İki məktəbdən reportaj

İki məktəbdən reportaj

Orta ümumtəhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələri və bufetlərin vəziyyəti ilə bağlı müntəzəm araşdırma aparan «Tibb qəzeti» cari ildə də bu barədə reportajlarını davam etdirmək niyyətindədir. Ənənəmizə uyğun olaraq, bu dəfə daha iki təhsil ocağı – Nərimanov rayonunda yerləşən 200 nömrəli məktəb-lisey kompleksi və Nəsimi rayonu 240 nömrəli orta məktəb barədə söhbət açacağıq.

Nərimanov rayonu 200 nömrəli məktəb-lisey kompleksi

Bu təhsil müəssisəsinə günorta saatlarında baş çəkdik. Həyətdə həmsöhbət olduğumuz məktəblilər məntəqənin hər gün dərslər başlayandan qurtaranadək işlək vəziyyətdə olduğunu və ehtiyac yarandıqda həm şagirdlərə, həm də müəllimlərə lazımi tibbi yardımın göstərildiyini bildirdilər.
Məktəbə daxil olub, üz tutduq tibb məntəqəsinə. Biz içəri girəndə masa arxasında 4 nəfər əyləşmişdi. Öyrəndik ki, onlar həkim-pediatr Esmiralda Bayramova, tibb bacıları Könül Hüseynova, Neli Abdullayeva və Qəribə Mustafayevadır. Tibbi heyətin 5 nəfərdən ibarət olduğunu deyən həkim onların iş qrafiki barədə məlumat verdi və bunu təsdiqləyən rəsmi sənədi təqdim etdi.
Məktəb əsaslı təmir olunsa da, məntəqədə divarların nəm çəkdiyi görünürdü. Otaq lazımi avadanlıqlarla təchiz edilmişdi.
Ümumi mənzərəni gözdən keçirdikdən sonra dərmanların düzüldüyü rəflərə yaxınlaşdıq. Preparatlar az olsa da, istifadəyə yararlı idi. Bu arada həkim sözünə davam elədi: «Bu məntəqə Nərimanov rayonu 14 nömrəli Uşaq Poliklinikasının tabeliyindədir. Dərmanları vaxtlı-vaxtında oradan alırıq».
Tibb məntəqəsi tərəfindən görülən işləri nəzərdən keçirmək üçün müvafiq jurnallara da baxdıq. Onlar hamısı yerli-yerində idi, lazımi qeydlər qaydalara uyğun aparılmışdı.
Məktəbin darısqal bufetində şərait yalnız hazır məhsulların satılmasına imkan verir, onların da gigiyenik sertifikatları var idi. Burada satışına qadağa qoyulmuş ərzaqlara rast gəlmədik. Bufetdə çalışan Gülnar Əlizadə tibbi müayinədən keçmişdi və xalatda idi.

Nəsimi rayonu 240 nömrəli məktəb

İki məktəbdən reportaj

Növbəti məktəbin qapısını səhər saat 10:00-da döydük. İçəri girməzdən əvvəl, həyətdə şagirdlərlə söhbət eləmək məqsədilə stadionda bədən tərbiyəsi dərsində olan uşaqlara yaxınlaşdıq. Müsahiblərimiz bildirdilər ki, tibb məntəqəsi hər gün açıq olur və ehtiyac yarandıqda hər kəsə lazımi tibbi yardım göstərilir. Şagirdlərdən heç biri tibbi xidmətdən narazılıq eləmədi.
Həyətdəki sorğumuzu bitirib üz tutduq araşdırma obyektimizə. Biz içəri daxil olanda bir nəfər – tibb bacısı Sevinc Rəsulova iş başında idi.
Öyrəndik ki, Nəsimi rayonu 12 nömrəli Uşaq Poliklinikasının tabeliyində olan bu məntəqənin tibbi heyəti 2 nəfərdən ibarətdir: həkim-pediatr Uğur Osmanova və tibb bacısı S.Rəsulova. Həkimin niyə işdə olmadığını öyrənmək üçün təsdiq olunmuş iş qrafikinə baxmaq istəsək də, bu istəyimizə nail ola bilmədik, çünki belə sənəd yox idi. Amma tibb bacısı bildirdi ki, o, hər gün səhər saat 8:00-dan 16:30-a qədər məktəbdə olur, həkim isə xeyli müddətdir başqa bir məktəbə ezam edilib.
Şəraiti gözdən keçiririk. Məktəb əsaslı şəkildə təmir olunduğu üçün tibb məntəqəsində də şərait ürəkaçandır. Lazımi avadanlıqlar da hamısı var.
Xüsusi qapalı dərman şkafında qaydalara uyğun saxlanan xeyli preparat gördük. Sonuncu dəfə yanvar ayının əvvəlində Poliklinikadan dərman aldıqlarını deyən tibb bacısı bu baxımdan heç bir problem olmadığını bildirdi. Preparatları bir-bir nəzərdən keçirəndə iki flakon «yod»un istifadə müddətinin bitdiyi məlum oldu.
Dərs ili ərzində görülmüş işləri əks etdirən müvafiq jurnallara, sənədlərə də baxdıq. Onlardan əksəriyyəti öz qaydasında idi, bəzilərində isə nöqsanlara rast gəldik. Məsələn, göstərilən tibbi yardımlar «Ambulator» jurnala yazılmır – həmin jurnalda sonuncu dəfə ötən ilin noyabr ayında qeyd aparılıb. «İş planı» isə ümumiyyətlə yoxdır. Bunlardan əlavə, jurnalların heç biri tikilib, səhifələnib, təsdiq olunmamışdı.
Məktəbin bufeti isə öz şəraiti, səliqə-sahmanı ilə bizdə xoş təəssürat yaratdı. Burada satışına qadağa qoyulmuş ərzaqlardan heç birinə rast gəlmədik. Məhsulların saxlanma qaydalarına riayət edildiyini, onların hamısının gigiyenik sertifikatının olduğunu, burada çalışan Arzu Əbiyeva və Gülnarə Hadıyevanın tibbi müayinədən keçdiklərini, xüsusi geyimdə olduqlarını da nəzərə alsaq, bufetdə hər şey öz qaydasında idi.

P.S. Qəzetimiz çapa gedərkən Nəsimi rayonu 12 nömrəli Uşaq Poliklinikasının baş həkimi Rəna Quliyevanın imzası ilə redaksiyamıza rəsmi məktub daxil oldu. Bildirilirdi ki, «Tibb qəzeti»nin apardığı araşdırma zamanı 240 nömrəli məktəbin tibb məntəqəsində aşkar olunan nöqsanlar elə həmin gün dərhal aradan qaldırılıb: «İşçilərin rəsmi «İş qrafiki» artıq tərtib olunub. Həkimin «İş planı» isə dərs ilinin əvvəlindən var, lakin tibb bacısının məsuliyyətsizliyi ucbatından sizə təqdim edilməyib». Məktubda o da vurğulanır ki, araşdırma zamanı həkimin işdə olmaması obyektiv səbəblərlə bağlıdır: «Nəsimi rayonu 9 nömrəli məktəbdə çalışan tibb bacısı sosial məzuniyyətdə olduğu üçün 240 nömrəli məktəbin həkimi Uğur Osmanova həmin təhsil ocağına ezam edilib. Poliklinikada keçirilən iclasda qeyd olunan nöqsanlar ətraflı müzakirə olundu, çatışmazlıqlar aradan qaldırıldı, tibb bacısı Sevinc Rəsulovaya iradlar bildirildi, ona lazımi tapşırıq və tövsiyələr verildi».

Q.NURİYEV
Ü.FƏRZƏLİYEVA






Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova