Hüquq məsləhəti

Hüquq məsləhəti

Oxucularımızın redaksiyaya ünvanladıqları müxtəlif səpkili çoxsaylı suallarını nəzərə alaraq, qəzetimizdə “Hüquq məsləhəti” rubrikası açmışıq. Səhiyyə sahəsi ilə bağlı sizi maraqlandıran bütün suallarınızı [email protected] elektron ünvanına göndərib, “Tibb qəzeti” vasitəsilə hüquqi məsləhət ala bilərsiniz. Suallarınızı “MedLEX” ixtisaslaşmış hüquq şirkətinin mütəxəssisləri cavablandırır.

“Mən Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin 2014-cü il məzunuyam və rezidenturaya sənəd verməmişəm. Bilmək istəyirəm ki, hər hansı özəl klinikada həkim-stomatoloq kimi işləməyimə qanunla icazə varmı?”
Cavab: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2010-cu il 23 iyul tarixli 57 nömrəli əmri ilə təsdiq edilmiş “Baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin Siyahısı”nın 5-ci hissəsinə əsasən, baza ali tibb təhsili əsasında stomatologiya ixtisası üzrə həkim-stomatoloq vəzifəsinin tutulmasına yol verilir.

“Mən 2011-ci ildə Gəncə şəhərində yerləşən “Zirvə” tədris müəssisəsinə daxil olmuş, 2013-cü ildə tam kursu bitirmişəm. İmtahan komissiyasının 10.05.2013-cü il tarixli qərarı ilə mənə “tibb bacısı” ixtisası verilmişdir. Mən bu diplomla xəstəxanada tibb bacısı işləyə bilərəmmi?”
Cavab: Məzunu olduğunuz tədris müəssisəsi tibb təhsili fəaliyyətinin həyata keçirilməsinə dair xüsusi razılığa (lisenziyaya) malik olmadığından, həmin müəssisəni bitirənlərə dövlət nümunəli sənədin (diplomun) verilməsi mümkün deyil. Yalnız Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsil fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş tibb təhsili müəssisələrinin məzunları respublikada yerləşən tibb müəssisələrində işə qəbul olunmaq hüququna malikdirlər.

“Mən bilmək istərdim ki, hansı hallarda həkim-laborant KDL-in bir sahəsi üzrə fəaliyyət göstərə bilər? Konkret olaraq, biokimya bölməsini nəzərdə tuturam”.
Cavab: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2012-ci il 19 sentyabr tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim-laborantın nümunəvi vəzifə təlimatı”na əsasən, həkim-laborant işlədiyi müəssisədə qəbul olunmuş vəzifə təlimatında və əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə öhdəliklərini yerinə yetirməlidir.

“1983-cü ildən xəstəxananın Cərrahiyyə şöbəsinin 20 çarpayılıq travmatoloji palatasında tək həkim-travmatoloqam. İş saatından sonra ev növbətçiliyi çəkməyə məcburam. Bəzən işdən sonra iş saatından daha çox məşğul oluram. Bununla belə, mənə 0,25 ştat vahidi əlavə əmək haqqı verilir. Bilmək istərdim ki, bu cür iş rejimi hüquqi cəhətdən qanunidirmi?”
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103-cü maddəsinin 4-cü hissəsinə əsasən, işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli qərarına əsasən, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində həkimlərə həftə ərzində 36 saatdan çox olmamaq şərti ilə qısaldılmış iş vaxtı müəyyən edilir.
Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarının 2.2.6.1-ci yarımbəndinə əsasən, səhiyyə müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkim, orta və kiçik tibb heyəti işçilərinə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi, digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.

“Rayon mərkəzi xəstəxanasında həkim-terapevt vəzifəsində çalışıram. Himayəmdə 13 yaşlı əlil uşaq anasıyam. Baş həkim məni Bakı şəhərinə ezamiyyətə göndərəcəyini dedi. Uşağa qulluqla əlaqədar uzaq yerə gedə bilmədiyimə görə ezamiyyətə getməsəm, hüquqi cəhətdən nə kimi problemlər ola bilər?”
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 242-ci maddəsinin 2-ci hissəsinə əsasən, 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir. Eyni zamanda bildiririk ki, səhiyyə mütəxəssislərinin fəaliyyət göstərdikləri peşə üzrə ixtisasartırma kurslarında iştirak etmələri ezamiyyət hesab olunmur.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova