Hüquq məsləhəti

Hüquq məsləhəti

Oxucularımızın redaksiyaya ünvanladığı müxtəlif səpkili çoxsaylı sualları nəzərə alaraq, qəzetimizdə “Hüquq məsləhəti” rubrikası açmışıq. Səhiyyə sahəsi ilə bağlı sizi maraqlandıran bütün suallarınızı [email protected] elektron ünvanına göndərib, “Tibb qəzeti” vasitəsilə hüquqi məsləhət ala bilərsiniz. Suallarınızı “MedLEX” ixtisaslaşmış hüquq şirkətinin mütəxəssisləri cavablandırır.

“Mən onkoloji xəstəyəm və onkoloji xəstə kimi yerli poliklinikada qeydiyyatdayam. Bilmək istərdim ki, onkoloji xəstələr üçün dövlət tərəfindən hansı dərmanlar ayrılır?”

Cavab: Dövlət tərəfindən qeyd edilən xəstələrin müalicəsi üçün ayrılmış dərman vasitələrinin növləri və miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların siyahısı və miqdarı”na əsasən müəyyən edilir.
“Qanvermə aksiyası keçirilən zaman mən də aksiyaya qoşulmaq istədim. Hansı xəstəlikləri keçirdiyim barədə soruşulduqda, bronxial astma xəstəliyindən müalicə olunduğumu söylədim. Mənə bildirdilər ki, donor ola bilmərəm. Bu nə dərəcədə doğrudur?”
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2006-cı il tarixli 61 nömrəli qərarı ilə “Donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin Siyahısı”nın 2.8-ci bəndinə əsasən, bronxial astma xəstəliyindən əziyyət çəkənlər xəstəliyin müddətindən və müalicəsindən asılı olmayaraq donor ola bilməzlər.

“Səhiyyə Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarından birində çalışıram. Bir neçə aydan sonra 65 yaşım tamam olacaq. Bununla əlaqədar işdən azad edilə bilərəmmi?”
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi-tədqiqat müəssisələrinə şamil edilmir.

“Bakı şəhərində yerləşən böyük tibb müəssisələrindən birinin rəhbəriyəm. Xarici ölkələrin birindən mütəxəssis cəlb etməklə Azərbaycanda böyrək köçürməsi əməliyyatının keçirilməsini təşkil etmək fikrindəyəm. Bu növ əməliyyatların bizim müəssisədə aparılmasına hüquqi cəhətdən hər hansı bir maneə mövcuddurmu?”
Cavab: Azərbaycan Respublikasında insan orqan və (və ya) toxumalarının transplantasiyası əməliyyatları yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda qeyd edilən tibb müəssisələrində icra edilə bilər.

“Mən regionların birində yerləşən xəstəxananın kadrlar üzrə məsul işçisiyəm. Bizim bir əməkdaş barəsində şübhəli şəxs qismində hüquq-mühafizə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Bu işçi barədə mövqeyimiz necə olmalıdır?
Cavab: Həmin işçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən işdən kənarlaşdırılmalıdır.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova