Səhiyyəmizin inkişafının daha bir bariz nümunəsi
Bir neçə il əvvəl hamının narazılıq elədiyi 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında indi vəziyyət tamam başqadır
Səhiyyə müəssisələrində xəstələrin dərman və yeməklə təminatı, tibbi xidmətin səviyyəsi, sanitar-gigiyenik vəziyyət, eləcə də digər məqamlara aydınlıq gətirmək məqsədilə apardığımız araşdırmaların budəfəki ünvanı yenə də paytaxtda fəaliyyət göstərən səhiyyə ocaqlarından biridir – Lökbatan qəsəbəsində yerləşən 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır (BŞX).
Öncə onu qeyd edək ki, 19 nömrəli BŞX-da ilk dəfə 2007-ci ildə araşdırma aparmışdıq. O vaxt bu tibb ocağında şərait baxımından ümumi vəziyyət qətiyyən ürəkaçan deyildi. İş o yerə çatmışdı ki, daxili aptekdə dərman ehtiyatı kustar üsulla düzəldilmiş taxçada saxlanılırdı. Əczaxana lazımi avadanlıqlarla təchizat baxımından da müvafiq tələblərə cavab vermirdi. Bundan başqa, söhbət elədiyimiz xəstələr və onların yaxınları burada göstərilən tibbi xidmətdən, xüsusilə dərman vasitələri ilə təminatdan ciddi narazılıq edərək bildirmişdilər ki, lazım olan preparatları özləri aptekdən alırlar.
Bəs, görəsən indi vəziyyət necədir? Aradan keçən illər ərzində nələr dəyişib?
Səhər saat 10:00-da artıq 19 nömrəli BŞX-nın həyətində idik. Qeyd edək ki, 8 il əvvəlkindən fərqli olaraq, indi sözügedən tibb ocağı öz gözəlliyi, abadlığı ilə diqqəti cəlb edir. Məsələ burasındadır ki, bu müəssisə Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir edilib, eləcə də müasir tibbi avadanlıqlarla tam təchiz olunaraq 2013-cü ildə əhalinin istifadəsinə verilib. Amma, əlbəttə ki, təkcə şəraitin gözəl olması ilə iş bitmir. Əsas məsələ burada göstərilən tibbi xidmətin səviyyəsi, bunun bir göstəricisi isə xəstələrin razı qalıb-qalmamasıdır. Buna görə də digər araşdırma obyektlərimizdə olduğu kimi, burada da içəri girməzdən əvvəl, elə həyətdəcə xəstə yanına gəlib-gedənlərdən bir neçəsinin bu tibb ocağı barədə fikirlərini öyrəndik.
Qohumunun Cərrahiyyə şöbəsində yatdığını deyən orta yaşlı kişi bizimlə söhbət əsnasında bildirdi ki, burada həm şərait gözəldir, həm də göstərilən tibbi xidmət yüksək səviyyədədir. Onun sözlərinə görə, qohumunun burada yatdığı 3-4 gündə lazım olan bütün dərmanlar xəstəxanadan verilib. Yeməklə təminat məsələsindən də razılıq eləyən həmsöhbətimiz gileylənməyə heç bir səbəb olmadığını vurğuladı.
Həyətdə sorğu-sual elədiyimiz digər iki nəfərdən də eyni sözləri eşitdik. Bir neçə il əvvəl bu tibb ocağında şərait pis olduğu üçün hamının paytaxtdakı digər xəstəxanalara üz tutduğunu qeyd edən müsahiblərimiz indi həm şəraitdən, həm də xəstələrə dərman və yeməyin verilməsindən razı qaldıqlarını dedilər.
Həyətdəki sorğumuzu tamamladıqdan sonra araşdırmamızı davam etdirmək üçün Qəbul otağının qapısını döydük. Biz içəri daxil olanda bir nəfər iş başında idi. Öyrəndik ki, bu, tibb bacısı Təranə Dadaşovadır. Gəlişimizin məqsədi ilə maraqlanan həmsöhbətimiz rəhbərliyə məlumat verdi və dərhal baş həkim Elçin Hüseynov Qəbul otağına gəldi. «Tibb qəzeti»nin səhiyyə müəssisələrində keçirdiyi reydlərdən xəbərdar olduğunu bildirən baş həkim araşdırma zamanı bizi müşayiət etməyi xəstəxananın baş tibb bacısı Afət Ağaməmmədovaya həvalə etdi.
Qəbul otağında öyrəndik ki, bu tibb ocağına təcili yardımla xəstə gətirilmədiyi üçün bu bölmənin iş rejimi səhər saat 8:30-da başlayır, 14:30-da bitir və həmin müddətdə xəstələrin qəbulunu tibb bacısı T.Dadaşova həyata keçirir.
Digər məsələlərə gəldikdə, Qəbul otağı gözəl şəraiti, lazımi avadanlıqlarla təminatı ilə xoş təsir bağışlayırdı. «Qəbul jurnalı»nda xəstələrlə bağlı lazımi qeydlərin dəqiq aparıldığını, otaqda xeyli dərmanların olduğunu, stasionar xəstələrin müalicəsində pulsuz istifadə edilən preparatların siyahısının divardan asıldığını da nəzərə alsaq, burada vəziyyət ürəkaçan idi.
Sonra Kliniki laboratoriyaya baş çəkdik və burada da xüsusi səliqə-sahman, nizam-intizamla qarşılaşdıq. Gözəl şərait, müasir tibbi avadanlıqlar, soyuducularda reaktivlərin çoxluğu və onların hər birinin istifadəyə yararlı olması, eləcə də sanitar-gigiyena qaydalarına yüksək səviyyədə əməl edilməsi burada hər şeyin öz qaydasında olduğundan xəbər verirdi.
İndi isə xəstəxananın Daxili aptekindəyik. Səkkiz il əvvəlkindən fərqli olaraq, burada indi başqa ab-hava var idi. Araşdırma zamanı bizi müşayiət edən baş tibb bacısı Afət Ağaməmmədovanın rəhbərlik elədiyi aptekdə şərait yüksək səviyyədə olmaqla bərabər, dərman ehtiyatı da çox idi. Əczaxana kondisioner, termometr, hiqrometr, əczaçılıq soyuducusu və narkotik preparatları saxlamaq üçün dəmir seyflə də təchiz olunmuşdu. Şöbələrin dərman vasitələri ilə vaxtlı-vaxtında təmin edilib-edilməməsi ilə də maraqlandıq. Müvafiq sənədlər təsdiq edirdi ki, bu baxımdan heç bir problem yoxdur. Amma hər halda, bir qədər sonra xəstələrin də bu məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışacağıq.
Bu dəfə qida blokuna baş çəkib, yeməklə təminat məsələsinə diqqət yetirdik. Məlum oldu ki, mətbəx mərkəzləşmiş qaydada fəaliyyət göstərir. Belə ki, 19 nömrəli BŞX ilə yanaşı, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən 9 və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarını, 4 nömrəli Doğum Evini, 6 nömrəli Uşaq Somatik Sanatoriyasını və 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanasını da yeməklə bu mətbəx təmin edir.
Sahə rəisi Azər Rüstəmov təsdiq olunmuş menyunu təqdim edərək, həmin gün sözügedən 6 xəstəxana üzrə ümumilikdə 109 nəfər xəstəyə səhər və nahar yeməkləri verildiyini, axşam yeməyini hazırlamaq üçün isə xəstələrin sayının əks olunduğu tələbnamələri gözlədiklərini bildirdi.
O ki qaldı digər məsələlərə, mətbəxdə səliqə-sahman hökm sürürdü, bütün işçilər şəxsi gigiyena qaydalarına riayət etməklə yanaşı, tibbi müayinədən də keçmişdilər. Baş verə biləcək zəhərlənmə və sair hallara qarşı tədbirli olmaq məqsədilə yeməklərdən nümunələrin saxlanıldığını da gördükdən sonra, keçdik ərzaq anbarına. Qeyd edək ki, elə ərzaq anbarı da həm şəraiti, həm məhsulların bolluğu, həm də onların saxlanmasına xüsusi diqqət yetirilməsi ilə bizdə xoş təəssürat yaratdı.
Beləcə, 19 nömrəli BŞX-da elə bir nöqsana rast gəlmədik. Amma, təbii ki, əsas söz sahibi xəstələrdir. Görəsən, sözügedən tibb ocağı barədə onlar hansı fikirdədirlər? Məsələyə aydınlıq gətirmək üçün üz tutduq palatalara.
Öncə Cərrahiyyə şöbəsində söhbət elədiyimiz xəstəni dinləyək: «Gördüyünüz kimi, şərait yaxşıdır. Çox razıyam, sağ olsunlar ki, Lökbatanda belə gözəl xəstəxana yaradıblar. Həkimlərdən də heç bir narazılığım yoxdur. Dava-dərmanımızı da, yeməyimizi də necə lazımdırsa, verirlər».
Bu da Terapiya şöbəsində söhbət elədiyimiz pasiyentin fikirləri: «Vallah, heç nədən narahatçılığımız yoxdur. Bir həftəyə yaxındır buradayam, çox yaxşı baxırlar. Dava-dərman dalınca da bizi ora-bura göndərmirlər, hamısını özləri verirlər. Yeməkləri də ki lap elə bil öz evimizdəki kimidir».
Araşdırma zamanı bu səhiyyə müəssisəsində sanitar-gigiyenik normalara lazımi səviyyədə əməl olunub-olunmamasına da diqqət yetirdik. Xəstəxana əsaslı təmir olunduğu üçün şərait baxımından vəziyyət ideal səviyyədədir. Bununla yanaşı, hər tərəfdə təmizlik, səliqə-sahman nəzərə çarpırdı. Konkret olaraq sterilizasiya məsələsinə gəldikdə isə, bütün şöbələrdə xüsusi nizam-intizam var idi. Sterilizasiya jurnallarında qeydiyyat işləri dəqiq aparılmış, bikslər qaydalara uyğun markalanmışdı. Tibbi tullantıların yığıldığı təhlükəsizlik qutularının müvafiq aktlara əsasən utilizasiyası da təsdiq edirdi ki, burada sanitar-gigiyenik tələblərə əməl olunur.
Beləliklə, daha bir araşdırmamızın sonuna gəldik. Yekun olaraq qeyd edək ki, bir neçə il öncə hamının gileyləndiyi 19 nömrəli BŞX-dan bu gün hər kəsin ağızdolusu razılıq eləməsi Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etdiyinin, Səhiyyə Nazirliyinin apardığı əsaslı islahatların artıq öz bəhrəsini verdiyinin daha bir bariz nümunəsidir.
Q.NURİYEV