərrahiyyəyə perspektivsiz sahə kimi baxılırdı. Ancaq çox qəribədir ki, oftalmologiyaya o cür ideoloji basqı olmayıb. Oftalmologiya Avropa ilə, Amerika ilə paralel inkişaf edib.
Bu gün Azərbaycanda bu sahə inkişaf etmiş ölkələrin oftalmologiyası ilə müqayisə oluna bilər. Hazırda bizim onlardan, onların da bizdən öyrəndiyi şeylər var. Praktik olaraq, elə bir göz problemi yoxdur ki, onun müalicəsi harada isə olsun, Azərbaycanda yox.
- İnsanların gözünə işıq bəxş edən həkimin öz gözləri necə görür?
- Bu baxımdan mən şanslı doğulmuşam. Gözdə görmə qabiliyyəti müxtəlif olur. Torlu qişanın hüceyrələri nə qədər kiçik olsa, göz o qədər yaxşı görür. Mənim gözümdə onlar 3 dəfə kiçikdir. Buna görə də görmə qabiliyyətim yaxına 3 dəfə, uzağa 2 dəfə artıqdır. Atamda da belə idi. Oftalmoloq olduğum üçün bu özəllik işimə yarayır.
- İnsanlar gözlərini necə qorusunlar? Cəmiyyətə çatdırmaq istədiyiniz məsləhətiniz varmı?
- Gözlərinizi göz bəbəyi kimi qoruyun. Bu gün ekologiya bizim zərərimizə dəyişib. Təbiət öz təbii halından çıxıb, su, hava çirklənib, qidalar təbii deyil, meyvələrin geni dəyişdirilib. Digər tərəfdən, hara baxırıqsa, gözümüzün qarşısını hündür binalar kəsir. Əvvəllər binadan baxanda dəniz görünürdü, gözlər uzağa akkomodasiya edirdi. İndi hər yeri binalar kəsib. Ona görə də yaxıngörmə yaranır. Məsləhət görərdim ki, insanlar heç olmasa, ildə bir dəfə kəndə, dağlara getsinlər. Bu da gözə qulluq sayılır. Heç olmasa ildə bir dəfə həkim müayinəsindən keçsinlər. Qar yağanda, günəşli günlərdə mütləq eynək taxsınlar. Həm özləri, həm də uşaqlar texnoloji vasitələrlə az təmasda olsunlar. Bəzən qadınlar saatlarla internetin qarşısında oturub paltar axtarırlar. Bu qədər ifrata varmasınlar. Gözlərinə əl vurmasınlar. Gözdə özfəaliyyət də yolverilməzdir. Məsələn, qonşuya yaxşı təsir edən dərmandan siz də almayın. Çünki qonşuya yaxşı təsir edən sizə pis təsir edə bilər.
- Sonda həkimlərimizə arzularınızı eşitmək istərdik.
- Onlara böyük səbr, sağlamlıq arzu edirəm. Biz ön cəbhədə olan döyüşçülərik. Hər gün ən ağrılı-acılı insanlarla təmasdayıq. Onların bəzən əsəbləri yerində olmur. Xəstə insandan sağlam adamdan gözlədiyin etik normanı ummaq doğru deyil. Əgər varsa, çox gözəl, yoxdursa, onların dərdlərinə bağışlasınlar.
Ü.FƏRZƏLİYEVA