Hüquq məsləhəti

Oxucularımızın redaksiyaya ünvanladığı müxtəlif səpkili çoxsaylı sualları nəzərə alaraq, qəzetimizdə “Hüquq məsləhəti” rubrikası açmışıq. Səhiyyə sahəsi ilə bağlı sizi maraqlandıran bütün suallarınızı [email protected] elektron ünvanına göndərib, “Tibb qəzeti” vasitəsilə hüquqi məsləhət ala bilərsiniz. Suallarınızı “MedLEX” ixtisaslaşmış hüquq şirkətinin mütəxəssisləri cavablandırır.
“Mən 24 ildir ki, qəsəbə xəstəxanasında sahə həkim-pediatrı işləyirəm. Sahə həkimlik işimə görə mənim əmək haqqıma əlavə verilməlidirmi?”
Cavab:Sahə həkim-pediatr vəzifəsində çalışanların əmək haqqına fasiləsiz əmək stajına görə əlavələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.5-ci yarımbəndinə əsasən müəyyən edilir.
“2 il öncə özəl stomatoloji fəaliyyətlə məşğul olmaq məqsədilə Səhiyyə Nazirliyindən lisenziya almışam. Lakin hazırda lisenziyanı itirmişəm, onun müddətinin bitməsinə isə hələ 3 il var. Bu halda mənim özəl tibb fəaliyyəti ilə məşğul olmağım qanuni sayılırmı və nə etməliyəm?”
Cavab: Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 2.11-ci və 2.12-ci bəndlərinə əsasən, lisenziya itirildiyi təqdirdə onun yenidən rəsmiləşdirilməsi üçün 15 gün müddətində ərizə təqdim edilməli, yeni lisenziya alınana qədər isə müvəqqəti icazə əsasında fəaliyyət davam etdirilməlidir.
“Uzun illərdir ki, lisenziya əsasında qanuni olaraq əczaçılıq fəaliyyəti ilə məşğul oluram. Satışı ilə məşğul olduğumuz bir dərman vasitəsinin video reklamının televiziyada yayımına müsbət rəy verilmədi. Səbəb də onu bildirdilər ki, sağalmasına bu dərman səbəb olan şəxslər reklamda çəkilməməlidir. Həm də onu qeyd edim ki, bu dərman reseptsiz satılan dərmanlardandır. Bu nə dərəcədə doğrudur?”
Cavab: “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.2.2-ci və 16-1.2.3-cü maddələrinə əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamında reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad edilməsinə və reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fiziki şəxslərin minnətdarlığının ehtiva edilməsinə yol verilmir.
“Keçən il dövlət xəstəxanalarından birində xəstəliyimlə əlaqədar bir ay müalicə olunmuşam. Xəstəxanadan çıxandan sonra isə orada müayinə-müalicə olunmağımla bağlı sənədləri götürməmişəm. Vəziyyət elə alınıb ki, həmin sənədlər indi mənə lazımdır. Onları əldə etmək hüququm varmı?”
Cavab: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və həmin sənədlərin surətlərini əldə etmək hüququna malikdir.
“Özəl klinikada həkim-pediatr vəzifəsində çalışıram. Uşağımın 3 yaşı olana kimi sosial məzuniyyətdə idim. İşə qayıdan kimi klinikanın kadrlar üzrə işçisi mənim sertifikasiyadan keçməli olduğumu bildirdi. Bilmək istəyirəm ki, sertifikasiyadan keçməliyəm, yoxsa yox?”
Cavab: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə əsasən, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.
“Tibb işçisi olaraq bilmək istərdim ki, tibb işçilərinə ixtisas dərəcələri nəyə əsasən, hansı meyarlara görə verilir?”
Cavab: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 8 sentyabr 2010-cu il tarixli 69 nömrəli Əmrinin 1.2-ci bəndinə əsasən, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyasının nəticələrinə uyğun olaraq müəyyən edilir.
Xəbəri paylaş