Arif Babayev: «Savadlı həkimlər cəmiyyət üçün ən lazımlı insanlardır»

Arif Babayev: «Savadlı həkimlər cəmiyyət üçün ən lazımlı insanlardır»
Bu dəfə müsahibim ecazkar səsi ilə özünəməxsus ifaçılıq üslubu yaratmış ustad xanəndədir. Muğamı həyat tərzinə çevirmiş, "Şur"u, "Arazbarı"sı, "Qarabağ şikəstəsi" ilə milyonların qəlbini fəth etmiş, "Segah"a heykəl ucaltmış sənətkardır. Təsnif və xalq mahnılarının mahir ifaçısı, opera səhnəmizin Məcnunu, Şah İsmayılı, Aşıq Qəribi, Kərəmidir. Milli musiqimizin inkişafı sahəsində mühüm xidmətləri olan, yüzlərlə tələbəyə sənətin sirrlərini xüsusi sevgi ilə öyrədən təcrübəli müəllimdir. "Şöhrət" və "İstiqlal" ordenli professor, Xalq artistidir. Mehriban, səmimi, ədalətli, humanist, təvazökar... insandır. Qarabağlı Arif Babayevdir.
Qarabağda doğulan və ya doğulmayan hər bir azərbaycanlının qəlbində mütləq Qarabağ sevgisi var. Amma mən indiyə qədər "Qarabağda doğulmuşam" sözlərini onun qədər xüsusi fəxr hissi ilə, sevgi ilə deyən başqa bir insanla rastlaşmamışam. "Vətən" sözü onun dilində o qədər səmimi səslənir, həsrət gözlərində o qədər aydın oxunur ki, bunu sözlərlə ifadə etmək mümkün deyil. Yurdunun məcnunu, böyük ürəkli vətəndaşdır, Qarabağın zil səsi Arif Babayevdir müsahibim.

- Səhhətiniz necədir?
- Allaha şükür edirəm ki, səhhətim yaxşıdır. Sağlamlığımla bağlı ciddi şikayətim yoxdur.
- Ümumiyyətlə, həkimə müraciət etməklə aranız necədir?
- Mən həmişə vaxtlı-vaxtında həkimə gedirəm. Səhhətimdən şikayətim olsa da, olmasa da 6 ayda, heç olmasa ildə bir dəfə tam tibbi müayinədən keçirəm. Hesab edirəm ki, bu çox vacibdir. İnsan daim öz sağlamlığının qayğısına qalmalıdır. Hansısa xarici ölkəyə işlə bağlı səfər edərkən imkan daxilində orada da müayinə olunuram.
Bir müddət əvvəl Polad Bülbüloğlunun diskinin təqdimat mərasimində iştirak etmək üçün Türkiyəyə səfər etmişdim. Orada olduğum müddətdə həkim müayinəsindən də keçdim. Oradakı mütəxəssislərin mənə bircə məsləhəti oldu ki, 20-30 kiloqram arıqlayım. Azərbaycanda da arıqlamaq məsələsi bir az fərqli qarşılanır. Azca arıqlayan kimi deyirlər ki, ya xəstədir, ya da nə isə problemi var.
Türkiyədən gələndən sonra pəhriz saxladım, 10 kiloqram arıqladım. Məni görən birinci soruşurdu ki, nə olub sənə, xəstə idin? Deyirdim ki, vallah, xəstə deyiləm, bir az çəkimi azaldıram. Kimi inandırasan? Bu soruşdu "nə olub?", o dedi "sənə belə yaraşmır". Mən də camaata cavab verməkdən yoruldum, arıqlamaq fikrindən daşındım, pəhrizi də dayandırdım.
Amma yeri gəlmişkən, hər kəsə mütəmadi olaraq həkimə müraciət etməyi, müayinədən keçməyi məsləhət görürəm. Çünki xəstəlik tez aşkarlansa, onun qarşısını almaq, müalicə etmək daha asan olur. Yaşamaq üçün bunlara riayət etmək çox vacibdir.
- Deyirlər ki, idmanla məşğul olmaq sağlamlığın başlıca şərtlərindən biridir. Bu fikirlə razısınız?
- Əlbəttə, razıyam. İnsanın gümrah, sağlam olması üçün idman vacib amildir. Bəlkə də kənardan görünüşümə baxanlar mənim idman edəcəyimi heç vaxt düşünməz və buna inanmazlar. Ancaq mən 40 ilə yaxındır ki, idman edirəm. Hər səhər tezdən 6-da durub dənizin kənarına gedirəm və bir neçə kilometr yeriyirəm. Mümkün olmayanda və ya hava şəraiti imkan verməyəndə evdə təxminən 40 dəqiqəyə qədər idman edirəm. Hər bir insan idmanla məşğul olmalıdır. Mən idman etməsəm, yaşaya bilmərəm.
Amma bəzən internetdə yayılan müxtəlif xəbərlər adamı çaşbaş salır. Bu yaxınlarda mənə dedilər ki, səhər tezdən durub gəzmək yaxşı deyil. Guya bu, insanın səhhətinə mənfi təsir edir, infarkta aparıb çıxarır. Mən də qərara gəlmişəm ki, artıq dəniz kənarında yeriməyə axşamlar gedəcəyəm.
- Bəs, səsinizi qoruyursunuz?
- Səsim olmasa, mən kimə lazımam? Səsimi həmişə qorumuşam. Ona görə də bu yaşda hələ oxuya bilirəm. Düzdür, gənc ikən oxuduğum kimi oxumuram. Amma səsin bütövlüyü hələ qalır. Dəvət edildiyim hər yerə getməsəm də, bəzi proqramlarda, dövlət tədbirlərində çıxış edirəm.
Özümü çox soyuqdan da, çox istidən də qoruyuram. İnsanların əksəriyyətində bir geyim ədası olur. Bəzən hava nə qədər soyuq olsa da, qəşəng görünmək üçün istəyirsən kostyum, köynək geyinəsən, qalstuk taxasan. Gənc yaşlarımda ədalanmaq üçün bəzi şeylərə diqqət etməsəm də, indi xüsusi fikir verirəm. Hava şəraitinə uyğun geyinirəm.
Arif Babayev: «Savadlı həkimlər cəmiyyət üçün ən lazımlı insanlardır»
- Tarixdə ilk dəfə muğam professoru adını alan Arif Babayev üçün muğam nədir?
- Muğam mənim üçün hər şeydir. Muğam elə bir zəngin dəryadır ki, orada elm var, fəlsəfə var, hikmət var, dərin məzmun və məna var. Muğam bizim xalqın ana laylasıdır. Mən hesab edirəm ki, insan susuz yaşaya bilmədiyi kimi, musiqisiz də yaşaya bilməz. Bizim milli musiqimizin tacı isə muğamımızdır.
Əliağa Vahid çox gözəl deyib ki, batsın o millət ki, onun musiqisi yoxdur. Musiqi özü də insan sağlamlığına müsbət təsir edən mühüm amildir. Milli musiqimizi, muğamımızı dinləyəndə insanın beyni dincəlir, ruhu yenilənir, bütün gün onun təsirində, xoş əhval-ruhiyyədə olur. Muğam rahatlıq gətirir, insanın daxili dünyasına təsir edir, onu mənən saflaşdırır. Muğam xalqımızın, mədəniyyətimizin, bir sözlə, Vətənimizin ən gözəl təqdimat vasitələrindən biridir. Bu qeyri-adi musiqini böyük sənətkarlarımız yaradıb və illərlə qoruyaraq, yaşadaraq, bizlərə təhvil verib. Bizim borcumuz da onu layiqli səviyyədə gənclərə, onlar vasitəsilə gələcək nəsillərə ötürməkdir.
- Necə düşünürsünüz, sələflərinizin sizə əmanət etdiyi xəzinə bu gün etibarlı əllərdədirmi? İstedadlı gənclərimiz varmı?
- Allaha şükür ki, yaxşı səsi olan cavanlarımız var. Doğrudur, gənclər məndən bu fikrimə görə inciyə bilərlər. Amma qeyd etməliyəm ki, hələ Xanın, Mütəllimin, Seyidin, Yaqubun səsi kimi səslər tapa bilməmişəm. O təmiz, pak səsləri dinləyəndə fikirləşirsən ki, ilahi, bu, möcüzədir, tanrı vergisidir.
Ancaq ümid verən, istedadlı gənclərimiz çoxdur. Sadəcə, məni narahat edən bir məsələ var ki, onlar toya çox meyil edirlər. Toya da baş qarışanda öz üzərlərində lazımi qədər işləyə bilmirlər. Səsi olan xanəndə Allahın verdiyi bu dəyərli neməti qiymətləndirməli, hərtərəfli olmaq, tarixdə qalmaq üçün daim çalışmalı, öyrənməlidir, tənbəllik etməməlidir.
Qeyd edim ki, istedadlı gənclərin üzə çıxmasında keçirilən muğam müsabiqələrinin, Beynəlxalq Muğam Festivalının böyük rolu oldu. Son illər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın diqqəti sayəsində muğam musiqimiz yüksək səviyyədə təbliğ edildi. Mehriban xanımın gördüyü işlər nəticəsində milli musiqimiz geniş miqyasda tanıdıldı, dünya muğam sənəti ilə maraqlanmağa başladı.
İki cilddən ibarət "Muğam ensiklopediyası"nın yaradılması da Mehriban xanımın milli musiqimizə olan sevgisinin, qayğısının göstəricisidir. Həmin ensiklopediyanın birinci cildinə muğam haqqında məlumatlar, ikinci cildinə isə XX əsrin əvvəllərindən indiyədək muğam ifaçılarının ifalarının yazıldığı 125 disk daxil edilib. Bu gün muğam ustalarının ifaları qorunur. Muğam həmişə var olub, sevilib, ancaq bugünkü səviyyədə heç vaxt tanıdılmayıb. Tam əminliklə deyə bilərəm ki, indi bizim böyük sənətkarlarımızın ruhu şaddır.
Bu gün bütün sənət adamlarına, o cümlədən də xanəndələrə dövlət səviyyəsində böyük diqqət göstərilir. Dünyanın heç bir yerində sənət adamları Azərbaycanda olduğu qədər dövlət qayğısı ilə əhatə olunmayıb. Bizim üçün hər cür şərait, imkan yaradılıb. Şəhərimizin ən gözəl yerində tikilmiş Beynəlxalq Muğam Mərkəzi illərdir arzusunda olduğumuz bir məkandır. Bu Mərkəz muğam ifaçılarının evidir.
- Musiqi janrları arasında tək muğamı bəyənirsiniz, yoxsa xoşladığınız digər janrlar da var? Hər kəsin sevə-sevə, heyranlıqla qulaq asdığı Arif Babayev kimləri dinləyir?
- Mən bütün janrlarda olan yaxşı musiqiləri dinləyirəm, sevirəm. İstər caz, istər opera, istər müasir müsiqiləri. Təəssüf ki, bu gün yaxşı və pis anlayışları bir az qarışıb. Xüsusən efirlərdə belə hallara çox təsadüf edilir. Bəzən elə şeylər eşidirəm ki, donub qalıram. O gün efirdə bir müğənni bildirir ki, hamı mənim qeyri-adi səsim olduğunu deyir. Deyir ki, "mən də bilirəm ki, səsim qeyri-adidir, amma mənə belə deyəndə çox utanıram". Mən də fikirləşdim ki, bəlkə həqiqətən bunun qeyri-adi səsi var, qoy bir də dinləyim. Qulaq asıb görürəm ki, səs-zad yoxdur.
Mən belə "qeyri-adi" səslərdən, onların oxuduğu "yaxşı" musiqidən danışmıram. Həqiqi yaxşıları, gözəl ifaları dinləyirəm.
- Uzun illər Dövlət Opera və Balet Teatrında çalışmısınız. Məcnun, Kərəm, Şah İsmayıl, Aşıq Qərib kimi obrazlar yaratmısınız. Daha çox hansı obrazı sevərək canlandırmısınız? Qəhrəmanlardan hansının xarakterində özünüzə yaxınlıq hiss etmisiniz?
- Məni boy-buxunuma görə daha çox Şah İsmayıla bənzədirdilər, bu rola yaraşdırırdılar. Əslində, bütün rollarım mənə əzizdir və hər birini sevə-sevə oynamışam. Amma mənim sevimli operam "Leyli və Məcnun"dur. Bu opera ilə mən ürəyimi boşaltmışam. Bütün muğamlar var bu operada. Xarakterimi də Məcnuna daha yaxın hiss edirəm.
Mənim əvvəldən ən böyük arzum Məcnunu oynamaq idi. İlk dəfə Ağdamda oynadım bu rolu. Amma böyük səhnədə, opera səhnəsində oxumağı arzulayırdım. Allah mənim bu arzumu gözümdə qoymadı. Məni güclü səsim olduğuna görə, operaya dəvət etdilər.
Ümumiyyətlə, mən nəinki "Leyli Məcnun"a, Üzeyir Hacıbəyovun bütün yaradıcılığına, xüsusən onun uvertüralarına heyranam. Mən dünyanın bir çox ölkələrində olmuşam və həmin ölkələrdə ayrı-ayrı millətlərin nümayəndələrinin 4-5 min nəfərlik konsert salonlarında Üzeyir bəyin əsərlərini ayaq üstə alqışladığını görmüşəm və sevincdən, xoşbəxtlikdən, milli musiqimizin böyüklüyü qarşısında ağlamışam.
Bizim böyük sənətkarlarımız çox olub. Ancaq Üzeyir Hacıbəyov təkdir. O, təkrarolunmaz dahidir. Tanrı onun kimi birini bir dəfə yetirib, onu da Azərbaycan xalqına bəxş edib.
Bayaq dövlət səviyyəsində sənətkarlara yüksək diqqətdən danışdım. Üzeyir Hacıbəyovun əsərlərinin nəfis şəkildə yenidən nəşri də bu qayğının bariz göstəricisidir.
Onu da qeyd edim ki, mən Dövlət Opera və Balet Teatrında 30 il çalışmışam. Amma vaxtı gələndə, bir az kökəldiyimi hiss edən kimi öz xoşumla teatrdan ayrılmışam və yerimi gənclərə vermişəm.
- Neçə illər Məcnun rolunu ifa etmiş sənətkarın fikrincə, məhəbbət insanı həqiqətən dəli edə bilərmi?
- Əlbəttə, edər. Bəs, "Leyli və Məcnun" necə yaranıb? Əsərlərin əksəriyyəti həyatdan götürülmüş real hadisələr əsasında yaranır. İnsanın sevdiyi qızı ona verməsələr, desələr ki, sən kasıbsan, bizim qıza layiq deyilsən, əlbəttə ki, dəli olar. İki gənc bir-birini çox sevirsə və onların qovuşmasına imkan vermirlərsə, bu aşiqlərə necə təsir edər?
Hətta bu gün də belə hadisələr baş verir. Bir dəfə sahildə dostlarla gəzirdik. Təsadüfən gənc bir oğlanla söhbət etdik. Bizə dərdini açdı. Dedi ki, sevdiyi qızın anası onların ailə qurmasına heç cür razı olmur. Sonra da ondan ayrı yaşaya bilmədiyini bildirdi. Sözünü bitirdi, bizdən bir az aralanmışdı ki, gördük oğlan yoxdur, özünü dənizə atıb. Bu, mənim gözlərimin önündə baş vermiş hadisədir.
Məhəbbət insanı dünyanın ən xoşbəxti də edər, ən bədbəxti də. İnsanı yaşadar da, öldürər də. Məhəbbət insanı ağıllı da edər, dəli də.
Arif Babayev: «Savadlı həkimlər cəmiyyət üçün ən lazımlı insanlardır»
- Ailənizdə sizdən başqa belə gözəl səsi olan var idimi?
- Atamın yaxşı səsi olub. Düzü, bu haqda hamı danışsa da, mən onun oxuduğunu eşitməmişdim. İnsanlar danışdıqca, məndə atamın səsinə qulaq asmağa daha çox maraq yaranırdı. Bir dəfə təsadüfən Ağdamdakı həyətimizdə atamın segah oxuduğunu eşitdim. Gizlincə sona qədər onu dinlədim. Həmin gün əmin oldum ki, deyilənlərin əsası var. Həm də səsimin mənə həqiqətən atamdan keçdiyini dəqiqləşdirdim.
Atamla mənim aramda çox böyük sərhəd var idi. İndi düşünürəm ki, əslində, o qədər sərhəd saxlamaq lazım deyilmiş. Atam mənim oxumağıma razı olmurdu. Bir dəfə rayonda toylardan birində oxudum. Hamı təəccüblə, heyranlıqla dinlədi. Atam isə toydan evə qayıtdıqdan sonra mənə dedi ki, get oxu, ali məktəbə qəbul ol, elm qazan. Mən də guya razılaşdım, "yaxşı, oldu" dedim, amma öz işimdə idim. Musiqidən, səsdən ayırmaq mümkün deyildi məni. Nəticəsi də bu gün nail olduqlarım, qazandıqlarımdır. Yaxşı oxuyanda, xalqın sevimlisi olanda ata da səninlə fəxr edir.
Mən əslində atamın da arzusunu yerinə yetirdim. Mədəniyyət və İncəsənət İnstitutuna qəbul oldum və uğurla bitirdim.
- Yüzlərlə tələbə yetişdirmisiniz, amma övladlarınızdan sizin yolunuzu davam etdirən yoxdur. Bəs, nəvələrinizdən necə, səsi olan varmı? Sizin onlara məsləhətiniz nədir?
- Doğrudur, övladlarım tamamilə fərqli sənət sahibləridir. Bir qızım həkimdir, digər qızım müəllim. Oğlum isə hüquq və iqtisadiyyat üzrə iki ali təhsil alıb. Əslində, mən övladlarımın hamısının həkim olmasını arzulayırdım. Amma öz istəklərinə uyğun təhsil alıblar, hamısı da işləyir.
Altı nəvəm var. Onların nazını çəkməyə hər zaman hazıram. Birinə öz adımı vermişəm. Kiçik nəvəmin adı isə Aqildir. Mənə elə gəlir ki, onun yaxşı səsi var. Amma bu, çox çətin sənətdir, istəmirəm hansısa bu sənətlə məşğul olsun. Mən də atam kimi onların elmlə məşğul olmasını istəyirəm.
Aralarında hansınınsa fövqəladə səsi olsa, qarşı çıxmaram, deyərəm oxusun. Amma başqalarına irad tutduğum halda, ailəmdən kiminsə məni qane etməyən səsi olsa, oxumasına göz yuma bilmərəm.
- Hansı müsbət və mənfi cəhətləriniz var?
- Mən mülayim adamam. Həmişə böyük-kiçik yolunu saxlayan olmuşam. Bəd əməlləri, insanlara pislik etməyi heç vaxt bacarmamışam. Çalışmışam imkan daxilində yaxşılıq edim, bacardıqca əl tutum. Sənətimi öyrətməkdən heç vaxt çəkinməmişəm. Ölkəmizdə mənim saysız-hesabsız tələbələrim var və hamısına sənətin sirrlərini öyrətməyə çalışmışam.
Bir də mən əgər səhv etmişəmsə - ailədə də, kənarda da - səhvimi anladığım an etiraf edirəm. Elə adamlar var ki, səhv də olanda, düz də olanda, deyir elə mən deyəndir.
Amma mənfi cəhətlər də var ki, onlar insanın canına-qanına hopub, dəyişə bilmirsən. Mənfi cəhətlərimdən biri odur ki, tez özümdən çıxanam. Bir şey olanda tez əsib-coşuram. Amma yaxşıdır ki, tez də sakitləşirəm. Bir də tez küsənəm. Qarşımdakı insanda pis niyyət hiss edən kimi öz-özümə küsürəm və ondan üz çevirirəm.
Çatışmayan cəhətlərimi daim düzəltməyə çalışıram. Nə qədər nail oluram, bilmirəm.
- Bu gün cəmiyyətimizdə sizi daha çox nə narahat edir?
- Harınlıq, acgözlük, dünya malına hərislik. Elə insanlar var ki, mal-mülkünün sayı-hesabı yoxdur, amma gözü doymur. Deyirlər hər şey mənim olsun.
Bir də kiməsə pislik edən insanları görməyə gözüm yoxdur.
Xeyirxah, insanlara canı yanan, rəhmi gələnləri sevirəm.
Bəzi adamlar var ki, əməli bəddir, amma gedir Məkkəyə, Həcc ziyarətindən gəlir, deyir, mən hacıyam. Belələri gələndən sonra da əməllərindən əl çəkmirlər. Amma elə insanlar da var ki, onlar Həccə gedənlərdən daha çox hacı adına layiqdir.
İstəyirəm cəmiyyətimizdə hər kəs öz adı ilə çağırılsın, hamı layiq olduğu yerdə olsun.
- Ürəyinizdə yerinə yetməyən arzunuz qalıb?
- Allah istədiyim hər şeyi mənə nəsib edib. Sənətimlə xalqın sevgisini qazanmışam, övladlarım, nəvələrim, evim var. Var olan çox şey var. Amma özümü tam xoşbəxt hiss edə bilmirəm. Çünki Qarabağım, Vətənim yoxdur, torpaqlarımız işğaldan azad olunmayıb. Qarabağ dərdi elə-belə yox, daxilimdə kök atmış çox böyük dərddir.
Mən Qarabağın gözəl guşəsində, Ağdamın Sarıhacılı kəndində doğulmuşam. Ata yurdum üçün qəribsəmişəm. Orada evimi-eşiyimi muğamla tikmişdim, onu bir günün içində viran qoydu ermənilər. Səsimi ordan gətirmişəm, ora aparmaq istəyirəm.
Bircə arzum qalıb, o da Qarabağın işğaldan azad olunduğu günü görməkdir. O günü görsəm, rahat, xoşbəxt gedə bilərəm o biri dünyaya. Mən o günün gələcəyinə, Qarabağın işğaldan azad olunacağına inanıram. Buna böyük ümidim var.
- Səhiyyəmizin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Ölkəmizdə bütün sahələr inkişaf edir. Biz əvvəllər Amerikada, Avropa ölkələrində olarkən çox şeylərə həsrətlə baxırdıq. Fikirləşirdik ki, görəsən, bizim ölkəmiz nə vaxt bu səviyyəyə çatacaq? İndi Azərbaycan həmin dövlətlərlə müqayisə ediləcək səviyyəyə çatıb.
Səhiyyəmiz də dünyada gedən inkişafdan geri qalmır. Savadlı mütəxəssislərimiz yetişir. Xaricdə təhsil alan, təcrübə keçən həkimlərimiz var. Təkcə Bakıda deyil, bütün regionlarda tibb müəssisələri təmir edilib, müasir aparatlarla təchiz olunub. Bu gün hətta Horadizdə elə bir tibb müəssisəsi fəaliyyət göstərir ki, adam içərisinə girəndə çıxmaq istəmir. Bu sahədə böyük işlər görülür.
- Həkimlərə arzularınızı eşitmək istərdik.
- Allah onların özlərinin canını sağ etsin. Bütün sahələr üzrə elmləri normal səviyyədə olsun ki, insanlarımız ora-bura qaçıb həkim axtarmasın, başqa ölkələrə getməsinlər. Savadlı həkimlər cəmiyyət üçün çox lazımlı insanlardır. Xüsusilə də müasir dövrümüzdə. Əvvəllər insanların həkimə bugünkü qədər ehtiyacı yox idi. Tibb müəssisələrinə indiki kimi axın da yox idi.
Mən həkimlərə ehtiyacsız yaşamağı arzulayıram. Ehtiyac insanı ruhdan salır, bədbinləşdirir.
Mən təkcə həkimlərə yox, bütün xalqımıza sağlam yaşamaq arzulayıram.

Ü.FƏRZƏLİYEVA
31 yanvar 2012-ci il. №01-02





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova