«Xəstəxana belə olar!»

«Xəstəxana belə olar!»

Növbəti araşdırmamızı ötən ildən fəaliyyətə başlayan Bakı Sağlamlıq Mərkəzinə həsr etmişik

Paytaxtın və regionların, hətta ucqar kəndlərin səhiyyə müəssisələrində müntəzəm araşdırma aparan «Tibb qəzeti»nin maraqlandığı əsas suallar artıq oxucularımıza məlumdur: Tibbi xidmətin səviyyəsi necədir? Xəstələr dərman vasitələri və qida ilə təmin olunurlarmı? Sanitar-gigiyena qaydalarına əməl edilirmi? Bu və digər suallara bu dəfə paytaxtın ən böyük tibb müəssisələrindən birində – bir il əvvəl fəaliyyətə başlamış Bakı Sağlamlıq Mərkəzində cavab axtardıq.

Mətləbə keçməzdən əvvəl qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən tikilib, 2014-cü ilin mart ayında istifadəyə verilən 550 çarpayılıq Bakı Sağlamlıq Mərkəzinin şəraiti, tibbi avadanlıqlarla təchizatı, sözün əsl mənasında, dünya standartlarına tam uyğundur. Tərəddüdsüz demək olar ki, oraya daxil olanda adam özünü inkişaf etmiş ölkələrin ən adlı-sanlı klinikalarından birində hiss edir.
Bəs, görəsən, belə gözəl səhiyyə ocağında tibbi xidmət hansı səviyyədədir? Xəstələrin və onların yaxınlarının narazı qaldığı məsələlər yoxdur ki? Ənənəmizə uyğun olaraq, öncə həyətdə qısa bir sorğu keçirib, bu suallarla xəstə yanına gəlib-gedənlərə muraciət elədik. Təqdirəlayiq haldır ki, fikrini soruşduğumuz 4-5 nəfərin heç birinin dilindən giley-güzar eşitmədik. Şəraitin gözəlliyindən danışan müsahiblərimiz burada bütün müasir tibbi avadanlıqların olmasından, xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsindən ağızdolusu razılıq elədilər.
Beləcə, həyətdəki sorğumuzu yekunlaşdırıb, içəri daxil olduq və araşdırmamızı davam etdirmək üçün üz tutduq Qəbul şöbəsinə. Gəlişimizin məqsədini tibbi heyətə bildirəndə bu barədə mərkəzin direktoru Tərlan Bəbirova məlumat verdilər. Bir qədər sonra Qəbul şöbəsinə gələn direktorun və onun təsərrüfat işləri üzrə müavini Kənan Dəmirovun müşayiəti ilə araşdırmamızı davam etdirdik.
Qəbul şöbəsində həm şərait gözəldir, həm də xəstələrin qəbulu, onlara ilkin tibbi yardım göstərilməsi üçün hər bir imkan yaradılıb, şöbə müasir tibbi avadanlıqlarla, kifayət qədər dava-dərmanla təchiz edilib. Şöbə müdiri İkram Hacıqayıbovla söhbət əsnasında öyrəndik ki, burada növbəlilik prinsipi ilə 22 nəfər çalışır. Hər gün səhər saat 9:00-dan 15:00-a qədər bu postda onun özü ilə yanaşı, 2 kardioloq, 1 cərrah, 1 endoskopist keşik çəkir. Adı çəkilən işçilərin hamısı həmin vaxt iş başında idi.

«Xəstəxana belə olar!»

«Qəbul jurnalı»nda xəstələrin qəbulu, şöbələrə yerləşdirilməsi, evə buraxılması, eləcə də digər məsələlərlə bağlı qeydlərin nə dərəcədə dəqiq aparılması ilə də maraqlandıq və heç bir nöqsana rast gəlmədik.
Daha sonra üz tutduq Laboratoriya şöbəsinə. Öncə onu qeyd edək ki, bura bir çox analizlərin aparılmasına imkan verən müasir tibb avadanlıqları ilə təchiz olunub ki, bu da diaqnozların dəqiq qoyulması baxımından böyük əhəmiyyət daşıyır. Bütün otaqlarda nəzərə çarpan təmizlik, səliqə-sahman, reaktivlərin saxlanma qaydalarına yüksək səviyyədə əməl olunması, tibbi tullantıların müvafiq tələblərə uyğun zərərsizləşdirilməsi də Laboratoriyada hər şeyin öz qaydasında olduğundan xəbər verirdi.
Elmar Orucovun rəhbərlik elədiyi, bir neçə otaqdan ibarət olan daxili aptek xüsusi aptek mebeli, açıq və qapalı şkaflar, əczaçılıq soyuducusu, narkotik preparatları saxlamaq üçün dəmir seyf, termometr, hiqrometr və ümumi havalandırma sistemi ilə təmin olunub. O ki qaldı dərman ehtiyatına, bu baxımdan bolluq idi. Preparatların saxlanma qaydalarına da ciddi əməl olunurdu.
Şöbələrin lazımi dərmanlarla necə təmin edilməsinə aydınlıq gətirmək üçün son vaxtlar aptekə daxil olan tələbnamələri və buraxılan dərmanların fakturalarını nəzərdən keçirdik. Məlum oldu ki, bütün şöbələr preparatlarla yüksək səviyyədə təmin edilir.
Əczaxanadan sonra yolumuzu Qida blokundan saldıq. Məlum olduğu kimi, paytaxtda fəaliyyət göstərən bütün dövlət tibb müəssisələri yeməklə mərkəzləşmiş mətbəxlər şəbəkəsi vasitəsilə təmin edilir. Lakin Bakı Sağlamlıq Mərkəzinin özünün ayrıca Qida bloku var.
Mətbəxdə olduqca xoş mənzərə ilə qarşılaşdıq: şərait gözəl, avadanlıqlar təzə, hər tərəf təmiz, işçilər hamısı bir nəfər kimi xüsusi geyimdə! Sahə rəisi Murad Hüseynov və baş aşpaz Səimə Əliyeva ilə söhbət əsnasında öyrəndik ki, burada müxtəlif pasiyent qrupları üçün ayrı-ayrı menyular tərtib olunur. Məsələn, həmin gün şəkərli diabet xəstələrinə səhər yeməyində darı yarması, kəsmik, yumurta, kərə yağı verilmişdi. Nahar üçün kələm dolması, dovğa, kompot, axşama isə toyuq ətindən qulyaşla buğda yarması nəzərdə tutulmuşdu. Doğum şöbəsinin pasiyentləri üçün, digər xəstələr üçün də öz sağlamlıq durumlarına müvafiq menyular tərtib edilmişdi. Yeməklərdən nümunələrin saxlanıldığını, mətbəx işçilərinin hamısının tibb müayinədən keçdiklərini də nəzərə alsaq, burada vəziyyət ürəkaçan idi.
Ərzaq anbarında da eyni mənzərə ilə qarşılaşdıq. Birincisi, burada məhsullar o qədər çox idi ki, saymaqla qurtarmaz. İkincisi isə, onların saxlanma qaydalarına ciddi əməl olunurdu. Ərzaqlar çeşidlənərək vitrinlərə və soyuduculara yerləşdirilmişdi.
Nəhayət, xəstələrlə görüşüb onların da fikirlərini öyrənmək üçün palatalara baş çəkdik. Cərrahiyyə şöbəsində söhbət elədiyimiz xəstə bildirdi ki, burada hər şey onun ürəyincədir: «Şəraiti görürsünüz, xəstəxana belə olar! Hər yer gözəl və tərtəmizdir. Bizə çox yaxşı baxırlar. Bütün dərmanlarımız, yeməyimiz xəstəxanadan verilir. Mən inanmıram ki, hansısa xəstə burada nədənsə narazı qala».

«Xəstəxana belə olar!»

Terapiya şöbəsində sorğu-suala tutduğumuz xəstə də razılıq elədi: «Bu xəstəxananı qurub-yaradanlara Allah kömək olsun. Çox yaxşıdır, çox! Şəraitə söz yoxdur, tam rahatıq burada. 6-7 gündür bu şöbədə yatıram, indiyədək həkimlər bir dəfə də olsun deməyiblər ki, aptekdən filan şey almaq lazımdır. Nə lazımdırsa, hamısı xəstəxanadan verilir».
Qeyd edək ki, Doğum şöbəsində fikrini öyrəndiyimiz pasiyentlər də burada yaradılmış şəraitdən, tibbi xidmətin səviyyəsindən, həkimlərin onlara göstərdikləri qayğıdan razı qaldıqlarını, onları narahat edən heç bir səbəb olmadığını bildirdilər.
Bir sözlə, Bakı Sağlamlıq Mərkəzində heç bir nöqsan və çatışmazlığa, hər hansı giley-güzara rast gəlmədik. O ki qaldı sanitar-gigiyenik vəziyyətə, araşdırmamız boyunca bu məsələyə də diqqət yetirdik. Qeyd etdiyimiz kimi, Mərkəz cəmisi bir ildir istifadəyə verilib. Şərait doğrudan da yüksək səviyyədədir. Hər tərəf təmizliyi, səliqəsi, nizam-intizamı ilə göz oxşayır. Bununla yanaşı, bütün şöbələrdə bikslərin markalanması, müvafiq jurnallarda lazımi qeydlərin dəqiqliklə aparılması, eləcə də tibbi tullantıların qaydalar çərçivəsində utilizasiyası burada sterillik məsələsinə xüsusi diqqət yetirildiyinə bariz nümunə idi.
Beləliklə, daha bir araşdırmamızın sonuna gəldik. Bakı Sağlamlıq Mərkəzində şahidi olduğumuz bu ideal vəziyyətin daimi, uzunömürlü olması və bu gözəl mənzərənin bütün tibb ocaqlarımıza sirayət etməsi arzusu ilə yazımıza nöqtə qoyuruq.

Q.NURİYEV





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova