Sona Vəlixan – 140
...Ömrünün sonuna qədər bu amalla yaşadı, qəlblərə sevinc, gözlərə nur payladı...
İlk azərbaycanlı qadın həkim, tibb elmləri doktoru elmi dərəcəsi alan ilk azərbaycanlı qadın
O, dünyaya gələndə təkcə doğulduğu ailəsi deyil, talelərinə yaşamaq üçün yazılmış Rusiya, bəlkə də, elə bu dünyanın özü bütünlüklə təlatümlər içərisində idi. İnsanlar köhnə dünyanı təzəsi ilə əvəz etmək eşqi ilə alışıb yanır, yeni dünyanın onlara böyük müjdələr gətirəcəyinə inanırdılar. Həmin dövrlərdə doğma Vətənindən uzaqlarda ali təhsil alaraq el-obasına dönüb, insanların sağlamlığı keşiyində durmaq arzusu ilə yaşayan İbrahim Rəhimov da yenilik tərəfdarlarının sırasında idi. İnqilab ruhlu bu gənc heç özü bilmirdi ki, atdığı bu addım onu dərin bir uçuruma aparır. O zamankı cəmiyyət üçün "etibarsız insan” sayılan İbrahim həyatın çox sınağına çəkilir, itirdikləri, bəlkə də, qazandıqlarından çox olur. Çox güman ki, taleyin ona bəxş etdikləri arasında onun yolunu davam etdirən sevimli qızı Sona ən əziz nemət idi.
Sona İbrahim qızı Rəhimova (Vəlixan) 1883-cü il iyulun 18-də Xarkovda həkim ailəsində doğulub. O, həkimlik sənətinə hələ uşaqlıqdan maraq göstərirdi. Bu isə atası psixiatr İbrahim Rəhimovu çox sevindirirdi. Tez-tez qızı ilə bu barədə söhbətlər edir, onu daha da həvəsləndirirdi.
İsveçrənin Lozanna Universitetinə daxil olanda Sonanın 17 yaşı yenicə tamam olmuşdu. Lakin o, təhsilini axıradək burada davam etdirə bilmir, ailə vəziyyəti ilə əlaqədar olaraq Rusiyaya qayıdır və təhsilini Peterburq Qadın Tibb İnstitutunda (indiki İ.P.Pavlov adına İnstitut) başa vurur. 1908-ci ildə Sona buranı fərqlənmə diplomu ilə bitirir. Elə həmin ildə o, Peterburq Göz Xəstəxanasına (hazırkı L.L.Qrişman adına Sankt-Peterburq Oftalmologiya İnstitutuna) ordinator vəzifəsinə qəbul olunur, 1914-cü ilə qədər burada çalışır. Az sonra isə Xarkova – ailəsinin yanına dönür və bir müddət Xarkov Şəhər Göz Müalicə Xəstəxanasında ordinator vəzifəsində işləyir. 1915-1924-cü illərdə o, Xarkov Tibb İnstitutunun Patoloji anatomiya kafedrasında əvvəlcə baş laborant, sonra isə baş assistent kimi fəaliyyət göstərir. Artıq Sona xanımın sorağı Vətəninə də gəlib çatır. 1921-ci ildə onun elmi və həkimlik fəaliyyətini nəzərə alaraq Azərbaycan Dövlət Universiteti Sona xanımın ünvanına 2 teleqram göndərir. Bu teleqramlarda o, Vətənində işləməyə dəvət olunur, həmçinin Sona Vəlixanın Azərbaycan Dövlət Universitetinin Göz xəstəlikləri – oftalmologiya kafedrasının ordinatoru vəzifəsinə təsdiq olunduğu bildirilir.
Sona xanım bu təklifə sevinsə də, Azərbaycana dönməyə bir qədər tərəddüd edir.
Hər şeydən öncə, o artıq yaşa dolmuş atasından ayrılmaq istəmirdi. Lakin atası İbrahim Sonanın Bakıya qayıtmasını çox istəyirdi. Nəhayət, o, atasının təkidi ilə Bakıya gəlir və 1923-cü il dekabrın 18-dən Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayır. Bu fəaliyyətlə yanaşı, o, Rusiyada başladığı elmi axtarışlarını da davam etdirir.
1928-ci il mayın 13-də Sona xanım "Zədəli endoftalmitin patoloji anatomiyasına dair materiallar” adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir və ona tibb elmləri doktoru elmi dərəcəsi verilir. Həkim-oftalmoloq Sona İbrahim qızı Vəlixan keçmiş SSRİ məkanında Azərbaycandan belə yüksək elmi dərəcəyə layiq görülən ilk azərbaycanlı qadın idi.
1930-cu ildə yeni yaradılan Tibb İnstitutunda fəaliyyətini davam etdirən Sona xanıma 1935-ci ildə Bakıda yaranan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Oftalmologiya kafedrasında işləmək təklif olunur və o, 1939-cu ildən bu kafedraya rəhbərlik etməyə başlayır. Həmin dövrdə Kür və Araz çaylarının hövzələri boyunca böyük bir ərazidə yaşayan əhalinin 40-50 faizi arasında traxoma xəstəliyi geniş yayılmışdı. Bu xəstəliyin səbəblərinin öyrənilməsi və ləğv edilməsi istiqamətində görülən işlərdə onun da xidmətləri böyükdür.
Sona xanım 1940-cı ildə Stokholmdan bir məktub alır. Məktubda Karolina Kral Tibbi-Cərrahiyyə İnstitutunun tapşırığı ilə Nobel Komitəsi Psixologiya və tibb sahəsi üzrə 1941-ci ildə Nobel mükafatı almaq üçün Sona xanımdan məruzə təqdim etməsini xahiş edirdi. Məruzə lazımi yoxlamadan keçməkdən ötrü 1941-ci il fevralın 1-nə kimi Nobel Komitəsinə çatdırılmalı idi. Təəssüf ki, bu məsələ həllini tapmır və onun səbəbləri hələ də sirr olaraq qalır.
1957-ci ildə Sona xanım daha bir zərbə alır. Belə ki, 1957-ci ilin mart ayında Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurası Oftalmologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Sona İbrahim qızı Vəlixanın SSRİ Tibb Akademiyasının müxbir üzvlüyünə namizədliyini irəli sürür. Nədənsə, bu qərar da Elmi Şuranın protokolundan kənara çıxarılmır. Sanki hər şey təkrarlanırdı, vaxtilə atasının üzləşdiyi haqsızlıqlar Sonanın tale yazısına çevrilir, onun həyatına kölgə salırdı. Səbəblər bəlli olmasa da, nəticə bəlli idi, bu azərbaycanlı qızını mənən, ruhən sındırmaq, əymək, fiziki cəhətdən yox etmək istəyənlər hər şeyə əl atırdılar. Lakin nə bu qadağalar, nə təzyiqlər onun əzmini qıra bilməmiş, iradəsini sarsıtmamışdı.
Sona Vəlixanın rəhbərliyi ilə 1939-1971-ci illərdə 2 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə olunmuşdu. Onun yazdığı 2 monoqrafiya və 50-dən artıq elmi əsərdə oftalmologiyanın müxtəlif problemləri açıqlanırdı. İstər peşəsində, istərsə də elmi fəaliyyətində atası İbrahimdən, professor L.L.Qrişmandan aldığı tövsiyələrə əməl etmiş, onları öz həyat idealına çevirmişdi. Onun bir amalı vardı: insanlığa xidmət etmək...
Yüksək ixtisaslı oftalmoloq olmaqla bərabər, Sona Vəlixan istedadlı patohistoloq idi. Gözün patoloji anatomiyasını dərin bilən istedadlı alim göz xəstəliklərində təsadüf olunan bir çox məsələlərin aydınlaşdırılmasında öz bilik və qüvvəsini heç vaxt əsirgəmirdi. Ömrünün yarısından çoxunu pedaqoji işə sərf edən alim istər özünə, istərsə də müdavimlərinə qarşı həmişə tələbkar idi, mühazirələrini dərin, mənalı və keyfiyyətli qurardı. O, oftalmologiyanın ən çətin sahələrini belə tələbələrinə, yetirmələrinə sadə, başa düşüləcək şəkildə aydınlaşdırmağı bacarırdı.
Bu səbəbdən də hazırladığı kadrların dərin minnətdarlığını, hörmətini qazanmışdı Sona xanım.
Bu sadə, son dərəcə təvazökar azərbaycanlı qızının fədakar zəhməti, xalqı qarşısında xidməti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdi. Belə ki, o, “Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, "Qızıl ulduz" ordeni, Almaniya üzərində qələbəyə görə”, "Əməkdə fərqlənməyə görə” və s. medallarla, həmçinin "Tibb əlaçısı’ nişanı ilə təltif olunmuşdu.
1982-ci ildə 99 yaşında vəfat edən Sona xanım Vəlixan mənalı ömür yaşadı, özündən sonra bir məktəb yadigar qoydu...
Hazırda Azərbaycan Təbabəti Muzeyinin stend və vitrinlərində görkəmli alim Sona Vəlixanın həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur.
Sevinc Maniyeva,
Azərbaycan Təbabəti Muzeyinin direktoru