Böyükkişi Ağayev: “Hər sağalan xəstə qəlbimizi fərəh və sevinc hissi ilə doldurur”

Böyükkişi Ağayev: “Hər sağalan xəstə qəlbimizi fərəh və sevinc hissi ilə doldurur”

«Ömür axıb gedən zamanın bizə düşən kiçik bir hissəsi, çətin, əzablı yollardan, xoş və gərgin günlərin təəssüratından, xatirələr və arzularla qovuşan anlardan bütövləşmiş vaxt ölçüsüdür. İndi ömrümün 88-ci ilinin zirvəsindən baxanda aşağılarda, çox uzaqlarda sərhədləri o qədər aydın olmayan uşaqlıq illərinin, zəhmətlə dolu hadisələrin və çapıqlaşmış yaraların izləri ilə yanaşı, qırmızı, işıq saçan cizgilər də görünür. Bu cizgilər mənim Vətənə və xalqıma olan xidmətlərimdən, Allahın köməyi ilə, minlərlə insana peşəkarlıqla bəxş etdiyim yaşamaq sevincindən, ailə səadətindən, yetişdirdiyim tələbələrimdən xəbər verir. Bütün bunlar yaşadığım həyatın mənasıdır», - deyən akademik Böyükkişi Ağayevdir budəfəki həmsöhbətim. Bir neçə ay əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə tibb elmi sahəsində nailiyyətlərinə, üçcildlik “Cərrahi əməliyyatlar atlası”nın yaradılmasına və tibbi kadrların hazırlanmasında xidmətlərinə görə Nizami adına qızıl medalla təltif olunmuş, yüksək intellekti, ensiklopedik biliyi, peşəkarlığı, humanistliyi ilə böyük nüfuz qazanmış görkəmli cərrah-alim...

- Söhbətimizə uşaqlıq illərinizlə bağlı xatirələrinizdən başlayaq...
- Mən Zərdab rayonunun Əlvənd kəndində kasıblamış bəy ailəsində anadan olmuşam, məşhur Məlikovlar nəslindənəm. Valideynlərim, baba-nənələrim, onlardan öncəki əcdadlarım da bu kənddə yaşayıblar. Əslində, adımın ata babamın adı olan Böyük bəy əvəzinə Böyükkişi, soyadımın isə atamın adına uyğun olaraq Ağayev yazılması o dövrün siyasi durumuna uyğunlaşmaq, ailəmizi, qatı millətçi Məlikovlar nəslini bolşevik təhlükəsindən, sürgündən, təqiblərdən qorumaq məqsədi daşıyıb. Mən anadan olduğum dövrdə bütün ölkə iqtisadi böhran içərisində idi. Bizim ailə də uzun illər boyu çox çətinliklərlə üzləşib – 3-4 yaşım olmasına baxmayaraq, bir parça yavan çorəyin bizi necə sevindirdiyini yaxşı xatırlayıram.
1934-cü ildə biz Sabirabad elektrik stansiyasında motorçu işləyən atamın işi ilə əlaqədar Sabirabada köçdük. Həmin stansiyaya aid olan, qamışdan tikilmiş 3 otaqlı köhnə evin bir otağını bizə verdilər. 1941-ci ildə təzə tikdirdiyimiz iki otaqlı evə köçənədək orada yaşadıq. Mən 8-ci sinifdə oxuyanda Böyük Vətən müharibəsi başladı. Yenidən ağır günlər, psixoloji gərginlik, sosial çətinliklər... Talonla verirən çörək azlıq edirdi, onu almaq da çətin idi – çörək dükanında gecədən növbə tutmaq lazım gəlirdi...
Amma bütün çətinliklərə baxmayaraq, mən də, qardaşlarım da yaxşı oxuyurduq. Çox vaxt müəllimlərimiz bizi başqalarına örnək göstərirdilər.
1944-cü ildə məktəbi əla qiymətlərlə bitirdim. Sənədlərimi Azərbaycan Tibb İnstitutuna verdim və əlaçı olduğum üçün, o vaxtın qaydalarına görə, qəbul imtahanları vermədən Müalicə işi fakültəsinə qəbul olundum.

- Necə oldu ki, həkimlik peşəsini seçdiniz?
- Orta məktəbdə oxuyanda botanika, zoologiya, anatomiya fənlərinə çox böyük marağım var idi. Həkim olmağı uşaqlıqdan istəyirdim. Şübhəsiz ki, müharibə dövründə rayonumuzdakı hospitalda sanitar kimi tibb bacılarına kömək edən zaman bu istək daha da artdı. İlk dəfə onda ağ xalat geyinmişdim. Hospitalda çoxlu yaralılar var idi. Onlarla ünsiyyətdə olur, ehtiyacı olanların yaralarını sarıyır, bir sözlə, əlimizdən gələni edirdik. Həmin dövrdə həkim olmaq istəyim mənim üçün yeganə arzuya çevrildi. Və mən xəyallarımın ardınca getdim...

- Nə vaxtsa bu sənətə yiyələndiyiniz üçün peşman olmusunuz?
- Yox, heç vaxt. O fikir mənim ağlımın ucundan da keçməyib.

- Bəs, həkim olmasaydınız, hansı peşəni seçərdiniz?
- Doğrusu, hər dəfə bu haqda düşünəndə cavab tapmaqda çətinlik çəkirəm. Özümü nəinki başqa sənətdə, heç həkim-terapevt kimi də görə bilmirəm. Mən ancaq cərrah olmağı arzulamışam.
Amma bu o demək deyil ki, başqa heç bir bacarığım yoxdur. Elmlə də məşğul olmuşam, müəllimlik də etmişəm. Çoxsaylı elmi kitablar yazmışam, dərsliklərim işıq üzü görüb. Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının müdiriyəm, bildiklərimi tələbələrə də öyrədirəm.
Şəkil çəkməyi də bacarıram. Bəlkə də, sırf bu sahəyə özümü həsr etsəydim, dramaturq ola bilərdim. Və yaxud da çəkməçi...

- Sizcə, insan hər hansı sahə üzrə xüsusi istedadla doğulur, yoxsa onu zəhməti hesabına sonradan qazanır?
- Mən istəsəm də, nə qədər çalışsam da, bəstəkar ola bilmərəm. Poeziyanı çox sevirəm, amma şeir yazmaq istedadım yoxdur. “Rəssam olacağam” desəm, bunun üçün çalışsam da, məndən rəssam çıxmaz. Əlbəttə ki, təbii istedad mütləq lazımdır. Ancaq zəhmətsiz də heç bir şey yoxdur. Höte deyirdi ki, təbii istedadın olması o demək deyil ki, o öz-özünə inkişaf edəcək. Onun fikrincə, istedadın 1 faizi anadangəlmədirsə, 99 faizi zəhmətlə qazanılır. Allahın, təbiətin sənə bəxş etdiyi istedadı inkişaf etdirmək qabiliyyəti insanın özündən asılıdır. Əgər sənin zəhmətsevərliyin yoxdursa, məsuliyyətin yoxdursa, təbii istedad batıb gedəcək. O yalnız o vaxt inkişaf edə bilər ki, sən ona zəhmət, əziyyət çəkirsən, gecə-gündüz çalışırsan.

- Sizcə, insanın həyatda uğur qazanması üçün ən vacib şərt nədir?
- Məsuliyyətli olmaq. Əgər məsuliyyət hissi yoxdursa, nə yaxşı peşəkar, nə yaxşı insan, nə yaxşı ailə başçısı ola bilməzsən. Məsuliyyət hər bir sahədə çox önəmlidir. Amma, məncə, həkimlərdə, xüsusən də cərrahlarda bu hiss daha yüksək olmalıdır. Düşünəndə ki, sənə insan həyatı tapşırılır, mütləq məsuliyyətini dərk etməlisən. Heç vaxt öz imkanlarından kənara çıxmamalısan. Əgər bacarmırsansa, yaxud hansısa, lap kiçik də olsa, qaranlıq qalan nüans varsa, kolleqalarınla məsləhətləşməli, hətta ehtiyac yaranarsa, daha yaxşı bilən mütəxəssisi dəvət etməlisən. Allah insana bir dəfə həyat bəxş edir və bu həyatı ondan almağa heç kimin ixtiyarı yoxdur. Bizim işimiz xəstələrə mümkün köməyi göstərməkdir.

- Amma bəzən xəstənin həyatı həkimdən asılı olmur. Xəstəlik qarşısında aciz qaldığınız vaxt özünüzü necə hiss edirsiniz?
- Təbii ki, həkimin ona ümid bəsləyən xəstəni xilas edə bilməməsi, özünü xəstəyə kömək göstərə bilməyəcək qədər gücsüz hiss etməsi kədərli haldır. Çox təəssüf ki, biz hər zaman şəfa bəxş edə bilmirik. Hər kəsə yardım etmək, sağaltmaq, həyata qaytarmaq mümkün olsaydı, çox yaxşı olardı. Amma bəzi xəstəliklərin ağırlıq dərəcəsindən asılı olaraq, sağaldılması bizim imkanlarımız xaricindədir.

- Böyükkişi müəllim, cərrah olmaq üçün hansı keyfiyyətlər lazımdır?
- Bu, mətbuat nümayəndələri tərəfindən mənə tez-tez verilən suallardandır. Bilirsiniz, bununla bağlı çoxlu mülahizələr var və demək olar ki, onların əksəriyyətində həkimin, xüsusilə, həkim-cərrahın insani keyfiyyətlərə malik olmasına böyük əhəmiyyət verilir.
Fransız klinisisti Arman Trussodan soruşurlar ki, həkimdən nə tələb olunur? O cavab verir: “Çox sağlam düşüncə, bir qədər nəzakət və cəsarət”. “Bəs bilik?”, - deyə soruşurlar. “Bəli, o da bəzən gərək ola bilər” cavabını verir. Əlbəttə, Trusso bu cavabı ilə həkimin yüksək biliyə malik olmasının önəmini heç də inkar etmirdi. Sadəcə olaraq, o göstərmək istəyirdi ki, çoxlu bilik sahibi olan, ancaq bu bilikləri təcrübədə tətbiq etməyə cəsarəti çatmayan, sağlam düşüncəsi olmayan, nəzakətsiz həkim kimə lazımdır?!
Ümumiyyətlə, cərrahlıq çox ağır və məsuliyyətli sənətdir. Gündəlik yorğunluq, düşünmək, müşahidə etmək, yuxusuzluq, narahatlıq, psixoloji və fiziki gərginlik, mürəkkəb cərrahi əməliyyatlar aparmaq, əməliyyat olmuş xəstələrin vəziyyəti ilə daim maraqlanmaq kimi fəaliyyətlə dolu həyat yaşadığımız üçün çox vaxt öz şəxsi işlərimizi unudur, həyatın əsl mənasını xəstələrin sağalmasında görürük. Bəzən çox ağır və uzun sürən əməliyyatdan sonra bir qədər istirahət etmək arzusu ilə evə qayıdırsan və az keçməmiş yeni çətin və məsuliyyətli cərrahi müdaxilə ehtimalı ortaya çıxır. Beləliklə, bütün həyatın boyu insanların sağlamlığı uğrunda mübarizə aparırsan. Amma maraqlı məqam ondan ibarətdir ki, bu vəziyyət heç bir cərrahda pessimist duyğular yaratmır, əksinə, hər sağalan xəstə qəlbimizi fərəh və sevinc hissi ilə doldurur. Yəqin ki, bu faktları nəzərə alaraq, Ümumdünya Cərrahlar Cəmiyyətinin emblemində “Cərrahlıq həyat bəxş edir” sözləri yazılıb.

- Övladlarınızdan atasının yolunu seçənlər oldu?
- Bəli, iki qızım həkimdir. Lalə sonoqrafiya üzrə mütəxəssis, Rəna isə oftalmoloqdur. Mən onların sənət seçiminə müdaxilə etməmişəm, Tibb İnstitutunda oxuduqları dövrdə imtahan verməklərinə də, bir dəfə də olsun, qarışmamışam. Əlbəttə ki, həkimlik yaxşı sənətdir. Mən onların seçimindən çox razıyam. Kiçik qızım Nərgiz isə həkim olmaq istəmədi. Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil oldu. İndi ailəsi ilə birlikdə Amerikada yaşayır. Mən övladlarımdan da, onların həyat yoldaşlarından da çox razıyam.

- Həyatınızı göz önündən keçirəndə düşünürsünüzmü ki, əlinizdən gələn, gücünüz çatan hər şeyi etmisiniz, yoxsa daha artığını edə bilərdiniz?
- İndiyə qədər xəstələrin sağalması üçün əlimdən nə gəlibsə, etmişəm. Əgər nəyisə edə bilməmişəmsə, deməli, o mənim imkanım daxilində olmayıb. İstər xəstələrin müalicəsi, sağalıb ayağa qalxması üçün sona qədər mübarizə aparmaq baxımından, istərsə də insanlara yardım etmək baxımından, bacardığım heç nəyi əsirgəməmişəm.

- Büyükkişi müəllim, sizcə, həkimin səhv etməsi bağışlanan haldırmı?
- Bilirsiniz, hətta ən yaxşı həkim də səhv edə bilər. Bəzən o düşünmədən xəstəliyin xüsusiyyətindən asılı olaraq səhvə yol verə bilir. Ancaq bütün hallarda, belə hadisələrə tənqidi yanaşmaq lazımdır. Həkim məsuliyyətini dərk etməlidir. Özündən asılı olmayaraq, təsadüfən hər hansı bir səhv edibsə, mütləq ondan nəticə çıxarmalıdır. Əgər nəticə çıxarmasa, deməli, səhvlər təkrarlanacaq. Həkimdə özünə tənqidi yanaşmaq qabiliyyəti çox vacibdir.

- Xəstənin sağalmasına onun özünün psixoloji vəziyyətinin nə dərəcədə təsiri var?
- Əlbəttə ki, insanın psixoloji durumunun bu məsələdə rolu böyükdür. Sağalacağına inam hissi böyük qüvvədir. Bu zaman xəstə daxili imkanlarını səfərbər edir, mübarizə aparır. Amma, təəssüf ki, bəzən ağır hallarda bu inam nə qədər güclü olur-olsun, hətta daxili iradə də xəstəliyə qalib gəlməyə yardımçı ola bilmir.

- Tez-tez eşitdiyimiz bir fikir var, deyirlər ki, Allah nə qədər ömür yazıbsa, o qədər də yaşayacağıq. Bu fikirlə razısınızmı?
- Allah verən ömrü uzatmaq da olar, qısaltmaq da. Allah sənə ömür veribsə, bu o demək deyil ki, gün ərzində normadan qat-qat artıq yağ, ət yeməlisən. Hər halda, insanın tələbatına uyğun, normal qidalanması onun öz əlindədir. Və yaxud insan içki içsin, siqaret çəksin və s. zərərli vərdişləri olsun, sonra da xəstələnəndə desin ki, “Allah verən ömür bu qədərmiş...” Təbabətin şüarlarından biri sağlam həyat yaşamaqdır. Sağlam həyat tərzi düzgün qidalanmaq, vaxtında yatmaq, istirahət etmək, zərərli vərdişlərdən uzaq olmaq və s. deməkdir.

- Həkimliyə namizəd gənclərimizlə bağlı nə düşünürsünüz? Bir müəllim kimi, tələbələrinizdən razısınızmı?
- Onlarla təmasda olduqda çox istedadlı, hərtərəfli inkişaf etmiş gənclərlə rastlaşıram. Amma Azərbaycan Tibb Universitetində təhsil alan çox zəif tələbələr də var. Bəzən elə şeyləri bilmirlər ki, təəccüblənirsən.
Bir də onu demək istəyirəm ki, bizim gənclər müasir texnologiyalara, internetdən istifadəyə çox meyil etsələr də, özlərini başqa sahələrdə inkişaf etdirmirlər. Təəssüf ki, bir çox hallarda onlar Azərbaycanın və xarici ölkələrin məşhur yazarlarını, bəstəkarlarını, rəssamlarını və s. tanımırlar, klassik əsərlərdən xəbərsizdirlər.
Gənclərimiz bilməlidirlər ki, insan tək öz sənəti ilə inkişaf edə, ziyalı ola bilməz. Onlar tariximiz, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımızla bağlı məlumatlı olmalıdırlar. Hər bir gəncimiz gələcəkdə iştirak edəcəyi beynəlxalq tədbirlərdə ölkəmizi təkcə həkim kimi deyil, Azərbaycan vətəndaşı, ziyalı kimi təmsil edəcək.

- Bu gün sizi daha çox nə narahat edir?
- Torpaqlarımızın işğal altında olması.

- Sizinlə Tibb İşçiləri günü ərəfəsində görüşürük. Sonda tibb işçilərinə arzularınızı eşitmək istərdik.
- Onların hər birinə cansağlığı arzu edirəm. Tibb işçilərimiz sağlam olmalıdır ki, insanların sağlamlığının qayğısına qala bilsinlər. İnsana bir dəfə bəxş edilən ömrü gözəl yaşamaq nəsibləri olsun.
Bu gün Azərbaycan səhiyyəsi inkişaf etmiş bir sahədir. İstər ölkə Prezidenti tərəfindən, istərsə də səhiyyə naziri tərəfindən görülən işlər nəticəsində, əlbəttə ki, çox böyük inkişafa nail olmuşuq. Son zamanlar səhiyyənin imkanları daha da artıb. Mərkəzlə regionlar arasındakı fərq silinməkdədir. Rayonlardakı tibb müəssisələri bəzən hətta Bakıda olanlardan da yaxşıdır. Yeni xəstəxanaların tikilməsi, yeni texnologiyaların tətbiqi – bunlar hamısı bu günün reallığıdır. Səhiyyənin maddi-texniki bazası ilə yanaşı, kadr potensialı da qüvvətlənir. Əlbəttə ki, bu sahədə tələblər çox yüksəlib. Rezidenturanın yaranması, sertifikasiyanın tətbiqi tibb işçilərindən daim təkmilləşməyi tələb edir. Arzu edirəm ki, bütün həkimlərimiz, tibb bacılarımız müasir tibbin səviyyəsinə cavab verən tibb işçiləri olsunlar.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova