Azərbaycanlı onkoloqun məruzəsi ən yaxşı beynəlxalq elmi məqalə mükafatına layiq görülüb
Onkoloji xəstəliklərlə mübarizə səhiyyə sahəsində xüsusi yanaşma, onun müalicəsi isə həkimlərdən xüsusi diqqət və qayğı tələb edir. Müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeni diaqnostika və müalicə metodları getdikcə inkişaf edir. Bu baxımdan tibbin və texnologiyanın vəhdəti onkoloji xəstəliklərin diaqnostika və müalicəsində həkimlər üçün yeni imkanlar açır.
Tibbin onkoloji xəstəliklərlə mübarizədə nail olduğu elmi biliklərin paylaşıldığı, texnologiyanın müasir formalarının nümayiş edildiyi və eyni zamanda, dünyanın bir sıra aparıcı tibb müəssisələrinin mütəxəssisləri ilə fikir mübadiləsi aparılması imkanı verən beynəlxalq tədbirlərdən biri də ABŞ-ın Nüvə Təbabəti və Molekulyar Görüntüləmə Cəmiyyətinin hər il təşkil etdiyi illik beynəlxalq konfransdır. Tədbir həkimlərlə yanaşı, əczaçı, texnoloq və fiziklərin bir araya gəlməsinə, elmi-təcrübi biliklərin və təbabətdə olan müasir innovasiyaların paylaşılmasına şərait yaradır.
Milli Onkologiya Mərkəzindən verilən məlumata görə, cəmiyyətin bu il ABŞ-ın Kaliforniya ştatının Anaheim şəhərində keçirilən konfransında ölkəmizi Mərkəzin Nüvə təbabəti şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun rəhbərlik etdiyi dörd əməkdaşdan ibarət nümayəndə heyəti təmsil edib.
Dünyanın 100-dən çox ölkəsindən minlərlə nümayəndə heyətinin iştirak etdiyi konfransın açılışında ABŞ-ın Nüvə Təbabəti və Molekulyar Görüntüləmə cəmiyyətinin prezidenti, Yuta Universitetinin professoru Satoşi Minoşima çıxış edib.
Konfransın təşkilat komitəsinin sədri, Massaçusets hospitalının professoru Umar Mahmud və başqaları çıxış edərək, tədbirin əhəmiyyəti barədə danışıblar.
Azərbaycanlı alimlərin üç elmi məqaləsindən biri məruzə, digər ikisi isə tezis şəklində olmaqla, konfrans tərəfindən təqdimat üçün qəbul edilib. Süd vəzisi xərçənginin diaqnostikasında pozitron emissiya tomoqrafiya müayinəsi haqqında məqalə iştirakçılara tezis şəklində təqdim olunub. Digər yazı – regionda və MDB məkanında yalnız ölkəmizdə istifadə olunan, prostat vəzisi xərçənginin hədəfə yönəlmiş radionuklid müalicəsində tətbiq edilən Ac225-PSMA radiofarmasevtik dərman vasitəsinin istehsalı və keyfiyyətinin təyininə dair məqalə də tezis şəklində nümayiş etdirilib.
Tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun beyin xərçənginin erkən diaqnostika və müalicəsi ilə əlaqədar qəbul edilmiş məqaləsi məruzə şəklində dinlənilib və ən yaxşı beynəlxalq elmi məqalə mükafatına layiq görülüb.
Cəmiyyətin növbəti konfransının gələn ilin iyun ayında ABŞ-ın Luiziana ştatının Nyu-Orlean şəhərində keçirilməsi nəzərdə tutulub.