Nurəddin Rzayev – 90

Nurəddin Rzayev – 90

Səhiyyə Nazirliyinin Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində tanınmış cərrah, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Nurəddin Rzayevin 90 illik yubileyi keçirildi.
Nurəddin Rzayevlə birgə çalışmış mütəxəssislərin, onun tələbələrinin, ailə üzvlərinin iştirak etdiyi tədbiri Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev açdı. O, rəhbərlik etdiyi müəssisənin yaranması və inkişafı tarixində Azərbaycanın dəyərli elm xadimi N.Rzayevin əvəzsiz rolundan danışdı. R.Ağayev Nurəddin Rzayevin çox gənc ikən, 34 yaşında Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq İnstitutuna (indiki Elmi Cərrahiyyə Mərkəzinə) rəhbər təyin edildiyini, 30 ilə yaxın bu vəzifədə çalışdığını vurğuladı. Həmin müddət ərzində İnstitutun adını SSRİ məkanında ön sıralara ucaldan insanlardan biri olduğunu diqqətə çatdırdı. Direktor Nurəddin Rzayevin böyük məktəb yaratdığını, onun qoyduğu ənənələrin bu gün də şərəflə davam etdirildiyini dedi.
Mərkəzin Damar cərrahiyyəsi şöbəsinin baş elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Camaləddin Kosayev Nurəddin Rzayevin həyatı, elmi, pedaqoji və ictimai fəaliyyəti ilə bağlı məlumat verdi: “Nurəddin Rzayev 1929-cu il iyunun 26-da Gədəbəydə ziyalı ailəsində doğulub. 1945-ci ildə orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub. 1950-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Bundan sonra təyinatla Türkmənistana göndərilib və 1953-cü ilədək orada çalışıb. Təyinat müddətini başa vurduqdan sonra Bakıya, müəllimi professor Fuad Əfəndiyevin yanına qayıdıb və onun məsləhəti ilə sənədlərini Azərbaycan Tibb İnstitutunun Cərrahi xəstəliklər kafedrasına klinik ordinaturaya təqdim edib. Bu kafedrada elmi və praktiki fəaliyyətini uğurla davam etdirən cərrah-alim 1958-ci ildə "Mezatonun cərrahiyyədə tətbiqi" mövzusunda namizədlik, 1965-ci ildə isə "Ağciyər arteriyalarının tromboz və emboliyaları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, professor adı alıb”.
C.Kosayev professor Nurəddin Rzayevin 1964-cü ildən 1994-cü ilədək Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun direktoru vəzifəsində çalışdığını söylədi. Onun rəhbərliyi dövründə burada 17 şöbənin, laboratoriyaların yaradıldığını bildirdi. Natiq 1966-cı ildə N.Rzayevin təşəbbüsü ilə "Qanın laxtalanma sistemi məsələləri" üzrə II Ümumittifaq konfransının keçirildiyini də vurğuladı. 1964-1990-cı illərdə Ümumittifaq Cərrahlar Cəmiyyətinin rəyasət heyətinin, Damar Cərrahlığı üzrə İttifaq Problem Komissiyasının üzvü kimi SSRİ səviyyəsində keçirilən tədbirlərdə iştirak etdiyini dedi. Onun 1966-cı ildən Səhiyyə Nazirliyinin elmi şurasının üzvü, 1978-1983-cü illərdə Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri olduğunu diqqətə çatdırdı.
Camaləddin Kosayev N.Rzayevin 1994-cü ildə Xəzər Universitetində Cərrahiyyə departamentinin müdiri, 1995-ci ildə həmin universitetin prorektoru, 1996-cı ildə Azərbaycan Universitetində "Şərq-Qərb" elmi mərkəzinin professoru kimi çalışdığını, 1999-cu ildən isə Ali Diplomatiya Kollecində "Türkoloji araşdırmalar mərkəzi"nə rəhbərlik etdiyini bildirdi. Görkəmli alimin 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görüldüyünü qeyd edən natiq onun 1983-cü ildən Beynəlxalq Cərrahlar Cəmiyyətinin, 1993-cü ildən Avropa Təxirəsalınmaz Cərrahlıq və Travma Cəmiyyətinin, 1994-cü ildən Nyu-York Elmlər Akademiyasının üzvü olduğunu söylədi: “Beş elmlər doktoru, 30-dan artıq elmlər namizədi yetişdirən tanınmış mütəxəssis 5 elmi ixtiranın, 300-dək elmi məqalənin müəllifidir. O, dəfələrlə Rusiya, Ukrayna, Belarus, Latviya, Moldova, Gürcüstan, ABŞ, Türkiyə, İngiltərə, Polşa, Avstriyada keçirilmiş müxtəlif konfrans və simpoziumlarda istər SSRİ-ni, istərsə də Azərbaycanı yüksək səviyyədə təmsil edib.
Peşəkar cərrah, vətənpərvər, türkçü, ensiklopedik biliyə malik şəxsiyyət olan Nurəddin Rzayev 16 oktyabr 2011-ci ildə dünyasını dəyişib”.
Yubiley tədbirində professor N.Rzayevlə birgə çalışmış həmkarları – Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Şüa diaqnostikası şöbəsinin müdiri, tibb elmləri doktoru, professor Soltan Manafov, Ürək cərrahiyyəsi şöbəsinin rəhbəri Fazil Abbasov, Qida borusu, mədə və 12-barmaq bağırsaq cərrahiyyəsi şöbəsinin rəhbəri Elbrus Rüstəmov, Anesteziologiya və reanimatologiya şöbəsinin rəhbəri, tibb elmləri doktoru Fuad Həsənov, Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının rəhbəri, professor Çərkəz Cəfərov onunla bağlı xatirələrini danışdılar.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova