Laqeydlik olanda gözəl şərait də kömək eləmir
«Tibb qəzeti»nin paytaxt və bölgə səhiyyə müəssisələrində apardığı silsilə araşdırmalar yolumuzu Yevlax Mərkəzi Şəhər Xəstəxanasına saldı.
Qeyd edək ki, beş il əvvəl keçirdiyimiz ilk araşdırma zamanı Yevlax MŞX şərait baxımından çox bərbad vəziyyətdə idi. Orada bəzi digər çatışmazlıqlara da rast gəlmiş, bu faktları qəzetimizin 21 iyun 2011-ci il tarixli nömrəsində dərc olunan yazıda əks etdirmişdik.
İllər keçdi. Bu müddətdə Səhiyyə Nazirliyi tərəfindən xəstəxana üçün yeni bina tikilib və müasir tibbi avadanlıqlarla tam təchiz olunaraq, 2013-cü ildə istifadəyə verilib. Biz də çatışmazlıqların tam aradan qaldırıldığı bir tibb müəssisəsinə baxış keçirmək ümidi ilə 2015-ci ilin oktyabr ayında yenidən Yevlax Mərkəzi Şəhər Xəstəxanasına yollandıq.
Bu dəfə gözlərimiz önündə başqa bir mənzərə canlandı – 2011-ci ildən fərqli olaraq, indi tibb ocağının binası öz müasirliyi, möhtəşəmliyi ilə göz oxşayırdı. Böyük fərəh hissi ilə xəstəxanaya daxil olduq və gəlişimizin məqsədi barədə keçən dəfədən baş həkim kimi tanıdığımız İlhami Quliyevə məlumat verdik.
Və tam gözlənilməz halda rədd cavabı aldıq. Baş həkim inadla bildirdi ki, “Mənim xəstəxanama (?!) baxmaq və araşdırma aparmaq olmaz!” Öz növbəmizdə biz onun nəzərinə çatdırdıq ki, bu araşdırmalar artıq neçə illərdir, eyni qaydada, siyahı üzrə bütün dövlət tibb müəssisələrində aparılır və indi növbə bu tibb ocağınındır. Lakin nə qədər təkid etsək də, baş həkim dedi «olmaz, vəssalam». Doğrusu, onun bu müəmmalı qadağasının səbəbini anlamadıq və araşdırma aparmadan geri qayıtmağa məcbur olduq.
Məsələyə Səhiyyə Nazirliyi müdaxilə edəndən sonra ikinci cəhdimiz baş tutdu. Beləliklə, bu günlərdə yenidən üz tutduq Yevlax Mərkəzi Şəhər Xəstəxanasına.
Yevlaxa çatanda saat 11-ə işləyirdi. Tibb müəssisəsinə gəlincə birbaşa üz tutduq baş həkimin yanına və gəlişimizin məqsədi barədə ona məlumat verdik. Bizi yenə də aqressiv qarşılayan İ.Quliyev ezamiyyə vərəqəmizi diqqətlə nəzərdən keçirdi, “Qoy baş idarəyə zəng eləyim görüm…” - deyib, otaqdan çıxdı. Bir azdan geri qayıdıb “Konkret planınızı deyin – nəyə baxacaqsınız, neynəyəcəksiniz?” – soruşdu. Burada da, həmişəki kimi, digər xəstəxanalarda apardığımız qaydada, ümumi araşdırma aparacağımızı söylədik. Ancaq onun bu sualı bizə qəribə gəldi. Ən azı ona görə ki, Yevlax MŞX-da 2011-ci ildə də araşdırma aparmışdıq. Özü də cənab İ.Quliyevin özünün müşayiəti ilə.
Buna baxmayaraq, yenə də gəlişimizin məqsədi, baxacağımız yerlər barədə ona tam məlumat verdik. Uzun çək-çevirdən sonra baş həkim: “Mən nə deyirəm ki, bu xəstəxana, bu da siz. Nə istəyirsiniz, onu da yoxlayın”, - söylədi.
Ancaq biz araşdırmaya başlamaq istəyəndə o yenə də icazə vermədi: “Sizi xəstəxanaya buraxmayacağam. Ancaq baş idarə mənə göstəriş versin, ondan sonra. Zəng vurmuşam, cavab gözləyirəm. Desinlər “burax”, buraxım…”.
Xeyli gözlədikdən sonra qərara aldıq ki, İlhami Quliyevlə «Tibb qəzeti»nin baş redaktoru arasında telefon əlaqəsi yaradaq. Baş redaktor onun nəzərinə çatdırdı ki, hər iki müxbir oraya rəsmi göndərişlə ezam olunub, aparılacaq araşdırma ilə bağlı Səhiyyə Nazirliyi də məlumatlıdır. Lakin yüksək tonla danışan baş həkim yenə də öz dediyində durdu.
İ.Quliyevin otağından çıxıb, dəhlizdə gözləməyə davam etdik. Bir saata yaxın gözlədikdən sonra baş həkim kabinetindən çıxaraq üzünü bizə tutdu, iztehzalı və gileyli tərzdə dedi:
- Durun gedək gəzək də… (xəstəxananı nəzərdə tutur). Sizi gözlətməyim…
Beləcə, baş həkim İlhami Quliyevin özünün müşayiəti ilə, nəhayət ki, araşdırmamıza başladıq...
Reaktivlərin üstündə ət, sosiska, kolbasa...
İlk baxış keçirdiyimiz yer Laboratoriya şöbəsi oldu. Öncə onu qeyd edək ki, burada şərait yüksək səviyyədədir, analizlərin dəqiq aparılması üçün bütün müasir tibbi avadanlıqlar var. Amma, təəssüf ki, bütün otaqlarda nizamsızlıq hökm sürürdü: analiz aparatlarının yanında yemək boşqabları, stolların gözündəki reaktivlərin yanında mer-meyvə və sair… Onların diqqətimizi çəkdiyini görən işçilər təşvişlə yır-yığışa, ora-bura gizlətməyə başladılar. Reaktivlərin saxlanıldığı soyuducunu açanda isə daha acınacaqlı mənzərənin şahidi olduq – reaktivlərin üstünə ərzaqlar – ət, sosiska, kolbasa, mürəbbə yığılmışdı. Bilinmirdi ki, bu soyuducu reaktiv üçündür, yoxsa ərzaq üçün. Biz həmin ərzaqları soyuducudan çıxaranda baş həkim İ.Quliyev laboratoriyanın müdiri Dilbər Süleymanovanın üstünə qışqıra-qışqıra əsl həngamə qopardı. Onun həmin anda işlətdiyi ifadələri olduğu kimi təqdim edirik: «Aaaz, təpənin üstünə bir yumruq qoyaram sənin! Bu nədir belə, gətirib qoymusan ora? Nədir bu belə? Utanmırsan sən?»…
Baş həkim şöbə müdirini danlamağında (daha doğrusu, təhqir eləməyində) olsun, sizə xəbər verək soyuducudakı reaktivlərdən. Məlum oldu ki, onlardan – nə az, nə çox – düz 18 flakonunun istifadə müddəti bitib! Onları bir yerə toplayıb şəklini çəkmək istəyirdik ki, İlhami Quliyev yenidən laboratoriya müdirinin üstünə qışqırdı: «Bunlar nədir belə?». Şöbə müdiri özünü toparlayıb dilləndi: «Mən bunları işlətmirəm, ehtiyat üçün saxlamışam» (maraqlıdır, görəsən, vaxtı keçmiş reaktivlər nəyə lazım ola bilər?). Baş həkim yenidən əsəbiləşdi: «Vaxtı keçib, tulla çölə də” (əslində, vaxtı keçmiş reaktivləri çölə tullamırlar, onları istifadədən çıxarmaq üçün xüsusi qaydalar var). Deməyə söz tapmayan şöbə müdiri bu dəfə daha bir gülməli arqument irəli sürdü: «Bunlar mənim deyil, Elmirindir» (Elmir laboratoriyanın başqa bir işçisidir, həmin vaxt orada yox idi). “Görəsən, laboratoriyada hər işçinin özünün reaktivləri olurmu?” sualı üzərində düşünməyə macal tapmamış, baş həkim şöbə müdirinin gülməli sözlərinə elə gülməli bir qarşılıq verdi: «Lap olsun Elmirin! Elmir bunu dədəsinin evindən gətirməyib ki, bunu biz vermişik də sizə. Vaxtı keçib, götür apar tulla!»
Sonra İ.Quliyev laboratoriya müdirinin vəzifəsindən çıxmasına işarə ilə dedi: «Dilbər, sən yerində olan adam deyilsən! İndi sən özün gedərsən onların yanına («Tibb qəzeti»ni nəzərdə tutur – müəl.), danışarsan, onu qoymazsan yazılsın ora»...
“Adı var, özü yox” xəstələr
İndi isə Qəbul şöbəsindəyik. Qeyd edək ki, burada xəstələrə ilkin tibbi yardım göstərmək, qeydiyyata almaq və profili üzrə şöbələrə yerləşdirmək üçün hər bir şərait var. Üstəlik, bütün avadanlıqlar da öz müasirliyi ilə diqqəti cəlb edir. Bəs, görəsən, bu gözəl şəraitdə xəstələrin qəbulu necə təşkil olunub?
Əvvəlcə onu öyrəndik ki, xəstələrin qəbulunu, bir qayda olaraq, hər gün səhər saat 9:00-dan 15:30-a qədər şöbə müdiri Süleyman Nəsibov və böyük tibb bacısı Aybəniz Hüseynova həyata keçirirlər. Onlar hər ikisi iş başında idilər.
Daha sonra stasionarın «Qəbul jurnalı»na diqqət yetirdik. Və maraqlı bir faktla qarşılaşdıq: Bir çox xəstələr aylar öncə xəstəxanaya yerləşdirilsə də, onların evə buraxılması barədə heç bir qeyd aparılmamışdı. Bu isə o deməkdir ki, «Qəbul jurnalı»na əsasən, həmin pasiyentlər xəstəxanada olmalı idilər. Məsələni bir qədər araşdırdıqdan sonra isə hər şey aydın oldu. Şöbə müdiri və böyük tibb bacısı özləri də təsdiq elədilər ki, həmin xəstələr çoxdan evə buraxılıblar. Lakin onlar çıxdıqdan sonra müvafiq sənədlər Qəbul şöbəsinə təqdim olunmadığı üçün jurnalda qeyd aparılmayıb. Əslində, bu faktın özü də sual doğurur: Görəsən, lazımi sənədlərin Qəbul şöbəsinə təqdim olunmasını süni şəkildə gecikdirməkdə məqsəd nədir?! Hər halda, bu suala baş həkim İ.Quliyev daha dəqiq cavab verə bilər…
Sonra dərman şkafına yaxınlaşıb, preparatları gözdən keçirdik. Bunu görən şöbə müdiri S.Nəsibov bizə yaxınlaşaraq dedi: «Onlar bizim əlimizin altında olan gündəlik dərmanlardır. Hər gün baxırıq, orada vaxtı keçmiş dərmandan söhbət gedə bilməz». Elə bu anda, onun gözlərinin qarşısındaca həmin şkafdan 5 ampul istifadə müddəti bitmiş «klemastin-borimed» çıxardıq (qutuda 10 ampul olur, 5-i işlədilmişdi, 5-i qalmışdı).
Vəziyyəti belə görən baş həkim İ.Quliyev bu dəfə təhqiramiz sözlərlə böyük tibb bacısı A.Hüseynovanı “ağ yuyub, qara sərdi” (etik nöqteyi-nəzərdən qadına qarşı həmin ifadələri yazmırıq): «De görüm nədir bu?! Bundan sonra bunları («Tibb qəzeti»ni nəzərdə tutur – müəl.) buraya tez-tez çağırmaq lazımdır ki, bəlkə sizin üçün bir məktəb ola. Mən sizə 50 dəfə deyirəm, xeyiri yoxdur»...
«Mən heç vaxt dərman oğurlamıram!»
Qəbul şöbəsini tərk elədikdən sonra üz tutduq xəstəxananın Daxili aptekinə. İlham Əzizovun rəhbərlik etdiyi əczaxanada şərait yüksək səviyyədədir. Lazımi avadanlıqlar da var: təzə mebel, açıq və qapalı şkaflar, kondisioner, termometr, hiqrometr, narkotik və psixotrop preparatları saxlamaq üçün dəmir seyf və s. Əsas məsələyə gəlincə, burada kifayət qədər dərman ehtiyatı da var idi.
Bu yerdə Yevlax MŞX-nın şöbələrinin, eləcə də kəndlərdə yerləşən tibb müəssisələrinin dərman vasitələri ilə necə təmin olunması məsələsinə aydınlıq gətirmək üçün, həmişəki kimi, əczaxanaya daxil olan tələbnamələrə və buraxılan preparatların fakturalarına baxmaq istədik. Və ilk əlimizə keçən 25 çarpayılıq Xaldan kənd Sahə Xəstəxanasının tələbnaməsi oldu. Öyrəndik ki, həmin tibb ocağına sonuncu dəfə dava-dərman düz 6 ay bundan əvvəl verilib. Daha sonra digər tələbnamələrlə tanış olmaq istəyirdik ki, baş həkim İ.Quliyev aqressiv şəkildə yenidən həngamə qopardı: «Sizin bu tələbnamələrə baxmağa ixtiyarınız yoxdur! Burada şəkil çəkməyə də ixtiyarınız yoxdur! Bilirəm də, gedib nələr yazacaqsınız. Siz gedin, baxın görün dərmanları necə saxlayırlar, belə şeylərə baxın… Bəli, günahı var (laboratoriya şöbəsinin müdirini deyir – müəl.), “xolodelnikdə” reaktivlərlə bir yerdə yemək saxlayıb… (bu yerdə deyilən təhqiramiz sözləri yazmırıq – müəl.). Yoxsa durub burada aptekin sənədlərinə baxırsınız. Mən cənab nazirə yazılı teleqram vuracağam! Bu saat Mətbuat Şurasına çıxacağam! Mən heç vaxt dərman oğurlamıram!».
Doğrusu, baş həkimin «Mən dərman oğurlamıram» ifadəsini haradan dilinə gətirdiyini başa düşmədik. Bir halda ki, aptekdə hər şey öz qaydasında idi, onda bizim müvafiq sənədləri nəzərdən keçirməyimiz onu niyə bu qədər narahat edirdi?
Uzun sözün qısası, baş həkim hay-küy salaraq əczaxanada istədiyimiz suallara dolğun cavab almağımıza imkan vermədi. Beləcə, apteki tərk edib, yollandıq xəstəxananın Qida blokuna.
Qidasız Qida bloku
Aptekdən çıxıb, xəstəxananın həyəti ilə mətbəxə tərəf gedirik. Bizdən bir-iki addım qabaqda gedən baş həkim danışır: «Mən xəstələrə gündə 3 dəfə yemək verirəm! Gündə 3 dəfə!»
Və nəhayət Qida blokundayıq. Burada da şəraitə söz ola bilməz. Mətbəx və ərzaq anbarı, eləcə də digər yardımçı otaqlar hamısı bütün lazımi avadanlıqlarla yüksək səviyyədə təchiz edilib.
Qida blokunun işçilərinin hamısının tibbi müayinədən keçdiklərini öyrəndikdən sonra anbardar Əli Əsədov və aşpaz Səxavət Poladovadan əvvəlcə xəstələrin yemək saatlarını soruşduq. Bildirdilər ki, səhər yeməyi 8:00-da, nahar 13:00-da, axşam yeməyi 18:00-da verilir. Biz mətbəxdə olarkən isə saatın əqrəbləri 12:25-i göstərirdi. Deməli, nahara hələ 35 dəqiqə var idi.
Sonra həmin gün xəstələrə verilən yeməklərlə maraqlandıq. Aşpaz bildirdi ki, ümumilikdə 92 nəfər xəstəyə səhər yeməyində manna sıyığı verilib. Günorta arpa yayması və makoron şorbası, axşama isə vermişel yayması olacaq. Onun bu sözlərindən sonra durub nahar yeməyinə baxmaq istədik. Amma, necə deyərlər, qazanlar bomboş idi! Halbuki, nahar vaxtına az qalmışdı… Nəyə görə yemək bişirilmədiyi ilə maraqlandıqda isə aşpaz və anbardar ikisi də bir ağızdan dilləndilər: «Bişirmişdik. Nahar yeməyini vermişik artıq». Biz də, təbii ki, onların bu sözlərini sualla qarşıladıq: «Axı, bayaq dediniz ki, nahar 13:00-da verilir. Saat hələ 12:30-dur». Söz tapmayan müsahiblərimiz bir-birinin üzünə baxa-baxa «Bu gün tez vermişik» dedilər. Vəziyyəti belə görüb, həmin günün təsdiqlənmiş menyusuna baxmaq istədik. Anbardarın bizə göstərdiyi, xəstəxana rəhbərliyi tərəfindən təsdiq olunmamış menyuya baxan kimi «xoruzun quyruğu» görünməyə başladı. Məsələ burasındadır ki, aşpazın dediklərindən fərqli olaraq, menyuda həmin gün üçün tamam başqa yeməklər – məsələn, nahara noxud şorbası və qarabaşaq süzməsi nəzərdə tutulmuşdu! Mətbəxin işçilərinin bu «gözə kül üfürmə»sindən sonra həmin gün xəstələrə verilən yeməklərdən saxlanılmış nümunələrə baxmaq istədik. Amma nümunələr də yox idi. Sözün qısası, bir qədər əvvəl baş həkim İ.Quliyevin qürurla «Mən xəstələrə gündə 3 dəfə yemək verirəm!» deməsindən mətbəxdə əsər-əlamət yox idi.
Daha sonra ərzaq anbarı ilə tanış olduq. Burada yağ, vermişel, çay və tomat pastasından başqa, heç nə yox idi. Ət bir yana qalsın, heç adicə kartof-soğan da gözə dəymirdi. Bu kasadlığa anbardarın izahatı isə maraqlı oldu: «Ərzağımız yoxdur, tükənib. Bunları da keçən ildən yığıb saxlamışıq». Qəribədir, Yevlax MŞX-da bu ərzaqlamı xəstələrə hər gün 3 dəfə yemək verilir?!
«Şöbələrə baxmağa icazə vermirəm!»
Araşdırmamızın son və əsas mərhələsi qalmışdı – həmişəki kimi, şöbələrdə xəstələrlə təkbətək söhbət eləyib, dərman və yeməklə təminat, tibbi xidmətin səviyyəsi, eləcə də digər məsələlərlə bağlı onların fikirlərini öyrənmək. Lakin baş həkim İ.Quliyevin müəmmalı inadı ucbatından bu istəyimizə nail ola bilmədik. Qida blokundan çıxıb xəstəxananın giriş qapısına yaxınlaşanda baş həkim qapının ağzında qarşımızı kəsdi, şöbələrə baxmağa, xəstələrlə söhbət eləməyinizə icazə vermədi.
Beləcə, yarımçıq da olsa, araşdırmamızı yekunlaşdırıb, Yevlax Mərkəzi Şəhər Xəstəxanasından ayrılaraq Bakıya qayıtdıq… Yol boyu bir fikir rahatlıq vermirdi – doğrudan da, laqeydlik olanda nə ideal təmir, nə də gözəl şərait kömək eləmir.
Onu da qeyd edək ki, araşdırmanın bütövlükdə diktofon yazısı var
Q.NURİYEV, Ü.FƏRZƏLİYEVA
P.S. Səhəri gün redaksiyamızın elektron poçtuna Yevlax Rayon Mərkəzi Xəstəxanasının [email protected] ünvanından məktub daxil oldu. Onu olduğu kimi – orfoqrafik, qrammatik və üslub səhvlərinə toxunmadan oxucuların diqqətinə təqdim edirik: