Baş kardioloq: Ürək-damar xəstəlikləri koronavirus peyvəndi üçün əks-göstəriş deyil
Səhiyyə Nazirliyinin kardiologiya üzrə baş mütəxəssisi Yusif Nağıyev ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən vətəndaşların vaksinasiyadan keçməsi ilə bağlı suallara aydınlıq gətirib.
- Ürək-damar xəstəlikləri COVID-19 üçün risk qrupuna aiddirmi?
- Bu gün ürək-damar xəstəlikləri (ÜDX) olan insanlar üçün daha yüksək yoluxma ehtimalına dair inandırıcı dəlil yoxdur, ancaq onlarda koronavirus infeksiyasının ağır gedişi və ölüm riski daha yüksəkdir. Belə ki, Çin alimləri mövcud ürək-damar xəstəliyinin ağır COVID-19-un inkişaf riskini 3,5 dəfə artırdığını göstərdilər. Əvvəlcədən ÜDX mövcud olan xəstələr arasında ölüm nisbəti COVID-19-a yoluxan ümumi populyasiyadan 5 dəfə çoxdur. Xroniki ÜDX olan xəstələrin COVID-19-a yoluxması mövcud aterosklerotik piləyin cırılmasının yüksək riski səbəbindən miokard infarktının inkişafı ilə xəstəliyin gedişatını ağırlaşdırır. Bu, yoluxmuş xəstələrin ölüm riskini artırır. Öncədən ürəyin tac damarlarında invaziv və ya cərrahi əməliyyat olunmuş COVID-19 xəstələrində stent və şuntların trombozu riski artır. Bu səbəbdən ÜDX olan xəstələr yüksək risk qrupu hesab edilməlidirlər.
- Ağır gedişli koronavirus infeksiyası üçün ən böyük risk altında olanlar kimlərdir?
- Daha çox ağır xəstəlik və ölüm riski 60 yaşdan yuxarı, piylənmə, arterial hipertenziya, diabet, ürək-damar xəstəliyi, xroniki ağciyər xəstəliyi, xroniki böyrək xəstəliyi, xərçəng və ya immunosupressiv vəziyyəti olan insanlar üçün müəyyən edilir. Siqaret çəkmənin ağır COVID-19 riskini artırmadığı diqqət çəkir.
- Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda COVID-19 əlamətləri hansılardır?
- Belə xəstələrdə virus infeksiyasının simptomları ilə yanaşı, xroniki ÜDX-ləri də kəskinləşir. Bu, hipertenziv xəstələrdə qan təzyiqinin artması, xroniki ürək çatışmazlığı olan xəstələrdə təngnəfəslik, səyrici aritmiya tutmalarının residivləşməsi, xroniki gərginlik, stenokardiya ağrı həddinin azalması ilə özünü göstərir.
Virus infeksiyaları zamanı qan təzyiqinin yüksəlməsi yüksək bədən hərarəti və damar divarının spazm qabiliyyətinin artımı ilə əlaqəlidir.
Arterial hipertenziyası olan şəxslərə virus infeksiyasının müalicəsi zamanı kofein tərkibli dərmanlar (Panadol, Coldrex), fenilefrin əsaslı vazokonstriktor təsirli burun damcıları, antihistamin preparatlar, alkoqollu içkilər, həmçinin isti vanna qəbul etmək qadağandır.
Yüksək arterial təzyiqi olan insanlar ağır COVID-19 risk qrupuna aiddirlər. Ancaq təyin olunmuş dərman preparatları ilə arterial qan təzyiqinə nəzarət bu təhlükəni azaldır. Məhz bu səbəbdən dünyadakı bütün peşəkar kardioloq cəmiyyətləri həyat üçün vacib dərmanların qəbuluna davam etməyi tövsiyə edirlər.
- COVID-19-un damarlardan başqa, ürəyə də hər hansı təsiri varmı?
- Əlbəttə, var. COVID-19 kəskin miokard zədələnməsinə və digər yeni ürək fəsadlarına səbəb ola bilər. Bu koronavirusa yoluxan xəstələrdə kəskin koronar sindromun inkişafı damarların divarının iltihabı, tromboz və qan dövranının pozulması ilə əlaqədardır. Kəskin miokard zədələnmələrinin 20-40 faizi özünü sinə ağrısı, nəfəs darlığı, aritmiya kimi göstərir. COVID-19-da kəskin miokard infarktından ölüm nisbəti 40 faizdir. ÜDX simptomlarının xəstənin xəstəxanaya yerləşdirilməsi zamanı istənilən vaxt meydana gəldiyini qeyd etmək vacibdir, lakin, bir qayda olaraq, onların riski qızdırma və ya virus infeksiyanın digər simptomlarının başlanğıcından sonra 15-ci gündən etibarən artır. Ürək-damar ağırlaşmaları adətən xəstənin tənəffüs vəziyyəti sabitləşdikdən və respirator statusu yaxşılaşdıqdan sonra inkişaf edir. COVID-19-da ürək-damar ağırlaşmalarının inkişafının bir neçə mexanizmi müzakirə olunur: SARS-CoV-2 virusunun kardiomiositlərə və damar divarına birbaşa zərərverici təsiri; "sitokin fırtınası" və qan laxtalanmasının artması; virusun hemoqlobinə birbaşa təsiri nəticəsində qanın oksigen doyma səviyyəsində azalma; vazospazm, miokard işemiyası və təhlükəli aritmiyalara səbəb olan simpatik sistemin aktivləşməsi.
Qeyd etmək lazımdır ki, COVID-19 miokardda bir neçə ay qala bilər, buna görə COVID-19 keçirmiş xəstələrdə gələcəkdə ürək-damar ağırlaşmalarının artmasını gözləmək olar.
- Koronavirus xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar ürəyə zərər verirmi?
- Bəli, bu zaman təyin olunan bir sıra dərmanların kardiotoksik təsiri var. Bu infeksiyaya yoluxan xəstələrdə dərman müalicəsinin proaritmogen təsiri səbəbindən aritmiyaların inkişaf edə biləcəyi barədə məlumatlar əldə olunub. Bu məlumatlara görə, xəstənin EKQ-də QT intervalın uzanması səbəbindən "piruet" tipli ölümcül mədəcik taxikardiyasının ortaya çıxma riski artır. Aspirin, klopidogrel, varfarin, kleksan kimi qan durulducuları qəbul edərkən daxili qanaxmanın qarşısını almaq üçün onların virus əleyhinə dərmanlarla qarşılıqlı təsiri nəzərə alınmalıdır.
Bu gün ürək-damar sisteminə təsir edən dərmanları qəbul edən xəstələrdə koronavirus infeksiyasının ağır gedişat riski haqqında məlumat yoxdur. İndiki mərhələdə beynəlxalq tibbi cəmiyyətlərin mövqeyi birmənalıdır: COVID-19-a yoluxan xəstələrdə ACE inhibitorlarının və ya ARB-lərin istifadəsinin ləğvi, xüsusilə hipertoniya, xroniki ürək çatışmazlığı olan və ya əvvəl miokard infarktı keçirən xəstələrdə ürək-damar ağırlaşmaları riskini artıra bilər. Bundan əlavə, arterial təzyiqə daha yaxşı nəzarət edən RAAS inhibitorlarının hipertenziv şəxslərdə immun sisteminin balanssızlığının qismən məhdudlaşmasına kömək edə bilər. Bu səbəbdən, mütəxəssislərin çoxu ÜDX-nin müalicəsi üçün bir çox dərman preparatlarının faydalı təsir göstərə biləcəyini, ürək xəstəliyinin pisləşməsinin və COVID-19 infeksiyasından ciddi ağciyər zədələnməsinin riskini azaltdığını göstərir. Buna görə antihipertenziv dərmanların qəbulu tam şəkildə davam etdirilməlidir.
- Koronavirusdan evdə müalicə ürək-damar xəstəliklərdən əziyyət çəkən insanlarda risk daşıyırmı?
- COVID-19 testi pozitiv çıxan xəstənin vəziyyəti təcili xəstəxanaya yerləşdirilməsini tələb etmirsə, o, evdə müalicə oluna bilər. Xəstənin mənzilində ayrıca bir otaq olmalıdır və həkimin bütün göstərişlərinə əməl edilməlidir. Yaşlı insanlarla birlikdə yaşayan və ya xroniki xəstəlikləri olan pasiyentlər xəstəxanaya göndərilməlidir. Evdə müalicə alarkən xəstənin vəziyyəti pisləşirsə, o, hospitalizasiya olunmalıdır. Yaşlıların evdə müalicəsi digər yaşdakı xəstələrin müalicəsindən heç bir şəkildə fərqlənmir, yəni yaşlılar üçün xüsusi dərmanlar yoxdur. Yaşlı insanlar ilk növbədə sağlamlığı qorumaq üçün ümumi tövsiyələrə əməl etməlidirlər. Onlar üçün mütəmadi fiziki aktivlik (gündə ən az 20 dəqiqə) və balanslı qidalanma vacibdir. Müsbət münasibət və yaxınları ilə davamlı ünsiyyət də çox vacibdir.
- Ürək-damar xəstələri COVID-19 peyvəndi vurdura bilərmi?
- Koronavirusa qarşı peyvənd mütləq şəkildə edilməlidir. Çünki COVID-19 ürək-damar xəstəlikləri, xroniki tənəffüs yolları xəstəlikləri, endokrin xəstəlikləri olan insanlar arasında, eləcə də yaşlı insanlar arasında ölüm hallarını artıran bir infeksiyadır. Ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması koronavirusa qarşı peyvənd üçün əks-göstəriş deyil. Gənclər ilk növbədə yaşlı insanları qorumaq üçün vaksinasiya olunmalıdırlar. Bu, infeksiyanın daha çox yayılaraq, risk qrupuna aid olan insanlara təhlükə yaratmaması üçün vacibdir.