“Təbabətin aktual problemləri – 2023”

“Təbabətin aktual problemləri – 2023”

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi praktik konqres keçirilib


“Heydər Əliyev ili” çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Təbabətin aktual problemləri – 2023” mövzusunda beynəlxalq elmi praktik konqres keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyublar, xatirəsini ehtiramla yad ediblər.
Toplantıda Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC-ın verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələrindən mütəxəssis və alimlərin iştirak etdiyi konqresin açılış mərasimində səhiyyə naziri Teymur Musayev çıxış edərək, Heydər Əliyev kimi bir dühanın bir əsrlik yubileyinin bütün ölkəmiz və xalqımız üçün çox əlamətdar olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın bugünkü inkişafının, böyük Zəfərimizi şərtləndirən qüdrətinin təməlində məhz Ulu Öndərin tərəqqimizi təmin edən siyasi kursu, düşünülmüş və gələcəyə hesablanmış əməli addımları dayanır. Həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həm SSRİ-nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətində Heydər Əliyev Vətənimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə xidmət edib, onun tərəqqisi üçün var qüvvəsi ilə çalışıb: “1969-cu ilin iyul ayından etibarən Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızda bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əsaslı dönüş yarandı. Belə ki, 1960-cı illərdə Azərbaycan səhiyyəsində maddi-texniki bazanın zəifliyi, kadr çatışmazlığı, ana və uşaq sağlamlığının qorunması, bir sıra infeksion xəstəliklər üzrə yaranmış vəziyyət öz həllini gözləyən problemlər idi. Səciyyəvidir ki, artıq 1969-cu ildə məhz Ulu Öndərin təşəbbüsü ilə bu problemlərin həlli üçün Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Sağlamlıq Məcəlləsi” adlı sənəd qəbul edildi. Həmin Məcəllə fəaliyyət planı olaraq səhiyyənin inkişaf istiqamətlərini müəyyən etdi, gələcək nailiyyətlərin bünövrəsində dayandı. Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Heydər Əliyevin göstərişi ilə səhiyyə ocaqlarının yenidən qurulması, yeni tibb müəssisələrinin tikilməsi üzrə irimiqyaslı layihələr həyata keçirildi. O cümlədən yararsız binalarda yerləşən tibb müəssisələri üçün yeni binalar inşa edildi. Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri, yeni poliklinikalar istifadəyə verildi. Elmi Tədqiqat Oftalmologiya və Onkologiya İnstitutları üçün yeni binaların tikintisinə başlandı. Kadr çatışmazlığı problemini həll etmək, ölkə səhiyyəsini yüksəkixtisaslı kadrlarla təmin etmək məqsədilə həkimlərin və təbabət alimlərinin hazırlığı yüksək vüsət aldı, yeni elmi mərkəzlər açıldı, təbabət üzrə elmi-tədqiqat institutlarının fəaliyyəti canlandırıldı. Respublikada tibb təhsilindən əlavə, Ümummilli Liderin təşəbbüsü ilə perspektivli gənclər SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarında oxumağa göndərildilər. Eyni zamanda, tibb elminin inkişafı, gənc azərbaycanlı alimlərin İttifaq səviyyəli tibb ocaqlarında elmi-tədqiqatlar aparması üçün aspiranturaya da göndərişlər verildi”.
Nazir Teymur Musayev bildirib ki, 1993-cü ildə Ümummilli Lider müstəqilliyini yenicə bərpa etmiş ölkəmizə geri dönəndə, xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdanda Vətənimiz və səhiyyəmiz çətin dövr yaşayırdı. Xarici təcavüz, iqtisadi tənəzzül, siyasi hərc-mərclik, qaçqın və məcburi köçkünlərin problemi bir çox sahələr kimi, səhiyyəni də ağır duruma salmışdı: “Belə bir şəraitdə Heydər Əliyev ölkə səhiyyəsində də pərakəndəliyin, dağıntıların qarşısını ala bildi, əhalinin sağlamlığının qorunması üzrə bir neçə istiqamətdə fəaliyyətə başladı və bunların hər birində uğurlar əldə etdi. Beləliklə, əminliklə deyə bilərik ki, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycanın özü ilə birlikdə, onun səhiyyə sisteminin də xilaskarına çevrildi. Səhiyyəmizin inkişafı yolunda Ümummilli Liderin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.
Ümummilli Lider Heydər Əliyevin əhalinin sağlamlığının qorunması üzrə müəyyənləşdirdiyi kurs bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə fəaliyyəti sayəsində Azərbaycan səhiyyəsi son 20 il ərzində böyük inkişaf yolu keçib. Əhalinin sağlamlıq göstəricilərində müsbət dinamika görülən işlərin uğurlu nəticəsidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da daim səhiyyəmizin hamisi kimi çıxış edir. Mehriban xanımın ölkə səhiyyəsinə himayədarlığı, insanların sağlamlığına diqqət və qayğısı, birbaşa təşəbbüskarı olduğu layihələr xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu isə o deməkdir ki, dahi Heydər Əliyevin irsi bu gün də yaşayır, Azərbaycanın səhiyyə sisteminin yeni nailiyyətlərinin istiqamətvericisinə çevrilir. Onun əziz xatirəsi daim yollarımıza işıq saçır, bizi yeni uğurların təntənəsinə aparır", - deyə T.Musayev çıxışına yekun vurub.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bütün həyatını doğma xalqına həsr edən, Vətənə, millətə sədaqətlə, ləyaqətlə xidmət göstərən Ulu Öndərin adının bəşər tarixinə qızıl hərflərlə yazıldığını deyib. Qeyd edib ki, istər sovetlər dövründə, istərsə də müstəqillik bərpa edildikdən sonrakı müddətdə Azərbaycan üçün ən həlledici anlarda məhz Ulu Öndərin liderlik keyfiyyətləri, müdrikliyi, cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas edib. Bildirib ki, Ulu Öndər xalqımızın sağlamlığının keşiyində duran həkimlərin cəmiyyətdə rolunu daim vurğulayıb: “Heydər Əliyev tibb təhsili, tibb elmi və səhiyyənin inkişafının bir-birindən ayrılmaz olduğunu, hamısının bir məqsədə - sağlam gələcək nəslin yetişməsinə xidmət etdiyini xüsusilə qeyd edirdi. Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrların və təbabət alimlərinin hazırlığına böyük diqqət yetirildi, mövcud səhiyyə ocaqları abadlaşdırıldı, yeni tibb müəssisələri və elmi mərkəzlər açıldı, elmi-tədqiqat institutlarının fəaliyyəti canlandırıldı. Heydər Əliyev Azərbaycanda ilk ali tibb təhsili ocağı olan Azərbaycan Tibb Universitetinə də hər zaman diqqət və qayğı ilə yanaşıb. Fərəhli haldır ki, Ulu Öndər 1998 və 2000-ci illərdə Azərbaycan Tibb Universitetində olub. O hər gəlişində geniş nitq söyləyərək həm tələbə, həm professor-müəllim heyətinə, həm də bütövlükdə bütün səhiyyə işçilərinə dəyərli tövsiyələr verirdi. 2002-ci ildə isə Heydər Əliyevin göstərişi ilə Azərbaycan Tibb Universitetinin ilk olan Stomatoloji Klinikasının yaradılması haqqında Qərar qəbul olundu. Məhz Ümummilli Liderin göstərişi ilə universitetin nəzdində Hərbi tibb fakültəsi yaradıldı. Həmin fakültənin məzunları 44 günlük Vətən müharibəsində əvəzolunmaz xidmətləri ilə fərqləndilər”.
Konqresdə həmçinin Türkiyənin İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunun direktoru, professor Sezai Yılmaz, Beynəlxalq Tibb Təhsili Konfransının prezidenti, professor Ajar Raşid, Rusiya Terapevtlərinin Elmi Tibbi Cəmiyyətinin prezidenti, akademik Anatoli Martınov, Stenford Universitetinin Lusile Pakkard Uşaq xəstəxanasının təmsilçisi dosent Teymur Nəsirov və digərləri çıxış ediblər. Natiqlər qeyd ediblər ki, ölkənin səhiyyə sisteminin müasir və beynəlxalq çağırışlar fonunda inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən olub.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən sənədli film nümayiş olunub.
Türkiyə, Pakistan, Rusiya, ABŞ və digər ölkələrdən qonaqların iştirak etdiyi “Təbabətin aktual problemləri – 2023” mövzusunda beynəlxalq elmi-praktik konqres öz işini plenar sessiyalarla davam etdirib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova