Siyavuş Kərimi: «Muğam terapiyası layihəsi üzərində işləyirik.

Siyavuş Kərimi: «Muğam terapiyası layihəsi üzərində işləyirik.
Bu yeni müalicə metodu həm səhiyyəmizə xidmət göstərəcək, həm də dünyanın diqqətini ölkəmizə, milli musiqimizə cəlb edəcək»
Elə sənət adamları var ki, onların adı gələndə hamının fikrində eyni rol, eyni əsər, yaxud müəyyən bir janr, müəyyən bir sənət sahəsi canlanır. Elə sənətkarlar da var ki, yaradıcılıqları elə rəngarəng, fəaliyyət dairələri elə genişdir ki, hərə onun bir cəhətini daha əsas götürür, ozünə daha yaxın bilir. Budəfəki həmsöhbətim kimi...
Onun adı gələndə kimisi xəyalında həzin tar səsi, yaxud əsrarəngiz ud sədaları eşidir, başqa biri fortepianonun dillərində caz gəzişmələri. Kimisi onu muğamı, xalq musiqisini yaxşı bilən sırf Azərbaycan musiqiçisi hesab edir, kimisi caz, yaxud pop musiqiçisi, kimisi də sənətdə sərhədləri qıran, uzaq Norveçliləri, Cənubi Amerikalıları "bizim havaya oynadan", fərqli musiqi üslublarını, ritmlərini sintez edərək fövqəlmilli musiqi yaradan bir yenilikçi. Bəziləri onu öz aləmində yaşayan, hər bir sənət adamı kimi, bir qədər tərkidünya olan bir insan kimi tanıyır, bəziləri isə böyük bir təhsil müəssisəsinə rəhbərlik edən ciddi müəllim, "Aşıqlar" ansamblı, Estrada Simfonik Orkesrti, "Cəngi" estrada-folklor qrupu kimi sanballı musiqi kollektivlərində "başıpozuq" musiqiçiləri bir araya gətirərək, intizamlı, ancaq eyni zamanda həm də şövqlü, həvəsli bir sənət birliyi yaratmağa nail olan bədii rəhbər kimi...
Həmsöhbətim bəstəkar, aranjimançı, onlarla filmə və teatr tamaşasına yazılan musiqilərin, bir çox beynəlxalq miqyaslı musiqi layihələrinin müəllifi, Azərbaycan Milli Konservatoriyasının rektoru, "Qızıl Dərviş" mükafatı laureatı, Xalq artisti, professor Siyavuş Kərimidir.

- Necəsiniz? Səhhətiniz necədir? Həkimə tez-tezmi müraciət edirsiniz?
- Səhhətimdə elə bir problem yoxdur. Şükr edirəm ki, sağlamlığımla bağlı ciddi fəsadlarım olmayıb. Kiçik problemlərim olanda da xalq təbabəti metodlarından istifadə etməklə onu aradan qaldırmışam. Ümumiyyətlə, heç vaxt dərman nə olduğunu bilməmişəm. Adi aspirin də qəbul etməmişəm. Müasir tibblə ənənəvi təbabəti müqayisə etsək, ikinciyə daha çox inanıram və üstünlük verirəm. Çünki ənənəvi xalq təbabətinin min illiklərlə tarixi var. Onunla müqayisədə müasir tibbin tarixi çox qısadır. Bu baxımdan, əlbəttə ki, min illərlə tarixi olan ənənəvi təbabətə inanmağım təbiidir.
Qeyd edim ki, bir neçə dəfə səhhətimdə olan kiçik problemlərlə əlaqədar xəstəxanaya getmişəm. Orada çalışan həkimlər mənə cərrahi əməliyyata ehtiyac olduğunu bildirmişdilər. Xalq təbabəti üsulu ilə qısa zamanda, cüzi xərclə bu problemlər aradan qalxdı.
Amma bu o demək deyil ki, müasir tibbi metodlara qarşıyam. Mənim dostlarımın arasında çoxlu həkimlər var. Atam uzun illər hipertoniyadan əziyyət çəkdiyi üçün həkim dostlarıma dəfələrlə müraciət etməli olmuşam. Onların köməyi nəticəsində atam 92 il ömür sürüb. Buna görə onların hər birinə minnətdaram.
Elə problemlər, xəstəliklər var ki, müasir tibbin imkanlarından istifadə etmədən onların müalicəsi mümkün deyil. Sadəcə olaraq, bütün sahələrdə, xüsusən də tibb sahəsində çalışan mütəxəssislər öz sənətinin peşəkarı olmalıdır. Çünki onlar insanların sağlamlıqlarını qoruyurlar.
Hesab edirəm ki, elə zaman gələcək ki, müalicə olunmaq üçün bizim vətəndaşlarımız Avropa və ya Amerikaya yox, həmin ölkələrdən insanlar Azərbaycana üz tutacaqlar. Mən buna inanıram. Çünki biz istedadlı xalqıq. Sadəcə, məsuliyyət hissimiz də yüksək olsa, yaxşı olar.
- Bugünkü Azərbaycan səhiyyəsinin vəziyyətini necə görürsünüz?
- Əlbəttə ki, son dövrlər bu sahədə yüksək inkişaf hiss olunur. Yeni-yeni klinikalar açılır, təmir edilir, müasir avadanlıqla təchiz olunur. Bu işdə Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun çox ciddi xidmətlərini xüsusi qeyd etmək lazımdır.
Ancaq bu gün mənim ən böyük arzum həmin müasir klinikalarda, xəstəxanalarda yüksək səviyyəli kadrların, bilikli həkimlərin olmasıdır. Mən istərdim ki, Almaniya, Türkiyə və digər ölkələrin mütəxəssisləri Azərbaycana yox, Azərbaycan həkimləri başqa ölkələrə dəvət edilsin. Eyni zamanda, səhiyyə sferasında çalışan mütəxəssislərin yüksək mədəniyyət sahibləri olmalarını arzu edirəm.
Səhiyyə və təhsil xalqın rifahını təmin edən mühüm sahələrdir. Ona görə də bu sahələrdə mövcud olan müəyyən problemlərin də aradan qaldırılması vacib şərtdir. Düşünürəm ki, səhiyyə sahəsində çox böyük uğurlarımız hələ qarşıdadır.
- Deyirlər, insan həm də özü-özünün həkimi olmalıdır. Sağlamlığının qədrini bilməli, səhhətini qorumalıdır. Siz necə, sağlamlığınızın qayğısına qalırsınızmı? Siqaret çəkmək, içki içmək kimi zərərli vərdişləriniz varmı?
- Fikir versəniz, görərsiniz ki, əksər yaradıcı insanlar siqaret çəkirlər. Nədənsə, yaradıcılıq prosesində siqaret çox "dadlı" olur. Uzun müddət, təxminən 35 ildən artıq mən də siqaret çəkmişəm. Sonradan anladım ki, siqaret bekarçılıq nəticəsində yaranmış çox pis, eyni zamanda zərərli vərdişdir. Hazırda siqaret çəkmirəm.
İçki içməyi isə zərərli vərdiş hesab etmirəm. Çünki insanları müalicə etmək üçün hazırlanan dərmanların tərkibində də spirt olur. Spirtin orqanizmə ancaq xeyiri var. Əlbəttə ki, onun da qədəri, müəyyən ölçüsü olmalıdır. Normal səviyyədə qəbul edildikdə içki insanda xoş əhval-ruhiyyə yaradır. Normadan artıq olduqda isə nəinki içkinin, hətta danışığın, hərəkətlərin də çox pis fəsadları olur.
- İdmanla məşğul olursuzmu?
- Mən uzun illər idmanın müxtəlif növləri ilə məşğul olmuşam. Bütün oğlanlar kimi futbol oynamışam, bir müddət oxatma idman növü ilə, boyum hündür olduğu üçün basketbolla məşğul olmuşam. İntellektual idman növlərindən isə rus daması üzrə idman ustalığına namizəd normativim var.
- Uşaqlığınız necə keçib?
- Mənim qeyri-adi uşaqlığım olmayıb. Nə 3 yaşımda kitab yazmışam, nə də simfoniya bəstələmişəm. Bütün uşaqlar kimi həyətdə qaçmışam, oynamışam, tərləmişəm. Deyirlər ki, bir az nadinc uşaq olmuşam.
Günlərin birində atam əlimdən tutub məni musiqi məktəbinə aparıb. Valideynlərim musiqini çox sevirdilər. Musiqi təhsilinə başlamağım da mənim deyil, onların istəyi və arzusu ilə olub.
Musiqi məktəbində tar alətinə təyin edilmişəm. Hər şey o vaxtdan başlayıb. Deyilənə görə, istedadlı uşaq olmuşam və yaxşı çalmışam. Musiqi məktəbini bitirdikdən sonra isə konservatoriyaya daxil olmuşam.
- Konservatoriya da valideynlərinizin seçimi idi?
- Xeyr. Mən konservatoriyaya daxil olana qədər artıq həyatımın 12-13 ilini musiqiyə həsr etmişdim. Musiqi sahəsində öz yaşıma uyğun, demək olar ki, hər şeyi bilirdim. Əlbəttə ki, artıq Azərbaycan Tibb İnstitutuna daxil olmaq barədə düşünə bilməzdim. Fizika elmi ilə də məşğul olmayacaqdım. Mən artıq özümü musiqiçi kimi hiss edirdim, görürdüm. Bilirdim ki, pis çalmıram, yaxşı ifa edirəm. Bunu həm müəllimlərim, həm də məni musiqiçi kimi tanıyanlar deyirdi.
Konservatoriyanı bitirdikdən sonra səhnə həyatım başladı. Taleyimdən çox razıyam ki, insanların görmək arzusunda olduğu Rəşid Behbudov, Müslüm Maqomayev, Fikrət Əmirov, Polad Bülbüloğlu, Rafiq Babayev kimi insanlarla həmişə təmasda olmuşam və onlarla birlikdə işləmişəm.
Polad Bülbüloğlu ilə birlikdə keçmiş SSRİ məkanını, demək olar ki, qarış-qarış gəzmişik, dünyanın bir çox ölkələrində konsertlər vermişik. Təxminən 40 illik səhnə həyatım olub. Artıq 10 ildir ki, Azərbaycan Milli Konservatoriyasının rektoruyam.
- Sizin üçün musiqi nədir?
- Musiqi mənim üçün həyatdır. Mən musiqidən başqa heç nə bacarmıram. Filmlərə, tamaşalara musiqilər yazıram, mahnılar bəstələyirəm və s.
Musiqi mədəniyyətimizin tacıdır, həyatımızın ayrılmaz bir hissəsidir. Almanlar musiqiçiləri insanlarla Allah arasında vasitəçi hesab edirlər. Çünki musiqiçilər elə bir sənətlə, elə bir elmlə, fəlsəfə ilə məşğuldurlar ki, onun tərcüməyə ehtiyacı yoxdur. Musiqinin insanı bir haldan digər hala salmaq qüdrəti var. Musiqi bizi daim, hər yerdə müşayiət edən amildir. Hər bir insan musiqi sədaları altında işləməyi, səsi olsa da, olmasa da, öz-özünə zümzümə etməyi xoşlayır.
- Bəs, musiqinin insan sağlamlığına təsiri barədə nə deyə bilərsiniz?
- Mən ürək xəstəliyindən əziyyət çəkən elə insanlar tanıyırdım ki, onlar Habil Əliyevi dinləyəndə ağrılarının azaldığını və ya ümumiyyətlə yox olduğunu deyirdilər. Musiqinin çox böyük psixoloji təsiri var.
Çox istərdim ki, musiqi bütün hallarda insanların səhhətinin yaxşılaşmasına kömək edəcək bir amil olsun. Çox təəssüf ki, efirlərdə bu gün insanların təzyiqini qaldıran, ürəyini ağrıdan mahnılar mütəmadi şəkildə səslənir. Bundan qorunmağın yeganə yolu belə mahnıları dinləməməkdir.
Qeyd edim ki, musiqinin insan sağlamlığına müsbət təsiri çox uzun müddətdir ki, hər kəsə məlumdur. Biz də bu sahədə yeni layihə üzərində çalışırıq. Musiqi ilə təbabəti bir araya gətirib, bunun effektiv təsirindən yararlanmaq istəyirik.
Hazırda cərrah dostlarım əməliyyat zamanı mənim musiqilərimdən istifadə edirlər. Onlar bunun effektinin çox yüksək olduğunu deyirlər.
Böyük alim İbn Sina da musiqinin təbabətdə çox vacib rol oynadığını söyləmişdi. Artıq çoxdan məlumdur ki, musiqi qammasında olan səslərin insanın bədən orqanlarına müxtəlif təsiri var. Məsələn, lya notu qaraciyərə, mədəaltı vəziyə müsbət təsir edir. Si notu ilə isə insanı hətta öldürmək olar. Biz bu nəzəriyyələri bir daha nəzərdən keçiririk. Hazırda "muğam terapiyası" adlı bir layihə üzərində işləyirik. Əgər muğam terapiyası metodundan istifadə etsək, bununla həm səhiyyəmizə xidmət göstərəcəyik, həm də dünyanın diqqətini ölkəmizə, milli musiqimizə cəlb edəcəyik. Təbii ki, muğam terapiyası kimi müalicə metodunun effektiv təsiri digər ölkələrin vətəndaşlarının marağını cəlb edəcək və onların Azərbaycana gəlməsi, yeni metodla tanış olması və bundan yararlanması ilə nəticələnəcək. Bununla biz Azərbaycan muğamının qüdrətini bir daha sübut etmiş olacağıq.
- Yeri gəlmişkən, son dövrlər muğamın Azərbaycan musiqisi olmadığını, farslardan bizə keçdiyini deyənlər var. Eyni zamanda, muğamın insanlara ancaq kədər-qüssə gətirdiyini, ona görə də bu musiqini zərərli hesab etdiklərini iddia edənlər var. Bu fikirlərə münasibətinizi öyrənmək istərdik.
- Bu ağlasığmaz ideyanı irəli sürənlərin qanında mütləq erməni qanı var. Muğam, əlbəttə ki, Azərbaycan musiqisidir. Özü də o, insana qəm-kədər deyil, düşüncə, fəlsəfə gətirir. Muğam çox dərin musiqidir. Əlbəttə, muğamda qüssə də var. Ancaq bu hiss digər musiqilərdə də ola bilər, bunu tək muğamla əlaqələndirmək olmaz. Muğam cəngavərliyə, sevməyə, düşünməyə vadar edən musiqidir. Muğamlarda səslənən qəzəllərdə axıcılıq var, ahəng var, ibrət dərsi var.
Muğamla bağlı belə fikirlər söyləyən insanların isə ciddi problemləri var.
- Müsahibələrinizdən birində qeyd etmisiniz ki, bir ölkənin iqtisadi və ya sosial inkişafından daha çox, onun mədəniyyətinin inkişafı mühümdür...
- Həqiqətən də mədəniyyət çox güclü amildir. Monako kimi ordusu belə olmayan knyazlığı, cırtdan ölkəni bütün dünya çox yüksək inkişaf etmiş mədəniyyətinə görə tanıyır, bütün dünya oraya axışır. Burada dünyanın məşhur Qremmi mükafatı verilir, bir çox önəmli mədəniyyət tədbirləri keçirilir. Azərbaycan da belə ölkələrdən ola bilər. Sadəcə, bir az özümüzə qarşı məsuliyyətli olmalıyıq.
Onu da qeyd edim ki, mədəniyyət təkcə musiqi deyil, tək rəssamlıq, heykəltəraşlıq deyil. Mədəniyyət həm də hamilə qadın avtobusda ayaq üstündə dayananda ona yer verməkdir, yaşlı insanlara kömək etməkdir, zibili yerə atmamaqdır, bərkdən danışmamaqdır, nalayiq sözlər işlətməməkdir və s. Bütün bunlara Mədəniyyət Nazirliyi cavabdeh deyil. Bu cəhətdən, hər bir insan özünə nəzarət etməli, məsuliyyətli olmalıdır.

«Zamanın filtri daim işləyir»

- Sizcə, Azərbaycan musiqisi bu gün hansı səviyyədədir?
- Azərbaycan musiqisi dünən də gözəl idi, bu gün də gözəldir və sabah bundan da gözəl olacaq. Azərbaycan mahnısı Tofiq Quliyevdir, Şövkət Ələkbərovadır, Rəşid Behbudovdur, Mirzə Babayevdir, Elmira Rəhimovadır...
Mən bir azərbaycanlı kimi deyil, peşəkar musiqiçi kimi tam əminliklə deyirəm ki, dünyada 5 gözəl musiqi varsa, onlardan biri Azərbaycan musiqisidir. Sadəcə, biz bu musiqi mədəniyyətimizi digər Azərbaycan mədəniyyəti sahələri ilə bərabər daha dolğun şəkildə dünyada təbliğ etməliyik.
Ancaq mən "Azərbaycan musiqisi" ifadəsini işlədəndə Azərbaycan sözlərinə yazılmış ingilis musiqisini nəzərdə tutmuram. Bu gün, təəssüf ki, belə mahnılar efirlərdə çox tez-tez səslənir. Musiqi xalqın milli kimliyinin ifadəçisi olmalıdır.
- Azərbaycan Milli Konservatoriyasında təhsil alan müasir gənclərin səviyyəsi sizi qane edirmi? Sizcə, Azərbaycan musiqisinin gələcəyi etibarlı əllərdədir?
Siyavuş Kərimi: «Muğam terapiyası layihəsi üzərində işləyirik.
- Bu gün efirdə gördüyünüz istedadlı gənclərin əksəriyyəti Azərbaycan Milli Konservatoriyasının tələbələri və ya məzunlarıdır. Bakıda keçirilən festivalların, o cümlədən muğam festivalının təşkilatçılarının və onlarda iştirak edən gənclərin, demək olar ki, hamısı Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllim heyətidir. Bu gün ölkəmizi, Azərbaycan mədəniyyətini, milli musiqimizi, muğamımızı xarici ölkələrdə təmsil edən musiqiçilərin, artistlərin sırasında mütləq Milli Konservatoriyanın da yetirmələri var. Bizim tələbələrimiz Azərbaycan mədəniyyətinin dünyada və ölkəmizdə layiqli təmsilçiləridirlər. Mən Azərbaycan Milli Konservatoriyasının rektoru kimi, əlbəttə ki, onlarla fəxr edirəm. Qürur duyuram ki, belə istedadlı gənclər yetişir.
- Siyavuş Kərimi kimi, yaxud kimləri dinləyir? Hansı musiqi janrını daha çox sevirsiniz?
- Mən yaxşı musiqini dinləyirəm. Janrından asılı olmayaraq, yaxşı yazılmış və yüksək səviyyədə ifa olunan bütün musiqiləri. Gözəl musiqini yaxşı oxuyan adi bir ifaçıya qulaq asa bilərəm. Eyni zamanda, 30 ilin peşəkar müğənnisini doğru mahnı seçimi etmədiyinə görə dinləməyə bilərəm.
- Sizcə, yaxşı bəstəkar və ya müğənni olmaq üçün təhsil əsas şərtdirmi? Musiqi təhsili olmayanların bu sahədə fəaliyyətini necə dəyərləndirirsiniz?
- Ən mühüm şərt istedaddır. Musiqi ilə yalnız istedadı olan insanlar məşğul olmalıdır. Əgər xüsusi təhsili olmayanlar yaxşı musiqi bəstələyirlərsə və ya yaxşı oxuyurlarsa, bunu ancaq təqdir etmək olar. Azərbaycanda həmişə belə insanlar olub. Ələkbər Tağıyev bəstəkarlıq məktəbi keçməmişdi. Ancaq onun mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Bu gün də belə insanlar var. Vaqif Gərayzadə də konservatoriya bitirməyib. Ancaq yüzlərlə gözəl mahnıların, musiqi əsərlərinin müəllifidir, neçə-neçə istedadlara Azərbaycan musiqi səhnəsinə vəsiqə verib. Amma elə peşəkar musiqiçilər də var ki, nə çaldığına, nə də oxuduğuna qulaq asmaq istəmirsən. Elə diplomu olan bəstəkarlar var ki, bəstələdiyi mahnıları dinləmək olmur. Əgər insanda istedad varsa, diplom vacib deyil.
Ancaq musiqi ilə məşğul olan insanların Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı barədə məlumatlı olması mühüm amildir. Çünki bizim peşəmiz ədəbiyyatla sıx bağlıdır. Bu biliklər musiqidə müəyyən uğur qazanmağa kömək edir. Azərbaycanın tarixi, coğrafiyası barədə məlumatlı olmaq isə xarici ölkələrdə vətənini layiqincə təmsil etmək baxımından əhəmiyyətlidir.
- Gənclərin musiqi zövqünün korlanması ilə bağlı tez-tez eşidirik. Həm bir peşəkar, həm də daim gənclərin arasında olan bir insan kimi, bu fikirlə razılaşırsınızmı?
- Mən deməzdim ki, gənclərin musiqi zövqü korlanıb. Hər zamanın gənclərinin öz zövqü var.
Bizim zamanımızda "Beatles" qrupu, onun mahnıları çox məşhur idi. Bütün dünya onlara qulaq asırdı. Mən evdə onların musiqisini dinləyəndə anam deyirdi ki, bu nədir qulaq asırsan?
İndi də müxtəlif musiqi istiqamətləri yaranır. Biz onlara qarşı çıxmamalıyıq. Sənətdə inqilabi yeniliklərə, dəyişikliklərə qarşı çıxmaq doğru deyil. Sadəcə, yeni yaranan bütün sahələrlə bağlı peşəkarlar öz fikirlərini söyləməli, yaranan sferanın içərisinə daxil olub, oradan ən yaxşısını seçib göstərməlidirlər. Bu gün xeyli rep ifaçıları var. Ancaq ən yaxşısını nümunə göstərmək lazımdır. Müxtəlif istiqamətlər, cərəyanlar yaranır. Peşəkarlar və, ən əsası, zaman öz sözünü deyir, deyəcək. Əlbəttə ki, tarix öz ələyindən keçirərək, yaddaşında ən yaxşıları saxlayacaq. Azərbaycanın minlərlə xalq mahnıları olub. Ancaq onlardan ən yaxşıları bizə gəlib çatıb. Zamanın filtri daim işləyir.
Ü.FƏRZƏLİYEVA
27 oktyabr 2011-ci il. №19-20





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova