Çatışmazlıqların aradan qaldırılması arzusu ilə...
Vaxtının çoxunu məktəbdə keçirən şagirdlərin sağlamlığına, qidalanmasına lazımi səviyyədə diqqət yetirilirmi? 2012-ci ilin fevral ayından bu suala cavab axtaran «Tibb qəzeti» orta məktəblərdə fəaliyyət göstərən tibb məntəqələri və bufetlərlə bağlı araşdırmalarını davam etdirir. Düz 4 ildir «həyəcan təbili» çalmağımıza baxmayaraq, bəzi təhsil ocaqlarında hələ də ciddi nöqsanlar var. Bu dəfə daha iki təhsil müəssisəsində – Sumqayıt şəhərindəki 3 nömrəli və Bakının Sabunçu rayonunda yerləşən 112 nömrəli orta məktəblərdə bu sahədə vəziyyətlə maraqlandıq.
Sumqayıt şəhəri 3 nömrəli orta məktəb
Biz Sumqayıt şəhəri 3 nömrəli orta məktəbin həyətinə daxil olanda saat 10:30 idi. İçəri girməzdən öncə həyətdə rəyini soruşduğumuz 3-4 nəfər məktəblinin hər biri məntəqənin həmişə açıq olduğunu dedi, orada çalışan tibb bacısından razılıq etdi. Onların sözlərinə görə, ehtiyac yarandıqda şagirdlərə, elə anındaca, lazımi tibbi yardım göstərilir.
Daha sonra məktəbə daxil olub, üz tutduq tibb məntəqəsinə. Biz içəri daxil olanda masa arxasında bir xanım əyləşmişdi. Öyrəndik ki, o, tibb bacısı Ceyhunə Ağasızadədir. Apardığımız araşdırmanın məqsədi barədə ona məlumat verdikdən sonra məntəqəyə baxış keçirdik.
Məktəb əsaslı təmir olunduğu üçün məntəqədə də şərait yaxşıdır. Otaq lazımi avadanlıqlarla təmin edilib. Dərman şkafında preparatlar çox idi. Amma oradakı 3 flakon «brilyant yaşılı»nın hər üçünün istifadə müddəti bitmişdi.
Tibb bacısı bildirdi ki, məntəqə Sumqayıt şəhəri 2 nömrəli Uşaq Poliklinikasının tabeliyindədir: «Preparatlar isə Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən verilir. Sonuncu dəfə yanvar ayında dərman almışıq, hazırda bu baxımdan heç bir çətinliyimiz yoxdur».
Daha sonra tibbi heyətin iş qrafiki ilə maraqlandıq. Öyrəndik ki, məntəqədə iki nəfər işləyir. Həkim-pediatr Zülfiyyə Qənbərova həftənin cümə axşamı və şənbə günləri saat 8:00-dan 15:00-dək, tibb bacısı isə hər gün saat 8:00-dan dərslər qurtarana qədər məntəqədə olur. Həkimin həmin gün işdə olmaması isə qrafikə uyğun idi.
Cari tədris ilində tibb məntəqəsi tərəfindən görülən işləri nəzərdən keçirmək üçün müvafiq jurnallara da baxdıq. Doğrudur, lazımi qeydlər vaxtında və dəqiq aparılmışdı, amma başda «İş planı» olmaqla, jurnalların heç biri tikilib səhifələnməmiş, poliklinikanın rəhbəri tərəfindən təsdiq olunmamışdı.
Nəhayət, məktəbin bufeti ilə tanış olduq. Əvvəla, onu qeyd edək ki, tibb bacısı «Qida blokuna nəzarət» jurnalında bufetdə, necə deyərlər, hər şeyin öz qaydasında olduğunu yazmışdı. Amma burada onun tam əksi ilə qarşılaşdıq. Bufet elə bərbad vəziyyətdədir ki, adamda ikrah hissi doğurur. Tavan və divarlar nəmişlikdən artıq uçub-tökülməkdədir. Döşəmə köhnə olmaqla yanaşı, sanki aylardır silinib-təmizlənmir. Avadanlıqlar öz ömrünü çoxdan başa vurub. Hər tərəf səliqəsiz və çirklidir. Doğrudur, bufetçi Səriyyə Ağayeva tibbi müayinədən keçib, amma o bu şəraitdə, şəxsi gigiyena qaydalarına riayət etmədən – qalpaqsız və əlcəkçiz lavaş bişirməklə məşğuldur. Bəli, nə qədər qəribə də olsa, məktəb bufetində lavaş bişirilir! Üstəlik, burada satılan məhsulların heç birinin uyğunluq və gigiyenik sertifikatları yoxdur. Qaydalara zidd olaraq, şagirdlərə mənşəyi məlum olmayan, evdə bişirilmiş dovğa, pirojki və sair ərzaqlar satılır.
Bir sözlə, tibb bacısının jurnalında «təmizdir» yazılmış bufetdə vəziyyət belə acınacaqlı idi. Onu da öyrəndik ki, bufet «Mahmud» Kəndli Fermer Təsərrüfatı MMC-nin tabeliyindədir.
Beləcə, 976 nəfər şagirdin təhsil aldığı Sumqayıt şəhəri 3 nömrəli orta məktəbdən bədbin əhval-ruhiyyə ilə ayrıldıq və araşdırmamızı davam etdirmək üçün üz tutduq başqa bir təhsil ocağına.
Sabunçu rayonu 112 nömrəli məktəb
Bakı şəhərinin Sabunçu rayonunda, Pirşağı qəsəbəsində yerləşən 112 nömrəli məktəbin qapısını da səhər erkəndən döydük. Digər araşdırma obyektlərimizdə olduğu kimi, burada da ənənəmizi pozmadıq – içəri girməzdən əvvəl şagirdlərin tibb məntəqəsi ilə bağlı fikirlərini öyrəndik. Qeyd edək ki, bu məqsədlə söhbət elədiyimiz məktəblilər məntəqənin hər gün dərslər başlayandan qurtarana qədər açıq olduğunu və lazım gəldikdə hər kəsə tibbi yardım göstərildiyini bildirdilər.
Şagirdlərlə söhbətimizi yekunlaşdırıb yön aldıq tibb məntəqəsinə. Biz içəri daxil olanda bir nəfər iş başında idi. Öyrəndik ki, o, tibb bacısı Sevinc Əliyevadır.
Məntəqədə şərait yüksək səviyyədə, avadanlıqlar hamısı yenidir. Amma tərəzi və boyölçən yoxdur. Preparatların saxlandığı şkafdakı xeyli dava-dərmanın hamısı istifadəyə yararlı idi.
Bu arada tibb bacısı məlumat verdi: «Məntəqəmiz Sabunçu rayonu 36 nömrəli Şəhər Poliklinikasının tabeliyindədir. Burada 2 nəfər işləyirik. Həkim-pediatr Könül Tahirova həftədə bir dəfə – çərşənbə günləri saat 10:00-dan 12:00-dək, mən isə hər gün saat 8:00-dan dərslər qurtarana qədər işdə oluram». Qeyd edək ki, tibb bacısı şifahi şəkildə məlumat versə də, onun dediklərini təsdiq edən rəsmi iş qrafiki yox idi.
Daha sonra müvafiq jurnalları nəzərdən keçirdik. «İş planı», «Ambulator», «Peyvənd», «Məktəbin, siniflərin, qovşaqların sanitar vəziyyətinə nəzarət», «Qida blokuna nəzarət» və sair jurnallarda hər şey öz qaydasında idi. Onların hamısı tikilib, səhifələnib, təsdiq olunmuşdu.
Nəhayət, üz tutduq məktəbin qida blokuna. Bufetdə də şərait yüksək səviyyədədir. Buna baxmayaraq, içəridə səliqəsizlik, dağınıqlıq nəzərə çarpırdı. Bufetçi Əhədulla Babayev tibbi müayinədən keçmişdi, amma nə əynində xalat vardı, nə başında qalpaq, nə də əlində əlcək. Bəzi ərzaqların sertifikatlarının da vaxtı keçmişdi. Ə.Babayevlə söhbət əsnasında onu da öyrəndik ki, bufet konkret olaraq hansısa bir şirkətin tabeliyində deyil. 859 nəfər şagirdin təhsil aldığı məktəbdə satılan məhsulların bir çoxu heç bir sənəd-sübut olmadan müxtəlif ticarət obyektlərindən alınır ki, bu da qaydalara ziddir. Bəzi ərzaqlar isə istehsalçı şirkətlər tərəfindən gətirilir.
Beləcə, daha bir araşdırmamızın sonuna gəldik. Həmişəki kimi, bu dəfə də yazımıza qeyd olunan nöqsan və çatışmazlıqların tezliklə aradan qaldırılması arzusu ilə nöqtə qoyuruq.
Q.NURİYEV, Ü.FƏRZƏLİYEVA